Müsəlman aləminin zəfər yarışının startı anbaan yaxınlaşır. IV İslam Həmrəyliyi Oyunlarında dünyanın bütün müsəlman ölkələrinin ən güclü atletləri qüvvələrinə baxış keçirib, idmanın zirvəsinə yüksəlməyə çalışacaqlar. Bunların arasında ev sahibi, dünya idman aləminin ən nüfuzlularından sayılan Azərbaycan komandasının qələbə əzmini xüsusi qeyd etmək lazımdır. Yığmamız İslamiada startlarının ən güclülərindən biri kimi diqqət mərkəzindədir. Müsahibimiz IV İslam Həmrəyliyi Oyunlarının şef-de-missionu, Milli Olimpiya Komitəsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Anar Bağırov “Xalq qəzeti”nə müsahibəsində komandamızın heyətində ən güclü idmançıların yer aldığını və millimizin bu Oyunların qalibi olması üçün bütün şansların olduğunu qeyd etdi.
– Anar bəy, IV İslam Həmrəyliyi Oyunlarında artıq ayrı-ayrı idman növləri üzrə iştirak edəcək komandalarımızın heyətləri açıqlanıb. Millimizin İslamiada ərəfəsində hazırlığı necə gedir?
– Komanda heyətinin hazırlıq işləri davam edir. Oyunlarla bağlı federasiyalar, idman klubları, cəmiyyətləri, eləcə də məşqçi heyəti, hakimlərlə iş bir an da olsun səngiməyib. Komanda heyəti, onların Oyunlarda iştirakı, ümumiyyətlə, bütün məsələlər diqqət mərkəzindədir. Hər bir komandanın qrafikə uyğun hazırlığı davam edir. Onların məşqləri, qida və digər məsələlər yüksək səviyyədə həllini tapıb.
Oyunlarda 325 idmançımız qüvvəsini sınayacaq və yığmamız bildiyiniz kimi, ən böyük və deyərdim ki, ən güclü heyətə malik olan komandalardan biridir. İştirakçılarımız arasında Olimpiya Oyunlarının, dünya, Avropa çempionatlarının qalib və mükafatçıları var. Bəzi komandalarımız hazırda yarışlarda iştirak edirlər, qalanları təlim-məşqləri davam etdirirlər. Oyunlar ərəfəsində qitə çempionatlarında iştirak edən yığmalarımızdan xoş soraqlar eşidirik. Qadın güləşçimiz Mariya Stadnik bir neçə gün bundan əvvəl 6-cı dəfə Avropa çempionu oldu. Eyni zamanda, başqa növlərdə də Avropa çempionatları və digər nüfuzlu yarışlar keçirilir, komandamız getdikcə artan gücünü parlaq qələbələri ilə nümayiş etdirir.
– Millimiz Atletlər Kəndində son hazırlıqlarını keçəcək. Bununla bağlı hansı işlər görülür?
– Atletlər kəndi bu gündən rəsmi olaraq açılır və komandalarımızın burada yerləşdirilməsinə başlanılıb. Onlar təlim-məşqlərini kənddə davam etdirəcəklər. Düzdür, elə komandalarımız var ki, onlar yığmanın öz bazasında sona qədər təlim-məşqlər keçməyə qərar veriblər. Məsələn, cüdo komandamız son hazırlığı da öz bazasında keçirəcək. Amma həmin komandalar da Atletlər Kəndində yaşayacaqlar və onlar üçün yaradılmış hər bir şəraitdən istifadə edəcəklər. İdmançılarımızın qidalanması, yaşaması, son təlim-məşqləri, yarış yerlərinə vaxtında çatdırılması və sair diqqət mərkəzindədir. Atletlər Kəndində tibbi yardım məntəqəsi, yeməkxanalar, fitnes zalı və digər vacib şərait yaradılıb. Düzgün qidalanma, çəkisalma prosesi, yarışlardan öncə onların startlara hazırlanması, eyni zamanda psixoloji hazırlığı – bütün məsələlər nəzarətdədir. Bildiyiniz kimi, idmançılar üçün ibadət otaqları da yardılıb və atletlərimiz həm də ibadətlərini edə biləcəklər.
