Aysuluu Tınıbekovanı Bakıya gətirən zəfər yolu

Dördüncü  İslam Həmrəyliyi Oyunlarında   Qırğızıstan yığma komandasını təmsil edəcək  70 idmançı arasında üç qadın güləşçi də olacaq. Bunlar  Aysuluu Tınıbekova (58 kq), Meerim Cumanazarova (69 kq) və Aypəri Mədətqızıdır (75 kq). Yerli KİV-in yaydığı xəbərə görə, onlar məşqçi Nurbek İzabekovun rəhbərliyi ilə məsul yarışa səylə hazırlaşırlar.

Hər üç güləşçi gənc olsalar da, bir sıra uğurlar qazanıblar. Aysuluu Tınıbekovanı xüsusi qeyd etmək olar. Qırğızıstanda müxtəlif  yarışlarda  qalib adını qazanmış Aysuluunun beynəlxalq arenada da uğurları az deyil. 2012-ci il London Olimpiya Oyunlarının iştirakçısı və dəfələrlə  beynəlxalq  turnirlərin qalibi olan  Tınıbekova 2013-cü ildə Asiya çempionatında bürünc, bir il sonra  gümüş medal qazanıb. O, pərəstişkarlarını  Kazanda  Ümumdünya Universiadasında,   Cənubi Koreyanın İnçxon şəhərində  keçirilmiş  XIV Asiya Oyunlarında  bürünc  medallarla  sevindirib.

Aysuluunun ən böyük uğuru isə 2016-cı ilə təsadüf edib.  Ötən il o, Banqkokda keçirilən Asiya çempionatında  qalib gələrək qızıl medal qazanıb. 

Sadə  qırğız qızının uğur hekayəsinin tarixçəsi də diqqət çəkir. Belə ki,  uşaqlıqdan karate və taekvondoya həvəs göstərsə də, doğulduğu kənddə  idmanın bu növləri  ilə məşğul olmağa şərait yox idi.  Müsahibələrindən birində  bu barədə belə deyib:  “ ... Ona görə də oğlanlarla basketbol, ya da futbol oynamalı olurdum.  Qadın güləşini  isə 10-cu sinifdə öyrəndim. Bir dəfə  sərbəst güləşlə məşğul olan sinif yoldaşım  təklif etdi ki, onunla Narın şəhərində  qızlar arasında  keçiriləcək yarışa gedim.  Razılaşdım. Heç bir qayda və texnika bilmirdim. Ancaq xalça üzərinə çıxarkən hiss etdim ki, qəlbimdə güləşə həvəs oyandı. Və mən qalib gəldim...”

Elə bu qalibiyyət onun taleyində dönüş nöqtəsi oldu. İndi isə  Aysuluu  IV İslam Həmrəyliyi Oyunlarında da vətəni Qırğızıstanın bayrağını yüksəklərə  ucaltmaq əzmindədir.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında