Qalib olmaq üçün mübarizə aparacağıq

IV İslamiadada fəxri kürsüyə namizədlər sırasında təqdim edəcəyimiz 3 karateçi – birinci Avropa Oyunlarında Azərbaycan komandasına ilk medal qazandıran İlahə Qasımova (55 kq) və onun komanda yoldaşları,  Fəridə Abiyeva (61 kq) və Nuranə Əliyeva (50 kq) ötən il Fransanın Monpelye şəhərində keçirilmiş Avropa çempionatında böyük uğur qazanaraq karate tariximizdə qadınlar arasında komanda yarışında ilk dəfə qızıl medal qazanıblar.

Tərkibində İrina Zaretskanın da yer aldığı yığmamız ilk görüşdə Portuqaliyanı (7:1), sonra Rusiyanı (8:5) və daha sonra Finlandiyanı 6:3 hesabı ilə məğlub edərək, yarımfinala çıxıblar. Gərgin yarımfinal görüşündə komandamız güclü Türkiyə yığmasını məğlubiyyətə uğradaraq 7:4 hesablı qələbə ilə finala çıxıb. Həlledici rəqabətdə qitənin ən güclü və titullu komandalarından biri Xorvatiya yığması da komandamızın inamlı qələbəsinə mane ola bilməyib.

Ümumiyyətlə, qadın karateçilərimizin ötən il və builki yarışlarda uğurlu nəticələri onların müsəlman aləminin ən nüfuzlu idman tədbirində də yüksək səviyyədə çıxış etmələri üçün zəmin yaradır. IV İslamiadaya hazırlıq çərçivəsində keçirilən təlim-məşqlərdən sonra İlahə, Nuranə və Fəridə ilə görüşüb yarış ərəfəsində oxucularla fikirlərini bölüşmələrini xahiş etdik.

İlahə QASIMOVA:

İlk ən böyük nailiyyətimə birinci Avropa Oyunlarında sahib oldum. Doğma divarlar arasında keçirilən bu böyük yarışda əldə etdiyim bürünc medal mənim üçün çox əzizdir. Ondan sonra bir sıra yarışlarda medallar qazanmışam. Bildiyiniz kimi, karate Olimpiya Oyunlarının proqramına salınıb və bu məsuliyyətimizi daha da artırır. Qarşıda bizi 52-ci Avropa çempionatı və İslam Oyunları gözləyir. Fasiləsiz məşqlər gedir və bütün qüvvəmizi səfərbər edirik ki, hər iki yarışda uğurla çıxış edək. IV İslamiadada da rəqiblərimiz güclü olacaq. İlk Avropa Oyunlarında azarkeşlərimiz bizə güclü dəstək verirdilər. Əminəm ki, bu dəstəyi İslamiadada da görəcəyik.

Fəridə ABİYEVA:

IV İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil etmək şansı qarşımıza ciddi tələblər qoyur. Bizə bəslənilən etimadı doğrultmaq üçün üzərimizdə durmadan çalışırıq. Artıq Azərbaycan qadın karate yığması Avropa və dünyada öz sözünü deyib və bu mötəbər yarışda ev sahibi kimi də diqqət mərkəzində olacağıq. Tatamiyə qələbə üçün çıxacağam və məqsədimə çatmaq üçün sonacan mübarizə aparacağam. Əminəm ki, komandamız Bakıda keçiriləcək bu mötəbər yarışda da ölkəmizi layiqincə təmsil edəcək.

Nuranə ƏLİYEVA:

Əhval-ruhiyyəmiz yüksəkdir və təlim-məşqlərdə son hazırlıqları davam etdiririk. İslam Oyunları Bakıda keçirildiyi bizim üçün ikiqat əhəmiyyət kəsb edir. Komandamız bu Oyunlara yüksək səviyyədə hazırlaşıb. Qüvvəmizdən maksimum istifadə etmək üçün bütün səyləri toplayacağıq. İslamiadanın qalibi olmaq üçün mübarizə aparacağıq.   

L. QURBANOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında