“Naxçıvan-2017” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib

Mayın 3-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Naxçıvan-2017” Beynəlxalq Şahmat Festivalının açılışı olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov, Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlümjinov və Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov tədbirdə iştirak etmişlər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Naxçıvan-2017” Beynəlxalq Şahmat Festivalının öz işinə başlaması münasibətilə bütün iştirakçıları təbrik etmiş, şahmatçıları və qonaqları salamlayaraq demişdir: “Hər il Naxçıvanda keçirilən beynəlxalq şahmat festivalı və digər şahmat yarışları şahmatın inkişafında, bu sahədə gənc istedadların yetişməsində böyük rola malikdir. Biz xüsusilə Beynəlxalq Şahmat Festivalının işinə mühüm əhəmiyyət veririk. Bu mötəbər və ənənəvi yarışa göstərilən böyük maraq, iştirakçı zəka sahiblərinin sayının hər il artması haqlı olaraq Naxçıvanı özünəməxsus şahmat mərkəzinə çevirmişdir”.

Ali Məclisin sədri dəvəti qəbul edib “Naxçıvan-2017” Beynəlxalq Şahmat Festivalında iştirak etdiklərinə görə şahmatçılara və qonaqlara təşəkkürünü bildirmiş, yarışların sağlam rəqabət və idman mübarizəsi şəraitində keçəcəyinə əminliyini ifadə etmiş, şahmatçılara qələbə arzulamış və festivalı açıq elan etmişdir.

Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlümjinov çıxış edərək demişdir: “Azərbaycanda şahmatın qədim tarixi və ənənələri vardır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev şahmatın inkişafına böyük qayğı göstərmişdir. Bu siyasəti Azərbaycan Prezidenti İlham Əliyev də davam etdirir. Cənab İlham Əliyevin sərəncamı ilə dünyada ilk dəfə olaraq Azərbaycanda şahmatın inkişafı ilə bağlı xüsusi Dövlət Proqramının qəbul edilərək həyata keçirilməsi Beynəlxalq Şahmat Federasiyasına üzv olan ölkələr üçün nümunədir.”

Kirsan İlümjinov şahmatın inkişafına göstərdiyi qayğıya və yaradılan şəraitə görə Beynəlxalq Şahmat Federasiyası adından Ali Məclisin sədrinə minnətdarlıq etmişdir.

Sonra Kirsan İlümjinov Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Vüqar Səfərova “Beynəlxalq təşkilatçı”, şahmat üzrə məşqçi-müəllim Toğrul Həsənzadəyə isə “Beynəlxalq usta” diplom və döş nişanlarını təqdim etmişdir.

Azərbaycan Respublikası gənclər və idman naziri Azad Rəhimov çıxış edərək demişdir ki, hər il Naxçıvanda ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş beynəlxalq şahmat festivalının keçirilməsi və festivalda reytinqli şahmatçıların iştirakı yarışların əhəmiyyətini daha da artırır.

Tədbirdə çıxış edən Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov diqqətə çatdırmışdır ki, Naxçıvan Muxtar Respublikasında da şahmatın inkişafı sahəsində görülən işlər, müasir maddi-texniki və tədris bazasının yaradılması, gənclərin idmanın bu növünə marağının ilbəil artması və istedadlı şahmatçıların yetişməsi böyük məmnunluq doğurur.

Beynəlxalq dərəcəli hakim, şahmat festivalının baş hakimi Faiq Həsənov Naxçıvanda şahmat üzrə beynəlxalq yarışların uğurla keçirildiyini bildirmiş, “Naxçıvan-2017” Beynəlxalq Şahmat Festivalının əhəmiyyətindən danışmışdır.

Sonra şahmat festivalının püşkü atılmışdır.

“Naxçıvan-2017” Beynəlxalq Şahmat Festivalında 10 ölkədən 300-dən artıq şahmatçı iştirak edir. İsveçrə sistemi üzrə keçiriləcək festivalda iştirak edən şahmatçılar arasında 16 beynəlxalq qrossmeyster və 17 beynəlxalq şahmat ustası var.

Tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının kollektivi konsert proqramı ilə çıxış etmişdir.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında