Məğlubedilməz çempion

İslam Həmrəyliyi Oyunlarının güləş yarışlarında Azərbaycan komandasında qızıl medallara ən real namizədlərdən biri olan Mariya Stadnik İslamiada ərəfəsində daha bir böyük hünər göstərmiş, Serbiyanın Novi Sad şəhərində keçirilən Avropa çempionatında fəxri kürsünün zirvəsində təbrikləri qəbul etmişdir.

Özü də güləşçimiz 48 kq çəki dərəcəsində keçirdiyi bütün görüşlərdə tam üstünlüklə qalib gəlmişdir. Polşalı Anna Lukasiak, Türkiyə idmançısı Evin Demirçan, Rumıniya  güləşçisi Emiliya Vuç, finalda isə İlena Semkiv (Ukrayna) Stadnikə, demək olar, heç bir müqavimət göstərə bilməmişlər. Nəticədə bütün görüşlərdə Azərbaycan güləşçisinin xeyrinə böyük hesab qeydə alınmışdır.

Finalda cəmi 1 dəqiqə 55 saniyə ərzində qazanılan qələbədən sonra Mariya Stadnik altıncı dəfə Avropa çempionatında ən yüksək zirvəni fəth etmiş və öz zəngin mükafatlar kolleksiyasına növbəti qızıl  medal  əlavə etmişdir.

Olimpiya oyunlarının üçqat mükafatçısı, dünya və Avropa çempionatlarının, “Qran-pri”lərin və digər mötəbər yarışların dəfələrlə qalib və mükafatçısı olmuş Mariya ­Stadnik çox güman ki, tezliklə daha bir mötəbər idman hadisəsinin qəhrəmanı kimi IV İslam Həmrəyliyi Oyunlarının da qızıl medalına sevinəcək. Onun İslamiada ərəfəsində Avropa çempionatında qələbəsi inamlı oldu. Birinci Avropa Oyunlarının çempionuna İslam Həmrəyliyi Oyunlarının qızıl medalı da çox yaraşar.

Novi Sadda Avropa çempionatının birinci günü mübarizəyə qoşulan digər üç güləşçimizdən daha ikisi qaliblərin mükafatlandırılması mərasimində fəxri kürsüyə dəvət olunmuşdur. Georgi Edişeraşvili (57 kq) Belarus, Fransa və Rusiya idmançılarına qalib gəldikdən sonra finalda rumın Andrey Dukovu da məğlubiyyətə uğradıb çempion adı qazanmış, Aleksandr Qostiyev (86 kq) isə yalnız finalda rusiyalı Dauren Kuruqliyevə uduzub çempionatı gümüş medalla başa vurmuşdur.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında