Dünya güclü Azərbaycanı daha yaxından tanıyacaq

IV İslam Həmrəyliyi Oyunlarından bizi sayılı günlər ayırır. Azərbaycanın ev sahibliyi ilə baş tutacaq bu nüfuzlu yarışlarda dünyanın dörd qitəsindən 57 müsəlman dövlətinin təmsilçiləri qüvvələrini sınayacaqlar. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasovla görüşüb oyunlara hazırlıqla bağlı müsahibə aldıq. 

– Raqif müəllim, Azərbaycan İslam dünyasının ən nüfuzlu idman tədbirinə ev sahibliyi ərəfəsindədir. IV İslam Həmrəyliyi Oyunlarının beynəlxalq aləmdə rolunu, eləcə də ölkəmiz üçün əhəmiyyətini necə qiymətləndirərdiniz?

– Tarixən İslam mədəniyyətinin və elminin inkişafında mühüm rol oynayan Qoca Şərqin ən qədim məmləkəti Azərbaycan bu günlər şanlı tarixinə yeni səhifələr yazacaq. Mayın 12-dən 22-dək İslam dünyasının dostluq, birlik, həmrəylik naminə pənah gətirəcəyi paytaxt Bakı beynəlxalq aləmin ən böyük İslam və idman bayramının keçiriləcəyi məkana çevriləcək. Müsəlman ölkələrinin gəncləri həmin günlər sağlam rəqabət şəraitində ədalət uğrunda mübarizədə fəxri kürsüyə layiq olduqlarını sübut etmək üçün bütün səylərini birləşdirəcəklər. Çünki bu gənclərin hər biri öz ölkəsini fəxri kürsünün ən yüksək pilləsində görmək üçün Bakıya böyük ümidlərlə gələcək. Eyni zamanda, əsl hünər meydanında dost müsəlman ölkələri daha da həmrəy olub, bir-birinin qələbəsinə sevinəcəklər.

Paklıq,  təmizlik mücəssəməsi olan su İslam dünyasının vacib elementi olduğu üçün Oyunların rəmzi seçilib. Ölkəmizin bölgələrinə su səyahəti turu başlamışdır ki, bu da Azərbaycanın tanıdılması, təbliği istiqamətində böyük tədbirlərdən biridir. Oyunların rəmzləri, maskutları vasitəsilə dünyaya ilk mesajlar çatdırılıb. Maskutlar – İnci və Cəsur Qarabağ atlarının rəmzidir və hazırda işğal altında olan Qarabağa diqqət çəkib, bu rəmzlərlə müsəlman dünyasına çağırış edirik.

Azərbaycan və Oyunlarla bağlı dünya mətbuatında geniş məlumatların  verilməsi ölkə həqiqətlərinin dünyaya yayılması üçün gözəl fürsətdir. Qonaqların iştirakı ilə keçiriləcək tədbirlərdə reallıq və həqiqətlərin daha yaxından öyrənilməsi üçün geniş imkanlar yaranacaq. Onlar ölkəmizin iqtisadi göstəriciləri, bugünkü inkişafı və Azərbaycanın qoşulduğu, eləcə də  keçirilməsi nəzərdə tutulan böyük transmilli layihələrlə bağlı geniş məlumat alacaq, milli mətbəximiz, musiqiçimiz, adət-ənənəmiz, dəyərlərimiz, Azərbaycan vətəndaşının ailə institutu ilə daha yaxından tanış ola biləcəklər. Azərbaycan vətəndaşının bu cür tədbirlərə marağı böyükdür. Komandamıza ən yüksək səviyyədə dəstəyi də məhz, doğma azarkeşlərimiz verəcək.

Bu cür böyük tədbirlər ölkəmizin dünyaya daha da açıq olması üçün geniş şərait yaradır. İslam Həmrəyliyi Oyunlarından sonra “Formula-1” Azərbaycan Qran-prisi kimi daha bir nüfuzlu yarış paytaxtımızda təşkil ediləcək. Bu yarışların Azərbaycanda təbiətin ən gözəl vaxtlarında keçirilməsinin də xüsusi əhəmiyyəti var. Turist sahəsi üçün yeni fürsət açılır və turizmin ən kütləvi axın vaxtı olduğu üçün tədbirlər zamanı daha çox insanın ölkəmizə gələcəyi gözlənilir. Təbii ki, hər yarışın turist auditoriyası var. Şopinq festivalları, müxtəlif sahələrdə beynəlxalq konfransların bir-birini əvəz etməsi də ölkəmiz üçün yaxşı haldır və dünya mətbuatında Azərbaycan artıq ən qabaqcıl ölkələrdən biri kimi tam fərqli müstəvidə təqdim edilir.

