“Komandamız yüksək nəticə qazanmağa çalışacaq”

Ağır Atletika Federasiyasının baş katibi Rizvan Rəsulov  ağırlıqqaldırma komandasının hazırlığını yüksək qiymətləndirdi

IV İslam Həmrəyliyi Oyunlarının proqramında yer alan ağırlıqqaldırma idman növü üzrə yarışlar Oyunların açılış mərasiminin sabahı günü- mayın 13-də Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında start götürəcək və mayın 17-nə qədər davam edəcək. Birdən qaldırma və təkanla qaldırma üzrə yarışlarda kişilər və qadınlar hərəsi səkkiz çəki dərəcəsində mübarizə aparacaq. Bu, qadınlarda 48, 53, 58, 63, 69, 75, 90 və +90 kq, kişilərdə isə 56, 62, 69, 77, 85, 94, 105 və +105 kq çəki dərəcələridir.

Məlumat üçün bildirək ki, ağırlıqqaldıranlarımız 2005 və 2013-cü illərdə keçirilmiş analoji yarışların ikisində də güclərini sınamış, vətənə medallarla qayıtmışlar. Birinci İslam Həmrəyliyi Oyunlarında bu növ üzrə ölkəmizin idman şərəfini 6 ağırlıqqaldıran  qorumuş, onlardan Nizami Paşayev 105, Natiq Həsənov 85 kiloqramda birdənqaldırmada qızıl medal qazanmışlar. Natiq, eyni zamanda təkanla qaldırmada və iki hərəkətin cəmində gümüş medallar əldə etmişdir. 94 kq-da çıxış edən Əlibəy Səmədov isə iki bürünc medala sahib olmuşdu (birdənqaldırma, təkanla qaldırmada iki hərəkətin cəmi). 

Ağırlıqqaldırma yığmamızın İndoneziyada çıxışı da uğurlu olmuşdur. Yığma üzvləri Əfqan Bayramov (77 kq), İntiqam Zairov (94 kq) və Silviya Angelova (49 kq) gümüş, Zülfüqar Süleymanov (62 kq) və Namiq Cəlilov (85 kq) bürünc medal qazanmışlar.

Bəs ölkəmizdə təşkil olunacaq IV İslam Həmrəyliyi Oyunlarına hansı nailiyyətlərlə gedirik? Növbəti Oyunlarda komandamızdan yüksək səviyyəli çıxışlar gözləyə bilərikmi?

Son bir il ərzində ağırlıqqaldıranlarımızın nəticələrinə nəzər salsaq, vəziyyətin ürəkaçan olduğunu görərik. Ümumilikdə, ağırlıqqaldırmanın tərəqqisi istiqamətində görülmüş işlər bu idman növünün inkişafında yeni mərhələnin başlanğıcını qoyub. Ötən ilin nəticələri - 2016-cı ilin sentyabrında İordaniya paytaxtı Əmmanda İslam Həmrəyliyi İdman Federasiyasının 4-cü ağırlıqqaldırma üzrə çempionatında, həmin ay Polşanın Novı Tomısl şəhərində yeniyetmə qızlar və oğlan atletlər arasında Avropa birinciliyində, bir ay sonra Malayziyanın Penanq şəhərində yeniyetmələr arasında 6-cı dünya birinciliyində, dekabrda İsrailin Eylat şəhərində yaşı 20 və 23-ə qədər olan gənclər arasında keçirilən Avropa çempionatında və İranın Əhvaz şəhərində 2-ci beynəlxalq Fəcr kubokunda iştirak edən Azərbaycan idmançılarının  qənaətbəxş nəticələri dediklərimizin təsdiqidir.

Ağır Atletika Federasiyasının baş katibi Rizvan Rəsulov bu ilə uğurla başlayan Azərbaycanın ağırlıqqaldırma komandasının artıq bir sıra yarışlarda yüksək hazırlıq nümayiş etdirdiyini dedi: “Yığmanın böyük məşqçisi Maksum Xasanovun rəhbərliyi altında ilin əvvəlində komanda Ukraynanın Xmelnitski vilayətinin Kamenets-Podolsk şəhərində təlim-məşq toplanışında iştirak edib. Dünya birinciliyinə hazırlıq məqsədilə keçirilən təlim-məşqlərdə məqsəd yarışlara daha intensiv və səmərəli hazırlıq, eyni zamanda, fərqli iqlim və məşq şəraitində idmançıları sınaqdan keçirmək idi. Bu ayın 3-dən 9-na qədər Tailandın Banqkok şəhərində yüzə yaxın ölkədən 445 atletin (197 qız və 248 oğlan) qüvvəsini sınadığı yeniyetmələrin 7-ci dünya birinciliyində idmançılarımızın çıxışı uğurlu oldu. Yarışın yekun nəticələrinə görə, Banqkokda yığmalar səviyyəsində ən yaxşı çıxış edən komandaların indidən olimpiya lisenziyası qazanmaq şansı yaranmışdı və komndamız da bu şansdan yetərincə yararlanıb, gələn il Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin Olimpiya Oyunlarında iştiraka imkan verən 1 lisenziya əldə etdi. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan Avropa ölkələri arasında Rusiya və Türkiyədən sonra 3-cü pillədə qərarlaşdı. Bu, bizə gələcəyə böyük ümidlərlə baxmaq
imkanı verdi”.

Baş katib millinin IV İslam Həmrəyliyi Oyunlarına hazırlığı ilə bağlı təlim-məşqlərin davam etdiyini bidirdi və əsas məqsədin idmançıların yüksək səviyyədə çıxışının təmin etmək olduğunu dedi: “Əldə edilmiş uğurlar  Azərbaycanın ağırlıqqaldırma üzrə millisinin potensialının böyük olduğunu göstərir. İdmançılarımızı gələcəkdə daha böyük nailiyyətlər və yeni medallar gözləyir. Oyunlara hazırlıq məqsədilə, ilin əvvəlindən ölkədə, eləcə də respublikamızdan kənarda bir sıra təlim-məşqlər təşkil edilib və bunlar davam edir. Millimizin təlim-məşq bazasında yüzə yaxın atletin və 20-dən çox məşqçinin iştirakı ilə eyni vaxtda hazırlıq keçmək imkanı var. 

Yarışlara maksimum səylə hazırlaşırıq. Qidalanma, istirahət, məşq şəraitimiz yüksək səviyyədədir. Komandamız yarışlarda maksimum nəticə qazanmağa çalışacaq”.

Leyla QURBANOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında