Boksçular döyüşə hazırdırlar

Azərbaycan milli komandasının baş məşqçisi Leonid Loivski IV İslam Həmrəyliyi Oyunlarının boks turnirində ölkəmizin şərəfini qoruyacaq heyəti açıqlamışdır. Mayın 12-dən 18-dək “Kristal Zal”da keçiriləcək yarışda respublikamızı təmsil etmək hüququnu Rüfət Hüseynov (49 kq), Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Elvin İsayev (64 kq), Tamerlan Abdullayev (69 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov (81 kq), Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) qazanmışlar.

Bu adlar boks həvəskarlarımıza yaxşı tanışdır.  İslam Həmrəyliyi Oyunlarının iştirakçısı olmaq kimi yüksək etimad göstərilmiş dəri əlcək ustalarımızın bir çoxu beynəlxalq rinqdə adlı-sanlı rəqiblərlə gərgin mübarizədə özlərini ən yaxşı cəhətdən göstərib Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında, birinci Avropa Oyunlarında və digər mötəbər yarışlarda medal qazanmağı, fəxri kürsüyə yüksəlməyi, Azərbaycanı sevindirməyi bacarmışdır.

Ölkəmizin idman ictimaiyyəti Kamran Şahsuvarlının ötən il Rio-de-Janeyroda XXXI Yay Olimpiya Oyunlarında çoxlarını təəccübləndirərək bürünc medal qazandığını, Teymur Məmmədovla Məhəmmədrəsul Məcidovun London Olimpiadası–2012-nin üçüncü mükafatçısı olduqlarını unutmayıb. Dünya çempionu Cavid Çələbiyev də yüksək nüfuz sahibidir.

İndiki heyətdən Avropa Oyunlarında çıxış etmiş T. Məmmədov tarixdə ilk dəfə keçirilən yarışın çempionu olmuş, T. Əliyev və M. Məcidov bürünc medal qazanmışdılar. İndi isə onlar və komanda yoldaşları adlarını IV İslam Həmrəyliyi Oyunlarının qalibləri siyahısına yazdırmaq əzmindədirlər. Azərbaycanın ən yaxşı rinq ustalarının başa çatmaqda olan son təlim- məşq toplanışı və gərgin məşqləri də doğma rinqdə məşqçilərin etimadını doğruldub ölkəmizə İslamiadada mümkün qədər çox medal qazandırmağa yönəldilmişdir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında