“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahəti mayın 1-də Azərbaycanın tolerantlıq və multikulturalizm mərkəzi olan qədim Qubada davam edib.
Axşam saatlarında Quba Meydanında möhtəşəm su festivalı keçirilib. Tədbiri minlərlə qubalı və şəhərin qonaqları izləyib.
Festivalın əvvəlində iştirakçılara “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları haqqında məlumat verilərək bildirilib ki, 50-dən çox İslam ölkəsinin atleti idmanın 20 müxtəlif növü üzrə 10 gündən artıq müddətdə yarışlarda mübarizə aparacaqlar. Mayın 12-dən 22-dək davam edəcək yarışlar Bakının ən müasir 16 idman meydançasında təşkil olunacaq. İslam Həmrəyliyi Oyunlarının təşkilinin əsas məqsədi İslam ölkələri arasında həmrəylik və əməkdaşlıq ruhunun möhkəmləndirilməsi və müsəlman gəncləri arasında əlaqələrin inkişaf etdirilməsidir.
Daha sonra festival iştirakçıları “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının su səyahətinin başlanması, Prezident İlham Əliyevin su mərasiminin başlanğıcında Xəzər dənizinin suyu ilə dolu olan səhəngi qubalı uşağa təhvil verməsi görüntülərini izləyiblər. Xəzər dənizindən götürülmüş suyun keçdiyi səyahət yoluna, o cümlədən Quba mərhələsinə nəzər salınıb.
Görüntüləri izlədikdən sonra su qabını daşıyan ağırlıqqaldırma üzrə respublika çempionu Famil Mikayılov, kikboksinq üzrə dünya çempionatının gümüş medalçısı Fərid Həmzəyev, şahmat və rəsm həvəskarı Günel Qonaqova səhnəyə dəvət olunublar.
“Mirvari”, “Şərq inciləri” rəqs qruplarının, müğənnilər Sevil Rəcəbova və İbrahim Qubalının çıxışları tamaşaçıların ürəyincə olub. Festival möhtəşəm su effekti və atəşfəşanlıqla başa çatıb.
Xəzərdən başlayan su səyahətinin növbəti dayanacağı mayın 3-də paytaxtın Qaradağ rayonu olacaq.
Xatırladaq ki, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin Quba mərhələsinə mayın 1-də Afurca şəlaləsindən suyun götürülməsi ilə start verilib.
Ölkənin ən məşhur şəlalələrindən sayılan Afurca rayonun cənubunda yerləşir. O, təbiətin yaratdığı ən gözəl abidələrdən biri hesab olunur. Təxminən 60 metr hündürlükdən axan şəlalə geoloji təbiət abidəsi kimi qeydə alınıb və dövlət tərəfindən qorunur.
Ağırlıqqaldırma üzrə respublika çempionu Famil Mikayılov, kikboksinq üzrə dünya çempionatının gümüş medalçısı Fərid Həmzəyev, şahmat və rəsm həvəskarı Günel Qonaqova “Bakı-2017”nin misdən hazırlanmış səhəngini şəlalədən axan su ilə dolduraraq Quba Meydanında keçiriləcək su festivalına yola düşüblər. Bu su qabı mayın 12-də “Bakı-2017”nin açılış mərasimində nümayiş etdiriləcək.
Ağırlıqqaldırma üzrə respublika çempionu Famil Mikayılov möhtəşəm su tədbirlərinin idman bayramına xüsusi rəng qatdığını bildirib: “Biz hər kəsi Bakının ev sahibliyi edəcəyi möhtəşəm idman tədbirinə qatılmağa dəvət edirik. 190-dan çox idman sessiyasını izləmək və milli komandalarımıza azarkeşlik etmək, onlara dəstək vermək kimi inanılmaz fürsəti qaçırmayın!”
Sonra Quba Olimpiya İdman Kompleksində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına daxil edilmiş “Domestic Grassroots” proqramı çərçivəsində regional idman tədbiri keçirilib. Məktəblilər arasında təşkil olunan müxtəlif idman müsabiqələrində 5 məktəbdən 50-si qız, 50-si oğlan olmaqla, 100 şagird iştirak edib.
Tədbirdə Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Yusif Abidov, layihə rəhbəri Ülviyyə Əkbərova, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının ulduz səfirləri və “Bu şəhərdə”nin tanınmış simaları Rəfael İsgəndərov, Coşqun Rəhimov, Müşfiq Abbasov, həmçinin Hacı Nuran çıxış edərək, bu ay Bakıda keçiriləcək mötəbər yarışların əhəmiyyətindən danışıb, məktəblilərə uğurlar arzulayıblar.
Daha sonra müsabiqəyə start verilib. Məktəblilər idmanın müxtəlif növləri üzrə qüvvələrini sınayıblar. Musiqili-əyləncəli idman tədbiri iştirakçılara xoş anlar yaşadıb. Qaliblərə Əməliyyat Komitəsi tərəfindən hazırlanmış kubok, sertifikat, məlumat kitabçaları, qalib komandaya isə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə biletlər təqdim olunub.
AZƏRTAC
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.