İki il bundan əvvəl ölkəmiz ilk  Avropa Oyunlarının ev sahibi kimi, qoca qitənin sakinlərinə beləcə qucaq açmış, onlara böyük mübarizə meydanında hünər nümayiş etdirmək üçün geniş imkanlar yaratmışdı. Tarixi Oyunların yüksək səviyyədə təşkili ilə ölkəmiz Avropa Olimpiya hərəkatına əvəzsiz töhfələr vermişdir. Həmin günlər Avropalı gənclər bir araya gələrək, əsl bayram əhval-ruhiyyəsi  nümayiş etdirmiş, Bakıdan dünyaya “sağlam gələcək” mesajı vermişlər. Avropa Oyunları kimi, İslam Həmrəyliyi Oyunları da dünyanın nüfuzlu idman tədbirlərindən biridir və bu dəfə İslam ölkələrinin gəncləri Bakıdan beynəlxalq aləmə birlik, dostluq və həmrəylik mesajı verəcəklər.

– Ölkəmizdə 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan edilməsi ilə bağlı hansı məqamları qeyd edərdiniz? 

– Azərbaycan Prezidenti cənab İlham Əliyev 2017-ci ili ölkəmizdə “İslam Həmrəyliyi ili” elan edib və bu qərar təkcə ölkəmiz və müsəlman dünyası üçün deyil, eləcə də bəşəriyyət üçün böyük önəm kəsb edir. Ötən il isə ölkəmizdə “Multikulturalizm ili” elan edilmişdi və bu, dünya ölkələri arasında münasibətlərin möhkəmləndirilməsi istiqamətində atılmış əhəmiyyətli addımlardan biri idi.

 Müsəlman aləminin, eləcə də dünya dövlətlərinin həmrəylik və birlik nümayiş etdirməsi indiki zamanda çox vacibdir. Çünki birlik və dostluq çağırışları dünyamızı bədbəxtliklərə sürükləyən, dövlətlərin müstəqilliyinə xələl gətirən, minilliklər boyu əldə edilən ənənələrin,  nailiyyətlərin yox olmasına hesablanan siyasətlərə qarşı yönəlib. İslam həmrəyliyini möhkəmləndirmək, müxtəlif xalqların, millətlərin birliyinə nail olmaq kimi şərəfli missiyanın daşıyıcılarından biri olan Azərbaycanın İslam dininin dünyada daha yaxından tanıdılması, onun sülh, mərhəmət dini olması ilə bağlı gördüyü işlər miqyasını getdikcə genişləndirir. Ölkəmiz indiyə qədər xalqların bir-biri ilə dostluq və sülh şəraitində yaşamasının, bir-birinin adət-ənənələrinə, milli-mənəvi dəyərlərinə hörmətlə yanaşmasının vacibliyini nümayiş etdirib və bu nümunənin dünyada da bərqərar olmasına çalışır. İslam Həmrəyliyi Oyunları zamanı müxtəlif xalqların, millətlərin, etnik qrupların, ayrı-ayrı irqlərin nümayəndələri vahid məkanda bir araya gəlib həmrəylik nümayiş etdirməklə dünyaya da birlik mesajı verəcəklər.

– Azərbaycanın yarışlara hazırlığı ilə bağlı nə deyə bilərsiniz?

– Bildiyiniz kimi, Oyunlar paytaxtın mövcud idman qurğularında təşkil ediləcək. İlk Avropa Oyunlarından miras qalan idman qurğuları, zalları və stadionlar böyük təcrübə keçmiş məkan olaraq yarışlara hazırdır. İdman yarışlarının keçiriləcəyi məkanlar, Atletlər kəndi, millimizin hazırlığı yüksək səviyyədədir. Oyunlarda maksimum sayda - 57 ölkə əvvəlki Oyunlarla müqayisədə xeyli çox sayda - 20 idman növündə mübarizə aparacaq.

Açılış və bağlanış mərasimlərinin keçiriləcəyi Olimpiya stadionu, paytaxtın idman kompleksləri, həm yarış, həm təlim, həm də hazırlıq üçün cəlb olunacaq. Təhlükəsizliyin təminatı, ictimai nəqliyyat, qida məsələlərinə nəzarət, dini ibadət otaqlarının hazırlığı ilə bağlı görülmüş işlər, yarış günlərində iştirakçı və qonaqların həm də asudə vaxtlarını səmərəli keçirmələri üçün nəzərdə tutulan mədəni, kütləvi tədbirlər dövlət tərəfindən bu yarışlara verilən əhəmiyyətin nəticəsidir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə komissiya hazırlanıb və bu komissiyanın tərkibində ölkəmizin ev sahibliyi etdiyi tədbirlərdə təcrübə qazanmış nazirliklər çalışır və əminliklə deyə bilərik ki, açılış, bağlanış mərasimləri, ümumilikdə yarışlar yüksək səviyyədə keçəcək.

– Oyunlara hazırlıqla bağlı Baş İdarə tərəfindən hansı tədbirlər həyata keçirilir? 

– Bu mötəbər yarışlar zamanı bütün dünyanın diqqəti Azərbaycana yönələcək. Oyunlar zamanı ölkəmizə ayrı-ayrı qitələrdən müxtəlif dövlətlərin nümayəndə heyətinin tərkibində idmançı, məşqçi, hakim, Olimpiya komitələrinin nümayəndələri, eləcə də, dünyanın hər yerindən çoxlu qonaqlar gələcək.  Onların, həm də asudə vaxtlarının səmərəli təşkili üçün yarışdankənar vaxtlar üçün müxtəlif layihələr hazırlanır. Gənclər və İdman Nazirliyinin tapşırığı ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi də bir sıra layihələrə start verib. Tədbirlə bağlı fləşmoblarımız keçirildi. Oyunların təbliği məqsədilə paytaxtda müəyyən aksiyalar, elmi simpoziumlar, dəyirmi masalar təşkil edilir və bu tədbirlərdə İslam Həmrəyliyi Oyunlarının mahiyyəti haqqında geniş bəhs edilir. Onu da qeyd edim ki, İslam Oyunlarında təmsil olunmayan növlər də bu yarışlara dəstək nümayiş etdirir. Park Bulvarda kapoera idman növü üzrə gənc atletlərin nümunəvi çıxışları bu baxımdan xüsusi maraq doğurdu.

Yasamal rayonunda gənc rəssamlarımızın sərgi müsabiqələrini keçirməyi də planlaşdırırıq. Püşkatma vasitəsilə seçimlərə əsasən, gənc rəssamlar qısa zaman ərzində iştirakçı ölkələrin bayraqlarını çəkəcəklər. Həmin rəsmlərin yarışlar zamanı Atletlər kəndində iştirakçı ölkələrin nümayəndə heyətlərinə təqdim olunmasını nəzərdə tutmuşuq.

– Bu nüfuzlu idman tədbirində könüllülərin fəaliyyəti xüsusi əhəmiyyətə malikdir. IV İslamiadaya könüllülərimizin hazırlığı  ilə bağlı nə deyə bilərsiniz?

– Belə böyük tədbirlərdə könüllülər çox mühüm rol oynayırlar.

Könüllülüyün ən gözəl nümunəsini ilk Avropa Oyunlarında gördük. Yarış günlərində idmançı, turist və qonaqların xidmətində duran, onlara bu və ya digər suallarla bağlı yaxından kömək göstərən, şəhərimizdə özlərini rahat hiss etmələri üçün əllərindən gələn köməyi göstərən könüllülərimizin səmimiliyi, mehriban münasibətləri hamını valeh etmişdi. Onlar turistlər, xarici mütəxəssislərlə ünsiyyətdə olub, ölkəmizin tarixi, təbiəti, beynəlxalq tədbirlərin təşkilindəki təcrübəsi və görməli yerləri haqqında məlumat verirdilər. İslamiadanın təşkilində, ümumilikdə, 8 min könüllü iştirak edəcək. Bunların 70 faizi yeni, 30 faizi isə ilk Avropa Oyunlarında təcrübə toplamış könüllülərdir. Oyunların ən gənc könüllüsü 15 yaşlı məktəbli, ən yaşlısı isə 76 yaşlı təqaüdçüdür. Onlar arasında bütün bölgələrin təmsilçiləri var. Çünki bunların böyük bir hissəsi ali və orta ixtisas təhsili müəssisələrindən seçilib. Əminik ki, bu Oyunlarda könüllülərimiz bu şərəfli missiyanın öhdəsindən layiqincə gələcəklər.

– Yarışlarda komandamızın qazanacağı nailiyyətlər bizim üçün böyük əhəmiyyət kəsb edir. Yığmamızın şanslarını necə qiymətləndirirsiniz?

– Müsəlman ölkələrinin 3000-dən çox atleti 10 yarış günü ərzində, istər təkmübarizlik, istərsə də komanda idman növlərində gərgin rəqabət aparacaqlar. Oyunlarda 4 qitənin Olimpiya oyunlarının, dünya çempionatlarının qalib və mükafatçıları var. Burada İslam Oyunlarının yeni rekordlarını görəcəyik. İlk dəfə milli idman növümüz – zorxana kompleks yarışlarda təmsil olunur. Zorxana vaxtilə ölkəmizdə, xüsusilə  Gəncədə geniş yayılan və proqram şəklində inkişaf etdirilən ənənəvi idman növlərindən biri olmuşdur.

Təbii ki, milli yığmanın hər bir üzvü üçrəngli bayrağımızın ucaldılması, dövlət himninin səsləndirilməsi üçün böyük səylər göstərəcək. Azərbaycanın ev sahibliyi edəcək bu mötəbər yarışlarda doğma divarlar da idmançılara kömək etməlidir. 20 idman növü arasında ənənəvi idman növlərimiz var ki, onlar bu Oyunların proqramında yer alıb. Onların arasında təkmübarizlik idman növlərini xüsusi vurğulayardım. Güləş növündə yüksək nəticələr əldə ediləcəyinə ümidlərimiz böyükdür. Xanım idmançılarımızın voleybol komandasının ənənələri də güclüdür. Karate, uşu komandamız  dünya, Avropa çempionatlarında, beynəlxalq festivallarda daim yüksək nailiyyətlər qazanmışlar. Bu oyunlarda da ümidləri doğruldacaqlarına inanırıq.   Zorxana idman növümüzdə də qızıl medalların olmasını istərdik. Bu dediklərimizin təsdiqi olacaq ki, milli idman növümüzdə Azərbaycanın güclü idmançıları var. Futbol komanda idman növüdür. Baxmayaraq ki, rəqib yığmalar güclüdür. Ümidvarıq ki, məhz azarkeş kütləsinin ən çox cəmləşdiyi məhz bu idman növü olacaq. Su idman növündə də nəticələrimiz artır. Suyatullanma, su polosu komandamız yarışlara yüksək səviyyədə hazırlaşır. Bakı Şəhər Gənclər İdman Baş İdarəsi də məhz bu növ üzrə bir sıra təlim-məşqlər və yoldaşlıq görüşləri təşkil etmişdir. Güllə atıcılarımız, ağırlıqqaldıranlarımız da bizi sevindirəcəklər. Bilirsiniz ki, ağırlıqqaldırma üzrə yeni komandamız formalaşıb. Cüdo idman növündə nailiyyətləri də xüsusi qeyd edərdim. Xanım cüdoçularımızın yeni nəticələri var. Bir sıra beynəlxalq turnirlərdə öz sözlərini deyiblər. Cüdo üzrə son Avropa çempionatında iki qızıl medala sahib olduq. Boksda gözləntilərimiz var. Yığmada hər bir çəki dərəcəsində güclü boksçular var.

İlk İslam Həmrəyliyi Oyunlarında nümayəndə heyətinin tərkibində mən də yarışlarda iştirak edirdim və həmin Oyunlarda komandamızın tərkibini indiki ilə müqayisə edəndə idman sahəsində bu qədər böyük inkişafa nail olmağımız bizi hədsiz qürurlandırır. Birinci Oyunlarda komandamız ilk onluqda qərar tutmuşdu. İndoneziyada bu nəticələrimiz bir az da yaxşılaşdı. Ümidvarıq ki, budəfəki oyunlarda komandamız daha yüksək nəticə qazanacaq. Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, federasiyalarımız, klub və cəmiyyətlərimiz ötən illər ərzində bu sahənin inkişafı naminə gərgin səylər göstəriblər. Dövlətimizə, cənab İlham Əliyevə idman ictimaiyyətinin nümayəndələri adından təşəkkür edirik ki, dövlətimiz bu layihəyə dəstək verdi, İslam dünyasının bu böyük idman tədbirinin ölkəmizdə keçirilməsinə razılıq verdi. Bu tədbirdən sonra Azərbaycan dünyada güclü dövlət olaraq daha yaxından tanınacaq, ölkəmizin dostlarının sayı bir az da artacaq.

Leyla QURBANOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında