Qədim bir əfsanədə belə deyilir: “Sum boz çöllərlə irəliləyirdi. Taqətinin qalmadığı addımlarından aşkar bilinirdi. Sum qəbilənin son ümidi idi: yaşayış məntəqəsinin yaxınlığında su hövzəsi tapmaq ona tapşırılmışdı. Amma səyləri hələ ki, bir nəticə vermirdi. Nəhayət, o bataqlıq və kiçik iynəyarpaqlı ağaclar arasından keçərək bir qayanın yanına yetişdi. Burada sifətinə dəniz havası toxundu. Elə bil, gəncin ruhu təzələndi. Sevincindən gözləri yaşardı. Sumun dodaqları sakitcə bu sözləri pıçıldadı:
– Xilas olduq! Ceyran bu günü görsəydi, heç tələf olmazdı”...
Ta o zamanlardan insanlar dənizin sahilinə köç elədilər. Yerin adı Sumqayıt oldu, yaxınlıqdakı gölə isə Ceyranbatan dedilər. Beləcə, bu gün Cənubi Qafqazın iri sənaye şəhəri olan Sumqayıt adı xəritələrə, salnamələrə düşdü. Zəhmət adamları burada əsl möcüzələr yaratdılar.
Son dövrlərdə Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycanın bütün şəhər və rayonlarında yeni parkların, xiyabanların, istirahət guşələrinin yaradılması, mövcud olanlarının isə əsaslı şəkildə yenidən qurulması üçün mühüm işlər görülür. Bu istiqamətdə reallaşdırılan ən mühüm layihələrdən biri də Sumqayıt Dənizkənarı Bulvar Kompleksinin yaradılmasıdır. Artıq bir ilə yaxındır ki, bu gözəl istirahət məkanı sakinlərin istifadəsindədir.
Sumqayıt həm də bir çox beynəlxalq yarışların, mötəbər tədbirlərin mərkəzinə çevrilib. Elə bir neçə gün əvvəl start götürən “Tour d’Azerbaidjan-2017” ənənəvi veloyarışının 19 ölkədən olan iştirakçıları ilk mərhələdə Bakı-Sumqayıt istiqamətində və gənclik şəhərinin daxilində son dərəcə maraqlı yürüş etmişlər. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş veloturun ilk yarış günündə velosipedçilər Dövlət Bayrağı Meydanından start götürməklə beş dövrə vurmuş və Sumqayıt Şəhər İcra Hakimiyyətinin qarşısında finiş xəttini keçmişlər. Bu, seyrçilərə əsl bayram sevinci yaşatmışdır.
Tezliklə ölkəmizdə start götürəcək IV İslam Həmrəyliyi Oyunlarının –İslamiadanın fərəhli həyəcanı, nəhayət, dünən Sumqayıta da gəlib çatdı. Azərbaycanın 15 bölgəsində baş tutan su səyahəti turu xalqımıza idman bayramı ovqatını bəxş etməklə bərabər, eyni zamanda, həmrəylik və sevinc hissini də nəsib edib.
Xatırladaq ki, Bakı – 2017 İslam Həmrəyliyi Oyunları 12-22 may tarixlərində Azərbaycanda keçiriləcək. Bu oyunlar İslam dünyasını birləşdirən maraqlı, multi-idman tədbiridir. Oyunların Təşkilat Komitəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanı ilə yaradılıb. Fərmana əsasən, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri təyin edilmişdir. Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi (AİHOƏK) İHİF ilə birgə Oyunları təşkil və tətbiq edəcək. Müsəlman ölkələrindən gələn idmançılar yarışın 10 günü ərzində öz ölkələrini 20 müxtəlif idman növü üzrə 23 kateqoriyada Bakıda yerləşən 16 müasir yarış meydanında təmsil edəcəklər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev aprelin 5-də “Xəzərdən başlayan səyahət”ə start verdi. İndi isə marşrutun sonuncu ünvanına qədəm qoyan səyahət, yenidən dünyanın quru ilə əhatə olunan ən böyük su hövzəsinə – Xəzər dənizinə qayıtdı. Bu əlamətdar günlə əlaqədar dünən səhər Xəzər dənizi ətrafında unudulmaz tədbir keçirildi.
Su mərasimi, futbol həvəskarı Səlim İmranlı, Prezident təqaüdçüsü, Əməkdar bədən tərbiyəsi və idman xadimi Məmməd Eyvazov və yunan-Roma güləşi üzrə gənclər arasında Avropa çempionu, Dünya kubokunun gümüş medalçısı Nofəl Babayev tərəfindən dənizdən səhəngə su doldurulması ilə nümayiş etdirildi. Su səhəngi axşam keçirilən Su festivalında təqdim etmək üçün götürüldü.
Daha sonra günorta saatlarında “Domestic Grassroots” proqramı çərçivəsində Sumqayıt İdman Olimpiya Kompleksində daha bir möhtəşəm layihə, “Sport joys – Regional idman tədbiri” həyata keçirildi. Bakı – 2017, 4-cü İslam Həmrəyliyi Oyunlarının təbliğatı və gənclərin idmana cəlb edilməsi məqsədilə həyata keçirilən tədbirdə təşkilatçılar çıxış etdilər. Tədbirin qonaqları arasında Bakı 2017, 4-cü İslam Həmrəyliyi Oyunlarının idmançı səfiri, ölkəmizin fəxri İlham Zəkiyev, Bakı-2017 – nin ulduz səfirləri və “Bu şəhərdə”nin tanınmış simaları Rəfael İsgəndərov, Coşqun Rəhimov, Müşviq Abbasov və
Bakı-2017-nin ulduz səfirləri Hacı Nuran Hüseynov da var idi. Tədbir iştirakçılara əyləncəli və rəngarəng anlar yaşatdı.
Mərasim axşam saatlarında Bayraq Meydanında keçirilən Su festivalı tədbiri ilə davam etdi. Tədbirə sərbəst giriş imkanı olan, müxtəlif yerlərdən gələn sakinlər “Mirvari” rəqs qrupu, Fəhmin Əhmədli, Leyla Məmmədova və Tünzalə Ağayevanın ifasından, möhtəşəm su effekti və atəşfəşanlıqdan zövq aldılar.
Eyni zamanda, tədbirdə 5 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin su mərasiminin başlanğıcında Xəzər dənizinin suyu ilə dolu olan Su səhəngini Sumqayıt sakinlərinə təhvil verməsi görüntüləri də əhaliyə təqdim olundu.
Möhtəşəm Su tədbirlərinin idman bayramına xüsusi rəng qatdığından bəhs edən yunan-Roma güləşi üzrə gənclər arasında Avropa çempionu, Dünya kubokunun gümüş medalçısı Nofəl Babayevin dedikləri: “Ölkəmizi təmsil edən hər bir idmançı bu vəzifənin məsuliyyətini hiss edir və əlbəttə ki, yarışlarda yalnız uğur qazanmağı düşünür, bunun üçün gərgin məşqlər edir. İstər idmançılar, istərsə də tamaşaçılar İslam Həmrəyliyi Oyunlarının dəyərlərini (birlik, hörmət, sülh və mükəmməllik) yüksək qiymətləndirməli və digər müsəlman ölkələrindən ölkəmizə təşrif buyuracaq hər kəsə bu dəyərləri təbliğ etməlidir.”
Azərbaycan ərazisini əhatə edən və “Xəzərdən başlayan səyahət” artıq başa çataraq 12 may tarixində Bakıda keçiriləcək açılış mərasiminin bir hissəsi olacaq. Xəzər dənizindən başlanan, 37 gün ərzində 3000 kilometrdən artıq məsafəni qət edən səyahət 15 bölgəni əhatə etmişdir.
Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin
bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.