Azərbaycan Milli Olimpiya Komitəsi və Cüdo Federasiyası icraiyyə komitələrinin üzvü, Əməkdar idman ustası, yaponların “Azərbaycan pələngi” adlandırdığı cüdoçu Nazim Hüseynovla IV İslam Həmrəyliyi Oyunları ərəfəsində ilə qarşıdakı mühüm yarış və idmançılarımızın hazırlığı barədə söhbət etdik.
– Nazim müəllim, öncə Olimpiya çempionu olduğunuz ilə kiçik ekskurs etməyiniz yaxşı olardı.
–Azərbaycanın dövlət müstəqilliyini bərpa etdiyi ilk illərdə bütün sahələrdə olduğu kimi, idman aləmində də problemlər yaranmışdı. Həmin dövrdə normal məşq etmək üçün bir o qədər də şərait yox idi. Bütün çətinliklərə baxmayaraq, məşqimizi davam etdirirdik. 1992-ci ildə beynəlxalq yarışlarda Azərbaycanın bayrağı altında iştirak etmək barədə xəbər eşitdik. Bu, hər birimizi ruhlandırdı. 1992- ci il iyulun 26-da Barselonada baş tutan XXV Yay Olimpiya Oyunlarının təntənəli açılış mərasimində üçrəngli Azərbaycan bayrağını mən apardım. Buna qədər Avropa çempionu olmuş, dünya birinciliyində isə bürünc medal qazanmışdım. Barselonada Azərbaycanın üçrəngli bayrağının arxasında ölkəmizin 5 idmançısı gedirdi. Bu, müstəqil Azərbaycan idmanı tarixində əlamətdar hadisə idi. Mən Olimpiya çempionu oldum, Barselonada Azərbaycanın bayrağı ən yüksəyə qaldırıldı və dövlət himnimiz səsləndirildi.
–İndi isə IV İslam Həmrəyliyi Oyunlarına sanılı günlər qalıb. Bu mötəbər yarışda idmançılarımızın yüksək yerlər tutacağına əminsinizmi?
– Əlbəttə inanıram. Bu gün Azərbaycan idmançıları dünyada tanınırlar. Ən mötəbər yarışlarda adlı-sanlı idmançılar bizim atletlərdən çəkinirlər. Bütün beynəlxalq turnirlərdən medallarla qayıdırıq. Bakıda keçirilən birinci Avropa Oyunlarını xatırlatmaq istərdim. Bu yarış bütövlükdə Azərbaycan idmanının təntənəsinə çevrildi. Dünyanın 50 ölkəsindən təxminən 6 min atletin qatıldığı birinci Avropa Oyunlarında Azərbaycan idmançıları 21 qızıl, 15 gümüş və 20 bürünc medal qazandı. Yarışlarda respublikamız Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, Ukrayna, Türkiyə kimi yüksək idman nailiyyətləri olan ölkələri geridə qoyaraq Rusiyadan sonra qitə ikincisi oldu.
Müstəqillik illərində Azərbaycan idmançılarının Olimpiya Oyunlarında da çıxışları uğurlu olub. Əgər Azərbaycan müstəqil ölkə kimi Atlantada bir, Sidneydə üç, Afinada beş, Pekində yeddi, Londonda 10 medal qazanmışdısa, Rio-2016 Olimpiya Oyunlarında medalların sayını 18-ə çatdırdı. Bu, həm də o deməkdir ki, Azərbaycan Olimpiya Oyunlarındakı rekordunu yeniləyib. Bütün bunlardan sonra IV İslam Həmrəyliyi Oyunlarında respublikamızın idmançılarının yüksək yerlər tutacağına heç bir şübhə ola bilməz.
– İdmançılarımızın cüdo növü üzrə qazandıqları uğurlar sizi qane edirmi? İdmanın bu növü üzrə üçrəngli bayrağımızı ən yüksəyə ilk dəfə qaldırmış və dövlət himnimizi səsləndirmisiniz.
– Son illər cüdoçularımız beynəlxalq turnirlərdə uğurla çıxış edirlər. Məndən sonra Elnurun da Olimpiya çempionu olması respublikamızda idmanın bu növünə marağı xeyli artırdı. Ondan sonra keçirilən beynəlxalq yarışlarda həmişə medal qazanmışıq. Bu yaxınlarda Polşanın paytaxtı Varşavada keçirilən cüdo üzrə Avropa çempionatında böyük uğura imza atmış Azərbaycan cüdoçuları 2 qızıl və 3 bürünc medal qazandılar. Medalların əyarına görə kişilərin komanda hesabında millimiz ikinci olmuşdur. Bu, çox böyük nailiyyətdir. İnanıram ki, cüdoçularımız IV İslam Həmrəyliyi Oyunlarında da böyük uğurlar qazanacaqlar.
– Bu mötəbər turnirə hazırlıq işlərini necə qiymətləndirirsiniz?
– Artıq beynəlxalq qurumların nümayəndələri bu nüfuzlu idman yarışına hazırlıq işlərinə çox yüksək qiymət veriblər. I Avropa Oyunlarına hazırlıq işlərini xatırlayırsınızmı? Bütün işlər elə yüksək səviyyədə aparılmışdı ki, II Oyunları keçirməyə hazırlaşan ölkə Azərbaycanın təcrübəsindən bəhrələnir. Əminəm ki, IV İslam Həmrəyliyi Oyunları da bu səviyyədə keçiriləcək. Bunun üçün ölkəmizdə hər cür şərait var. Hər iki nüfuzlu idman yarışının Təşkilat Komitəsinin sədri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevadır. İnanıram ki, bu dəfə də biz yüksək səviyyəli beynəlxalq idman yarışmasının şahidi olacağıq.
Müsahibəni qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.