İdmançılar Azərbaycan mədəniyyəti ilə də tanış olacaqlar

Mədəniyyət və Turizm Nazirliyindən bildirmişlər ki, İslam Oyunları günlərində ölkəmizdə mədəni tədbirlər proqramı da reallaşdırılacaq.

Proqram daha çox ­İslam mədəniyyətinin və Azərbaycan xalqının ənənəvi mədəniyyətinin təqdim edilməsindən ibarətdir.

 Heydər Əliyev Sarayında mayın 13-ü və 14-də Türkiyənin “Anadolu atəşi” rəqs ansamblının, 20-də Dövlət Rəqs Ansamblının, 21-də isə Xalq artisti Alim Qasımov, Əməkdar artist Fərqanə Qasımova və onların davamçılarının iştirakı ilə muğam konserti keçiriləcək.

 Beynəlxalq Muğam Mərkəzində mayın 15-də Azərbaycan incəsənət ustalarının iştirakı ilə “Muğam axşamı”, 17-də “Natiq Ritm Qrupu”nun, 20-də isə caz ifaçısı Elçin Şirinovun rəhbərliyi ilə “Etno-caz” konserti olacaq.

 Konsertlərlə yanaşı, Oyunlarla əlaqədar teatrlar da xüsusi repertuar hazırlayıblar. Mayın 14-də Azərbaycan Dövlət Musiqili Teatrında Üzeyir Hacıbəylinin “Ər və arvad” musiqili komediyası, Pantomima Teatrında Səbinə Hacıyevanın “Dejavü” tamaşası nümayiş olunacaq. Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” tamaşası isə mayın 19-da Marionet Teatrında, 20-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında təqdim ediləcək. Bütün teatrlarda sinxron tərcümə təşkil olunacaq. Teatrlarda gedən tamaşaların mətnini həm rus, həm ingilis dilində izləmək mümkündür.

Bundan əlavə, sərgilər də təşkil ediləcək. Belə ki, mayın 14-də Azərbaycan Musiqi Mədəniyyəti Muzeyində “İslam dünyasının musiqi mədəniyyəti Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin kolleksiyalarında”, 15-də Azərbaycan Milli İncəsənət Muzeyində “Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyalarında İslam irsi”, 18-də Azərbaycan Xalça Muzeyində “İlahi sənət: naxışlar, ilmələr”, 19-da Muzey Mərkəzində “Azərbaycan İslam abidələri”, 21-də isə Azərbaycan İstiqlal Muzeyində Dövlət Din Tarixi Muzeyinin kolleksiyasından ibarət “İslam: sülh və birlik” adlı sərgilər açılacaq.

Həyata keçiriləcək mədəni proqrama film nümayişləri də daxildir. Mayın 12-dən 22-dək Nizami Kino Mərkəzində “Niyyət”, “Buta”, “Nabat” bədii filmlərinin, həmçinin “Bakı İslam mədəniyyətinin paytaxtı”, “Bakı əsrlərin aynasında”, “Bakı Birinci Avropa Oyunları”, “Azərbaycan xalçası”, “Çovqan”, “Lahıc”, “Qobustan-bəşəriyyətin beşiyi”, “Hapıtlar”, “Eviniz nurla dolsun”, “Azərbaycan mətbəxi. Dad sonrası dad” sənədli filmlərinin nümayişi baş tutacaq.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında