Rəfael Ağayev: Azərbaycanı qalib görmək arzusundayam

Dünya karatesinin brilliantı, ulduzu, əfsanəsi... onu məhz belə tanıyırlar. Karate üzrə hansı titulları qazanmayıb ki?! 5 dəfə dünya, 10 dəfə Avropa çempionu olub. Dünya Oyunları, Dünya Döyüş Oyunları, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunlarının qalibidir.

Nailiyyətlərini sadalamağı isə heç xoşlamır. Sadəcə, “Düşünürəm ki, formadayam, ona görə də yenə çempionluq uğrunda mübarizə aparacağam”, - deyir. Köhnə zədələrinin onu incitməsinə və yenilərinin yaranmasına baxmayaraq, geriyə addım atmağı düşünmür, irəli daha bir addım üçün bitib-tükənməz daxili enerjisi və ruhi gücü köməyinə gəlir.

Rəfael Ağayevlə növbəti görüşümüz İslamiadaya hazırlıqla bağlı oldu. 2005-ci ildə keçirilmiş birinci İslam Həmrəyliyi Oyunlarındakı – karyerasının ilk illərindəki çıxışını xatırladı. Qeyd edək ki, həmin yarışda bürünc medal əldə etmişdi. 8 il sonra İndoneziyanın Palembanq şəhərində III Oyunlarda rəqib tanımayan karate ustamız artıq dünyanın ən güclülərindən sayılırdı. ­Dördüncü dəfə keçiriləcək analoji yarışların isə onun üçün daha mühüm əhəmiyyət daşıdığını qeyd etdi: “İdmançılarımız öz üzərlərinə düşən məsuliyyəti anlayırlar. İlk Avropa Oyunlarında gənclərimizin Azərbaycanı nə qədər sevdiklərini, əsl vətənpərvər kimi onun adını yüksəltmək üçün necə gərgin səylər göstərdiklərinin bariz nümunəsini qəhrəman idmançılarımızın timsalında gördük. Avropanın ən güclü idman ölkələri arasında ikinci pillədə qərarlaşmaq möhtəşəm bir nailiyyət idi. Bu böyük qələbənin doğma Bakıda keçiriləcək İslamiadada da təkrarlanmasını istərdim. 20 idman növünün hər birində Azərbaycan idmançılarını qalib görmək ən böyük arzumdur”.

Rəfael Ağayev IV ­İslam Həmrəyliyi Oyunlarının səfiri kimi şərəfli missiyanın daşıyıcısıdır. “Oyunların səfiri seçilməyim mənə gözəl hisslər bəxş etdi və çalışıram ki, üzərimə düşən bu missiyanı layiqincə yerinə yetirim. Müsəlman aləminin ən güclü komandalarını Bakıda salamlamaq hamımız üçün böyük şərəfdir, həmin günü səbirsizliklə gözləyirik. Güclü idman ənənələri ilə seçilən İslam dünyasının ən böyük idman tədbirinin möhtəşəm bir bayrama çevriləcəyi isə bizdə heç bir şübhə yaratmır. Azərbaycanın bu mötəbər tədbirə ev sahibliyindən qürur duyan idmançılarımız nailiyyətləri ilə Oyunlara öz töhfələrini verəcəklər”, - deyə idmançı əminliklə bildirdi. İndiyədək, demək olar ki, heç bir yarışdan medalsız qayıtmayan dünya şöhrətli tatami ustası  “Sizdən hansı nəticəni gözləyə bilərik?”, – sualını belə cavablandırdı: “Tatamiyə çempionluq titulumu qorumaq üçün çıxacağam”. Təbii ki, Rəfaelin ötən illər olduğu kimi, 2016-cı ildə də böyük uğurlara imza atması onun növbəti qələbələri üçün əsas zəmindir. Qeyd edək ki, o ötən il dünya çempionatları tarixinə 5-ci dəfə qaliblik möhürünü vurub. Eyni zamanda, 2016-cı ildə Avropa çempionatının yubiley “qızıl”ını qazanıb – 10-cu dəfə qitə çempionu adına layiq görülüb. Dubayda keçirilən 1 Premyer Liqa yarışlarının qalibi olub. Bu ilə də yeni qələbələrlə başlayan idmançımız artıq ilk uğurlarını əldə edib – Türkiyədə “Bosfor” beynəlxalq turniri və Mərakeşdə Premyer Liqa yarışlarının qalibi olub.

Fəxri kürsüdə növbəti qələbə ümidi ilə idmançımızdan ayrılırıq... IV İslam Həmrəyliyi Oyunlarından – arzuların gerçəkləşəcəyi günlərdən isə bizi sayılı günlər ayırır. 

Leyla QURBANOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında