Müsəlman ölkələrinin idmançılarını dördüncü dəfə toplayacaq “Bakı 2017” İslamiadasının açılışına az qalır. Elə Xəzər dənizindən start götürən ümumxalq su səyahəti turu da artıq finala yaxınlaşmaqdadır. Təmizlik, saflıq və aydınlıq rəmzi olan su səhəngləri aprelin 27-də qədim Qəbələyə yetişdi. Bu tədbirin təntənəsini yaşadığımız anlarda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dağlar diyarı Qəbələdə olarkən söylədiyi fikirlər yadımıza düşdü: “Azərbaycan uğurla inkişaf edir. Biz bu inkişafı Qəbələ rayonunun timsalında açıq-aydın görürük. Çünki burada həm sosial, həm mədəniyyət, infrastruktur layihələri uğurla icra edilir”.
Doğrudan da, bu gün təkcə ölkəmizdə deyil, beynəlxalq aləmdə də yaxşı tanınan Qəbələ Azərbaycanın mədəniyyət, turizm və idman mərkəzlərindən birinə çevrilib. 1548 kvadratkilometr ərazisi olan rayonun əhalisi 98 min 276 nəfərdir. Rayonda ayrı-ayrı xalqların nümayəndələri çiyin-çiyinə yaşayır, öz adət-ənənələrini, milli mədəniyyətlərini dövlətin yüksək qayğısı sayəsində yetərincə inkişaf etdirirlər.
Geniş vüsət almış abadlıq-quruculuq işləri milli azlıqların yaşadığı qəsəbə və kəndləri də əhatə edir, onların gün-güzəranlarının, sosial vəziyyətlərinin yaxşılaşdırılması üçün gərəkli tədbirlər həyata keçirilir. Rayonun qonaqları və turistlər görürlər ki, bu gün Qəbələ, sözün həqiqi mənasında, böyük tikinti meydançasını xatırladır. Qəbələ Mədəniyyət Mərkəzi, Konqres Mərkəzi, "Tufan" Dağ-Xizək Yay-Qış İstirahət Kompleksi də yeni tikililər sırasındadır.
Bundan başqa, dövlət başçılarının görüşləri, xarici qonaqların qəbulu, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dəfələrlə keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı və çoxsaylı idman yarışları da Qəbələnin müasir həqiqətlərindəndir. IV İslam Həmrəyliyi Oyunları çərçivəsində başlanan ümumxalq su səyahəti layihəsinin Qəbələ mərhələsi isə sadəcə əvvəllər yaranmış mədəni tədbirlər ənənəsinin inkişafına stimul verirdi. Azərbaycanın 15 bölgəsində baş tutacaq bu tur xalqımıza idman bayramı əhval-ruhiyyəsini bəxş etməklə bərabər, eyni zamanda, həmrəylik və sevinc hissini də nəsib edir.
Bu əlamətdar günlə əlaqədar dünən səhər rayondakı Nohur gölü ətrafında tədbir keçirildi. Böyük Qafqaz dağlarının yaxınlığında, dumanlı meşələr arasında yerləşən, göy suları ilə yadda qalan Nohur gölü ilin istənilən mövsümündə gözəldir. 1949-cu ildə bu gölün yanında ətraf kəndləri su ilə təchiz edən su anbarı yaradılmışdır. Bu gün həmin məkan məşhur istirahət mərkəzidir.
Su mərasimi rəsm və rəqs həvəskarı Şəfiqə Bayramzadə, taekvondo üzrə beynəlxalq turnirlərin qalibi Xəyal Əzizov və boks üzrə Dünya Çempionatının qızıl medalçısı Cavid Çələbiyev tərəfindən göldən səhəngə su doldurulması ilə nümayiş etdirildi. Daha sonra su səhəngi axşam keçirilən su festivalında təqdim edildi. Qeyd edək ki, Bakıdan səyahətə başlayan səhəng 12 may tarixində Bakı Olimpiya Stadionunda baş tutacaq açılış mərasiminin bir hissəsi olacaq.
Günorta saatlarında “Domestic Grassroots” proqramı çərçivəsində Qəbələ Olimpiya İdman Kompleksində daha bir möhtəşəm layihə, “Sport joys – Regional idman tədbiri” həyata keçirildi. “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının təbliğatı və gənclərin idmana cəlb edilməsi məqsədi ilə həyata keçirilən tədbirdə müxtəlif idman müsabiqələri təşkil olundu. Tədbirin qonaqları arasında “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının ulduz səfirləri və “Bu şəhərdə”nin tanınmış simaları Rəfael İsgəndərov, Coşqun Rəhimov və Müşviq Abbasov da var idi. Tədbir iştirakçılara əyləncəli və rəngarəng anlar yaşatdı. Bayrama çevrilmiş idman mərasimi axşam saatlarında Mərkəzi parkda keçirilən su festivalı tədbiri ilə davam etdi. Tədbirə sərbəst giriş imkanı olan region sakinləri “Mirvari” rəqs qrupu, “Zopu-zopu” etnoqrafik rəqs qrupu və Nəcməddin Əliyevin ifasından, möhtəşəm su effekti və atəşfəşanlıqdan zövq aldılar.
Bundan başqa, tədbirdə aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin su mərasiminin başlanğıcında Xəzər dənizinin suyu ilə dolu olan səhəngi Qəbələ sakinlərinə təhvil verməsi görüntüləri də əhaliyə təqdim olundu. Möhtəşəm su tədbirlərinin idman bayramına xüsusi rəng qatdığından bəhs edən boks üzrə Dünya Çempionatının qızıl medal mükafatçısı Cavid Çələbiyev demişdir: “Azərbaycanımız üçün tarixi əhəmiyyət daşıyan bu oyunların bir parçası olmaq bizdən ötrü qürurvericidir. Təşkilat Komitəsinə, bizə yaratdıqları bu imkana görə dərin təşəkkürümüzü bildiririk.”
Azərbaycan ərazisini əhatə edən və Xəzərdən başlanan səyahətin növbəti dayanacağı aprelin 29-da Qusar şəhəri olacaq. Xəzər dənizindən başlanan, 37 gün ərzində 3 min kilometrdən artıq məsafəni qət edəcək səyahət 15 bölgəni əhatə edəcək. Xatırladaq ki, İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsi Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə yaradılıb. Fərmana əsasən, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva dördüncü İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri təyin edilmişdir. Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi (AİHOƏK) İHİF ilə birgə Oyunları təşkil edəcək.
Məlum olduğu kimi, bir neçə il əvvəl Bakıya Oəbələdən və Oğuzdan su kəməri çəkilmişdi. Bu, inkişaf, tərəqqi, sosial-rifah göstəricisi idi. İndi isə bütün müsəlman ölkələri nümayəndələrinin iştirakı ilə Xəzərdə doldurulmuş su səhəngi Qəbələyə gətirildi. Fikrimizcə, bu, təkcə yurdumuzun indiki paytaxtı ilə qədim paytaxtı arasındakı bağlılıqların daha da möhkəmləndirilməsi deyil, həm də Azərbaycanın bütün İslam dünyasındakı yerinin möhkəmləndirilməsi kimi qiymətləndirilir. Qəbələnin daha böyük əhəmiyyətli tədbirlərə ev sahibliyi edəcəyinə inanır, Azərbaycanın ən möhtəşəm idman tədbirinə inamla hazırlaşdığından məmnunluq ifadə edir və idmançılarımıza böyük uğurlar arzulayırıq!
İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.