Mayın 11-də Atletlər Kəndində Azərbaycan bayrağının qaldırılması ilə bağlı mərasim keçiriləcək. Qaydalara görə təşkilatçı ölkə paraddan sonuncu keçir. Ona görə açılış mərasimində Olimpiya Stadionuna sonuncu Azərbaycan yığması daxil olacaq və fəxri tribunanın qarşısından keçəcək.
– Komandamızın bayrağını aparmaq kimi şərəfli missiyanın Rafael Ağayevə həvalə olunması qərara alınıb. Bu qərar dəyişə bilərmi?
– Rafael Ağayevin namizədliyi irəli sürülüb. Bildiyiniz kimi, o, Azərbaycan idmanı tarixində ən titullu atletlərimizdən biridir. 5 dəfə dünya, 10 dəfə Avropa çempionu olub. İlk Avropa Oyunlarının qalibidir. İslam Oyunlarının da favorit idmançısı hesab olunur və qələbə qazanacağına idman ictimaiyyəti əmindir. Belə bir idmançının Azərbaycan komandasının bayraqdarı olması yığma üzvlərinin qələbə ruhunu daha da artıracaq. Digər tərəfdən, karate Tokioda ilk dəfə təmsil olunacaq və bu mötəbər oyunlarda karateçilərimizdən, o cümlədən Rafaeldən gözləntilərimiz böyükdür. Komandanın bayraqdarı kimi, şərəfli, amma həm də çox məsuliyyətli bir işin öhdəsindən gəlmək, əlbəttə, gərgin səylər tələb edir. Bildiyiniz kimi, yarışların açılış mərasimi mayın 12-də olacaq və mayın 13-də isə istedadlı tatami ustası ilk yarışlara qatılacaq. Azərbaycan Prezidenti cənab İlham Əliyev, Milli Olimpiya Komitəsi bu qərarı təsdiqləsə Rafael Ağayev komandamızın bayrağını aparmaq şərəfinə nail olacaq.
– İlk Avropa Oyunlarında komandamız möhtəşəm qələbəyə imza atdı. IV İslam Həmrəyliyi Oyunlarında yığmamızdan hansı nəticələri gözləyə bilərik.
– 2015-ci ildə Bakıda keçirilmiş birinci Avropa Oyunlarında komandamız böyük qələbə
qazanaraq 56 medalla Rusiyadan sonra ikinci pillədə qərarlaşdı. 2016-cı ildə isə Azərbaycan yığması olimpiadalar tarixində ən böyük nailiyyətini əldə etdi, medal sayına görə dünyada 15-ci, MDB-də ikinci, Avropa dövlətləri arasında 7-ci, müsəlman ölkələri arasında isə 1-ci yeri tutdu. Yığmamızın hər bir üzvü qüvvəsindən maksimum istifadə etmək üçün üzərində səylə çalışır.
Bildiyiniz kimi, Azərbaycan Milli Olimpiya Komitəsi “Baku-2017” IV İslam Həmrəyliyi Oyunlarının keçirildiyi günlərdə yarışların qalibləri və mükafatçıları olan idmançılarımızın şərəfinə “Zəfər günləri” təşkil edəcək. Qeyd edim ki, belə bir tədbir Birinci Avropa Oyunları zamanı da keçirilmişdi və Oyunların qalibləri, eləcə də, mükafatçıları hər yarış gününün səhəri ailə üzvləri, dostlarının əhatəsində, idman ictimaiyyətinin nümayəndələrinin də qatıldığı təntənəli mərasimdə iştirak edir, fikirlərini KİV nümayəndələri ilə bölüşürdülər. “Zəfər günləri” layihəsi çərçivəsində, bu ənənəni davam etdirərək, İslamiadada yüksək səviyyədə çıxış edəcək idmançılarımızla görüşlər təşkil edəcək, onları ictimaiyyətə yaxından tanıdacağıq. Atletlərimiz qələbə ruhuna kökləniblər. IV İslam Həmrəyliyi Oyunlarında hədəf qalib olmaqdır.
Leyla Qurbanova,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.