İslamiadaya tarixi nailiyyətlə

Mayın 13-də Heydər Əliyev adına İdman Arenasında IV İslam Həmrəyliyi Oyunlarının cüdo turnirinə start veriləcəyi anlarda  vaxtilə ulu öndərin təşəbbüsü ilə inşa olunmuş əzəmətli idman sarayında necə böyük alqış sədaları qopacağını təsəvvür etmək çətin deyil. Azərbaycan milli komandasının üzvləri İslamiada ərəfəsində ölkəmizi Varşavada yenicə başa çatmış Avropa çempionatında qazandıqları rekord miqdarda medal– 2 qızıl və 3 bürünc mükafatla sevindirmişlər. Təmsilçilərimiz Polşa paytaxtındakı yarışadək hələ heç vaxt belə böyük, tarixi nailiyyət qazanmamışdılar.

Avropa çempionatında Hidayət Heydərovla (73 kq) Elxan Məmmədovun (100 kq) qızıl, Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq) və Rüstəm Orucovun (73 kq) bürünc medalları idmanın bu çox populyar növündə dünyaya Nazim Hüseynov, Elnur Məmmədli kimi Olimpiya çempionları vermiş Azərbaycan cüdo məktəbinin onsuz da yüksək beynəlxalq nüfuzunu daha da artırıb göylərə qaldırdı. Zarafat deyil, 40-dan çox ölkə idmançılarının kəskin rəqabət apardıqları qitə çempionatında qızıl medallardan ikisi həmvətənlərimizə təqdim olunmuşdur. Üstəlik də, heç bir ölkə Azərbaycandan çox “qızıla” sahib ola bilməmişdir. Yalnız Rusiya, Fransa və Ukrayna bizimlə eyni sayda qızıl medal sevinci yaşamış.

Çox maraqlıdır ki, Azərbaycan komandasında ən yüksək zirvəni aralarında az qala ikiqat yaş fərqi olan cüdoçular fəth etmişlər. Əgər Avropa çempionatının ən yaxşı gənc cüdoçusu hesab edilmiş Hidayətin qarşıdakı iyul ayında 20 yaşı tamam olacaqsa və hələ ən böyük uğurları irəlidədirsə, ötən fevralda növbəti ad gününü qeyd etmiş Elxan zəngin idman həyatında ən böyük qələbələrindən birini 35 yaşında qazanmışdır. Əvvəllər Avropa çempionatlarında gümüş, bürünc medallar qazanmış, 2013-cü ildə Braziliyanın Rio-de-Janeyro şəhərində dünya çempionu olmuş, Pekin–2008 və London –2012 Yay Olimpiya Oyunlarında iştirak etmiş Məmmədov Avropa çempionu ola bilməmişdi və indi, idmanda müdriklik yaşında bu məqsədinə də çatdı, Varşavada Azərbaycanın milli bayrağını ən yüksəklərə ucaltdı. Təbii ki, bu zaman sevinc göz yaşlarını da gizlədə bilmədi.

Azərbaycan bayrağını hər zaman yüksək tutmağa, ölkəmizin idman şərəfini layiqincə qorumağa hazır olan Elxan Məmmədov yenilməz qələbə əzmini və hələ “qocalmadığını”, döyüşə tam hazır olduğunu böyük məharətlə  təsdiq etdi. Çempionumuzu Varşavada fəxri kürsünün zirvəsinə ucaldan yolu bir daha xatırlayaq: italyan Vinçentso D’Arka, latviyalı Arturs Nikiforenko, İsrail cüdoçusu Petr Palçik üzərində qələbələrdən sonra, komanda yoldaşı və dostu Elmar Qasımovla görüşdə, finalda isə fransız Sirill Maren ilə mübarizədə müvəffəqiyyət. Böyük qələbə, nümunəvi zəfər yoludur!

Avropa çempionatının fəxri kürsüsündə təbrikləri qəbul etmiş digər cüdoçularımız, bürünc mükafatçılar Orxan Səfərov, Nicat Şıxəlizadə və Rüstəm Orucov da  ən xoş sözlərə layiqdirlər. Dəfələrlə böyük mötəbər yarışlarda mükafatçılar siyahısında yer tutmuş bu idmançılar, eləcə də onların bütün komanda yoldaşları gündəlik gərgin məşqlərdə çəkdikləri böyük zəhmətin bəhrəsini görürlər.

Müxtəlif illərdə Tokio, Pekin, Moskva, Mexiko, Rio-de-Janeyro, Lissabon, Tbilisi, Vyana, Varşava və digər  şəhərlərdə fərqlənmiş azərbaycanlı tatami ustalarının əzmkar və səmimi komandası indi doğma Bakıda IV İslam Həmrəyliyi Oyunlarında parlamalıdır.

Avropa çempionatında qızıl medalların sahiblərinin 700, ikinci və üçüncü mükafatçıların müvafiq surətdə 490 və 350 reytinq xalları qazandıqlarını da qeyd edək.

Azərbaycanın tatami ustalarının böyük nailiyyətləri göz qabağındadır. Təsadüfi deyil ki, ötən bazar günü Avropa Cüdo İttifaqının Varşavada keçirdiyi və Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizerin də iştirak etdiyi tədbirdə ölkəmizdə cüdonun uğurları da qeyd olunmuş, həmçinin Hidayət Heydərov Avropanın ən yaxşı gənc cüdoçusu hesab edilmişdir.

Yığmamızın baş məşqçisi Fərhad Məmmədovun İslamiada turnirində meydana məhz hansı cüdoçuları çıxaracağını qarşıdakı günlərdə biləcəyik. Məşqçinin necə seçim edəcəyindən asılı olmayaraq Bakıda komandamızın üzərinə Varşavadakından da böyük məsuliyyət düşür. Etimadı doğrultmaq, turnirin açılışında səslənəcək alqışların gurultusunu daha da artırmaq lazımdır.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında