“Bakı 2017” ümumxalq Su səyahəti turu Qaradağa yetişdi

Xəzər dənizindən start götürən “Bakı 2017” ümumxalq Su səyahəti Qaradağa yetişdi. Azərbaycanın 15 bölgəsində baş tutacaq bu tur xalqımıza idman bayramı əhval-ruhiyyəsini bəxş etməklə bərabər, həmrəylik və sevinc hissləri də nəsib edəcək.

Bu əlamətdar günlə əlaqədar əvvəlcə Masazır gölü ətrafında tədbir keçirildi. Abşerondakı Masazır gölü dünyada səkkiz “çəhrayı göl”dən biri hesab olunur. Onun qeyri-adi rəngi suda və duzun tərkibində yaşayan mikroorqanizmlərlə izah olunur.

Su mərasimi şahmat və rəsm həvəskarı Mirəkrəm Bağırlı, karate üzrə dünya və Avropa çempionatlarının qızıl medal mükafatçısı Sədi Namazov və boks üzrə dünya çempionatının qızıl medal mükafatçısı Fərhad Acalov tərəfindən göldən səhəngə su doldurulması ilə başladı.  Daha sonra su səhəngi axşam keçirilən Su festivalında təqdim edildi. Qeyd edək ki, Bakıdan səyahətə başlayan səhəng 12 may tarixində Bakı Olimpiya Stadionunda baş tutacaq İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminin bir hissəsi olacaq.

Günorta saatlarında “Domestic Grassroots” proqramı çərçivəsində “Neftçi İdman Klubu” İctimai Birliyinin “Qaradağ” idman təlim bazasında daha bir möhtəşəm layihə - “Sport joys – Regional idman tədbiri” həyata keçirildi. “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının təbliğatı və gənclərin idmana cəlb edilməsi məqsədi ilə həyata keçirilən tədbirdə müxtəlif idman müsabiqələri təşkil olundu. Tədbirin qonaqları arasında IV İslam Həmrəyliyi Oyunlarının ulduz səfirləri və “Bu şəhərdə”-nin tanınmış simaları Rafael İsgəndərov, Coşqun Rəhimov, Müşfiq Abbasov və “Bakı 2017” oyunlarının ulduz səfiri Hacı Nuran da var idi. Tədbir iştirakçılara əyləncəli və rəngarəng anlar yaşatdı.

Mərasim axşam saatlarında Qaradağ rayonundakı Heydər Əliyev Parkında keçirilən Su festivalı tədbiri ilə davam etdi. Tədbirə sərbəst giriş imkanı olan region sakinləri “Mirvari” rəqs qrupu, Aşıq Əli və Aşıq Samirə, Azərbaycan Ritmləri Mahnı və Rəqs Ansamblının ifasından, möhtəşəm su effekti və atəşfəşanlıqdan zövq aldılar.

Eyni zamanda, tədbirdə 5 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Su mərasiminin başlanğıcında Xəzər dənizinin suyu ilə dolu olan su səhəngini Qaradağ sakinlərinə təhvil verməsi görüntüləri də əhaliyə təqdim olundu.

Möhtəşəm Su tədbirlərinin idman bayramına xüsusi rəng qatmasından bəhs edən boks üzrə dünya çempionatının qızıl medal mükafatçısı Fərhad Acalov demişdir: “Bu tədbir həm idman, həm də birlik, tolerantlıq dəyərlərini özündə daşıyan ictimai tədbirdir. Tədbirin bir hissəsi olduğuma görə qürur duyuram”.

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında