Xəzər dənizindən start götürən “Bakı 2017” ümumxalq səyahət turu dünən Qaxa yetişdi. İftixar hissi ilə deyək ki, Azərbaycanın 15 bölgəsində baş tutacaq bu tur xalqımıza əsl idman bayramı əhval-ruhiyyəsini bəxş etməklə bərabər, həm də həmrəylik və sevinc hissini yaşadacaq.
Bu əlamətdar günlə əlaqədar dünən səhər ilk olaraq Ram-Rama şəlaləsinin qarşısında tədbir keçirildi. Şəlalələr Azərbaycanın müxtəlif dağlıq yerlərində müşahidə olunur. Onlar, çayların eroziyaya uğramış təpələrdən keçdiyi yerlərdə formalaşıb. Hündürlüyü təxminən 70 metr olan Ram-Rama şəlaləsi Azərbaycanda ən hündür şəlalələrdən sayılır.
Su mərasimi, voleybol və rəqs həvəskarı Ayşən Hüseynova, yunan-Roma güləşi üzrə Avropa çempionatının bürünc medal mükafatçısı Əli Əminzadə və sərbəst güləş üzrə SSRİ idman ustası Məmməd Qasımov tərəfindən şəlalədən səhəngə su doldurulması ilə başlandı. Sonra Su səhəngi axşam keçirilən Su festivalında təqdim edildi. Elə buradaca qeyd edək ki, Bakıdan səyahətə başlayan səhəng may ayının 12-də Bakı Olimpiya Stadionunda baş tutacaq açılış mərasiminin bir hissəsi olacaq.
Günorta saatlarında “Domestic Grassroots” proqramı çərçivəsində Qax Olimpiya İdman Kompleksində daha bir möhtəşəm layihə, “Sport joys – Regional idman tədbiri” həyata keçirildi. “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının təbliğatı və gənclərin idmana cəlb edilməsi məqsədi ilə həyata keçirilən tədbirdə müxtəlif idman müsabiqələri təşkil olundu. Tədbirin qonaqları arasında “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının ulduz səfiri Tünzalə Ağayeva da var idi. Tədbir iştirakçılara əyləncəli və rəngarəng anlar yaşatdı, xoş ovqat bəxş elədi.
Axşam saatlarında Mərkəzi parkda keçirilən Su festivalına gələnlər Tünzalə Ağayeva, Mirvari və “Pesvebi” rəqs qruplarının, Arzu Dunusovanın ifalarından, eləcə də, möhtəşəm su effekti və atəşfəşanlıqdan zövq aldılar.
Tədbirdə 5 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Su mərasiminin başlanğıcında Xəzər dənizinin suyu ilə dolu olan səhəngi Qax sakinlərinə təhvil verməsi görüntüləri də təqdim olundu.
Möhtəşəm Su tədbirlərinin idman bayramına xüsusi rəng qatdığından bəhs edən yunan-Roma güləşi üzrə Avropa çempionatının bürünc medal mükafatçısı Əli Əminzadə demişdir: “Dördüncü İslam Həmrəyliyi Oyunlarının səfiri olaraq, bu mötəbər tədbirə töhfə verdiyim üçün qürur hissi duyuram. Oyunların timsalında, idman yarışları ilə yanaşı, sülhü, mükəmməlliyi və həmrəyliyi təbliğ etdiyimizə inanıram. Bu məsuliyyətli vəzifəni layiqincə icra etmək üçün əlimizdən gələni edəcəyik.”
Azərbaycan ərazisini əhatə edən və Xəzərdən başlayan səyahətin növbəti dayanacağı aprelin 27-də Qəbələ rayonu olacaq. Bildiyimiz kimi, Xəzər dənizindən başlayan, 37 gün ərzində 3 min kilometrdən artıq məsafəni qət edəcək səyahət 15 bölgəni əhatə edəcəkdir.
Buraya gələnlərlə görüşdük, söhbət etdik. Onların hamısı bu möhtəşəm tədbirin əhəmiyyətindən həvəslə danışdı. Bildirdilər ki, bu gün Azərbaycanın belə möhtəşəm tədbirlərə imza atması qürur hissi yaradır. Təsadüfi deyildir ki, “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunları 12-22 may 2017-ci il tarixlərində Azərbaycanda keçiriləcək İslam dünyasını birləşdirən maraqlı, multiidman tədbiridir.
Müsəlman ölkələrindən gələn idmançılar 10 gün 20 müxtəlif idman növü üzrə öz güclərini sınayacaqlar.
Məlumat üçün bildirək ki, Azərbaycanın paytaxtı Bakı şəhəri 2013-cü ilin iyulunda Ciddədə İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) Baş Assambleyasında Oyunların ev sahibliyinə layiq görülmüşdür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanı ilə İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsi yaradılıb. Həmin fərmana əsasən, Azərbaycanın Birinci vitse - prezidenti Mehriban xanım Əliyeva IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri təyin edilib. Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi İHİF ilə birgə Oyunları təşkil və tətbiq edəcəkdir.
İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.