Yaşar Bəşirov: Yığma komandamız İslamiadada növbəti qələbəni qazanmaq əzmindədir

IV İslam Həmrəyliyi Oyunlarında medal ümidlərindən söz açarkən, məmnuniyyətlə, bütün dünyada, eləcə də Azərbaycanda populyar olan Şərq əlbəyaxa döyüş növü karate üzrə gözləntilərimizi dilə gətiririk.

İslam Həmrəyliyi Oyunları tarixində ən yüksək nəticə qazanan komandalardan biri karate yığmamız olub. 2005-ci ildə Səudiyyə Ərəbistanında 14 idman növü üzrə keçirilən I İslam Həmrəyliyi Oyunlarında qazandığımız 15 medalın 4-ü (1 qızıl, 2 gümüş, 1 bürünc) məhz karateçilərimizin payına düşmüşdü. İndoneziyanın Palembanq şəhərində keçirilən III İslam Həmrəyliyi Oyunlarında isə Azərbaycan komandasının qazandığı 6 qızıl medaldan 3-nü məhz bu idman növü üzrə əldə etdik.

Qeyd edək ki, paytaxt Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında da karate ustalarımızın yüksək nailiyyətlər əldə etmələri üçün əsaslı zəmin var. Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovla görüşüb əsas medal ümidlərimizdən olan karateçilərimizin IV İslamiadaya hazırlığı ilə maraqlandıq.

– Yaşar müəllim, I və III islamiadalarda karate yığmamız böyük nailiyyətlər əldə edib. Həmin yarışlarda yığmamızın iştirakı ilə bağlı hansı nüansları qeyd edərdiniz?

– Müsəlman ölkələrində karate populyar idman növlərindən biridir və onlar dünyada ən ciddi rəqiblər kimi tanınırlar. Azərbaycan karateçiləri İslamiada tarixində 3-cü dəfə Oyunlarda iştirak edəcəklər. Komandamız analoji yarışların ikisini də böyük uğurla başa vurub. İlk İslam Həmrəyliyi Oyunlarında yığmamıza yeganə qızıl medalı Ceyhun Ağasiyev qazandırdı. O, həmin vaxtadək 3 dəfə Avropa çempionu olmuşdu. Yəni zəif idmançı deyildi. Onu da qeyd edim ki, o Rafaellə eyni vaxtda idmana gəlmişdi. Onların ikisi də 2005-ci ildə qitə çempionatının qızıl medalına layiq görülmüşdülər. Rafaelin də I İslamiadada qızıl medal alması üçün potensialı yetərincə idi. Lakin hakim ədalətsizliyi ucbatından, yalnız bürünclə kifayətləndi.

Üçüncü Oyunlarda çıxışımız daha parlaq nəticələrlə yadda qaldı. İndoneziyada 3 qızıl medal qazandıq. Şəxsi yarışlarda Rafael Ağayev və Ayxan Mamayev çempion oldular. Finalda dünyanın ən güclü komandalarından sayılan, dünya çempionatının qalibi İran yığmasını yenərək qələbə çaldıq. Hazırda ən güclü rəqib komandalardan biri İran yığmasıdır. Beləliklə, III İslamiadada Azərbaycan komandasının qazandığı 6 qızıl medalın tən yarısı, 3-ü karateçilərimizin payına düşdü.  Prezident möhtərəm İlham Əliyev seçkilərə 3-4 gün qalmasına baxmayaraq, bizi qəbul etdi. Həmin vaxt ilk Avropa Oyunlarına iki il qalırdı. Biz tarixi Oyunlarda da yüksək səviyyədə çıxış etməyi qarşıya məqsəd qoymuşduq və qeyd etməliyəm ki, bu tapşırığın öhdəsindən layiqincə gəldik.

– Yeri gəlmişkən, ilk Avropa Oyunlarında karate yığmamızdan bu nəticələri gözləyirdinizmi?

– Azərbaycan yığması tarixi oyunlarda parlaq nailiyyətlərlə dünyaya səs saldı. Yığmamız yekun nəticəyə görə, Avropada II yeri tutdu. Karate yığmamız isə 6 (4 qızıl, 2 bürünc) medal qazandı. Komandamızın heyətində Firdovsi Fərzəliyev, Rafael Ağayev, Ayxan Mamayev, İrina Zaretska qızıl, İlahə Qasımova və Niyazi Əliyev isə bürünc medala layiq görüldülər. Bu nəticə ilə Avropanın 50 dövləti arasında birinci olduq. Düzdür, Avropa Oyunları üçün 1 qızıl, 1 gümüş, 2 bürünc medal proqnozlaşdırırdım. Amma komandanın potensialına da bələd idim və nəticələrin daha yaxşı olacağına ümid edirdim. İlk Avropa Oyunlarında bu qələbə bizim üçün gözlənilməz olmasa da, bu qədər yüksək nailiyyətlərə görə qürur hissi keçirdik.

– Karate yığmamızın IV İslamiadaya hazırlıq səviyyəsi ilə bağlı nə deyə bilərsiniz? Oyunlarda iştirak edəcək idmançılar hansı meyara əsasən seçilir?

– Komandamızın hazırlığı yüksək səviyyədədir və yığmamız İslamiadada növbəti qələbəsini qazanmaq əzmindədir.

Rafael Ağayevlə (-75 kq) Ayxan Mamayev (-84 kq) bugünlərdə Mərakeşin paytaxtı Rabatda keçirilən Karate 1 Premyer Liqasının qalibi olublar. Beynəlxalq reytinq xalları verən bu nüfuzlu yarışa 34 ölkədən 384 idmançı qatılmışdı. Əsasən İslam ölkələrinin idmançıları ilə görüşlər, karateçilərimiz üçün bir növ qarşıdakı 4-cü İslam Həmrəyliyi Oyunlarına sınaq yarışı olub.

Seçim reytinq əsasında aparılıb. Şübhəsiz, yalnız respublika çempionatlarındakı nəticə bizi qane etmir. İdmançı gərək formanı saxlasın. Yarışların yekunları əsasında yığılan bala görə reytinq üzrə güclüləri müəyyənləşdiririk. Mübahisəli məqamlar olarsa, yarışlar təşkil edib, güclüləri müəyyən edirik. Qeyd edim ki, hər çəkidə bir neçə güclü idmançımız var. Ümumiyyətlə, Avropa Oyunlarından sonra yığmanın tərkibində o qədər də böyük dəyişiklik olmayıb. Gənclərdən Fəridəni yığmaya cəlb etdik. Ümumiyyətlə, gənclər arasında potensiallı idmançılarımız çoxdur. Roman Heydərov MDB ölkələri arasında medal götürdü. 17 yaşlı karateçinin güclü potensialı var. Ondan da medal gözləyirik. Tural Balacanlı, Tural Ağalarzadə, Turqut Həsənov kimi gənc və perpektivli karateçilərimiz yetişir. Regionlarımızı ilk növbədə qeyd etmək istərdim. Sumqayıt və Gəncədən idmançılarımız var. Naxçıvanda ilk dəfə beynəlxalq turnir, Göygöldə regional beynəlxalq turnir keçirdik. Sumqayıtda böyük bir seminar təşkil etdik. Bütün bunlar regionlarda karatenin kütləviliyini artırmaq üçündür. Qeyd edim ki, İslam Oyunlarından 1 həftə qabaq 52-ci Avropa çempionatı keçiriləcək. Kişilərin ikinci nömrələri, qadınların isə birinci nömrələri bu yarışda qüvvələrini sınayacaqlar.

– Proqnoz verə bilər-sinizmi? Sizcə karate yığmamız neçə medal qazanacaq?

– Komandamızda 5 dəfə dünya çempionu Rafael Ağayev, ilk Avropa Oyunlarının qalibi, gənclər arasında Avropa və dünya çempionu, bu yaxınlarda Premyer Liqa yarışlarının çempionu olmuş İrina Zaretskaya, ilk Avropa Oyunlarının qalibi, Avropa və dünya çempionatlarının mükafatçısı, III İslamiadanın qalibi Ayxan Mamayev, 3 qat Avropa çempionu, III İslamiadanın qalibi və dünya çempionatının gümüş medalçısı Asiman Qurbanlı, Avropa və dünya çempionu, ilk Avropa Oyunlarının qalibi Firdovsi Fərzəliyev kimi adlı-sanlı karate ustaları yer alır. Çalışacağıq ki, heç olmasa 2-si qızıl olmaqla 4-5 medal qazanaq.

     Leyla QURBANOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında