“Xəzərdən başlayan su səyahəti” Mingəçevirə yetişdi

Xəzər dənizindən start götürən “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının ümumxalq səyahət turu aprelin 23-də Mingəçevirə yetişdi. Azərbaycanın 15 bölgəsində baş tutacaq bu tur xalqımıza idman bayramı əhval-ruhiyyəsini bəxş etməklə bərabər, eyni zamanda, həmrəylik və sevinc hissini də nəsib edəcək.

Bu əlamətdar günlə əlaqədar həmin gün səhər-səhər ilk olaraq Mingəçevirdə Kür çayı ətrafında tədbir keçirildi. Kür Qafqazın ən böyük çayıdır. O, Türkiyənin şimal-şərqində Qızılgədik dağının ətəyindən başlayaraq, Gürcüstan ərazisindən ötərək və Azərbaycandan meandr formasında keçərək 1515 kilometrdən sonra Xəzər dənizinə qovuşur. Bu çayın üzərində ölkənin ən iri su anbarı – 1953-cü ildə tikilmiş Mingəçevir su anbarı adlı gözəl göl yaratmışdır və onun vasitəsilə ətraf sahələr suvarılır.

Su mərasimi, üzgüçülük həvəskarı İsfəndiyar Kərimov, sambo üzrə dünya çempionatının gümüş mükafatçısı Ayaz Ümidəliyev və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında respublika çempionu Cavanşir Qasımov tərəfindən çaydan səhəngə su doldurulması ilə başlandı. Sonra Su səhəngi axşam keçirilən Su festivalında təqdim edildi. Qeyd edək ki, Bakıdan səyahətə başlayan səhəng 12 may tarixində Bakı Olimpiya Stadionunda baş tutacaq açılış mərasiminin bir hissəsi olacaq.

Günorta saatlarında “Domestic Grassroots” proqramı çərçivəsində Mingəçevirdəki Kür Olimpiya Tədris İdman Mərkəzində daha bir möhtəşəm layihə, “Sport joys – Regional idman tədbiri” həyata keçirildi. “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının təbliğatı və gənclərin idmana cəlb edilməsi məqsədi ilə həyata keçirilən tədbirdə müxtəlif idman müsabiqələri təşkil olundu. Tədbirin qonaqları arasında “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının idmançı səfiri Rəsul Çunayev də var idi. Tədbir iştirakçılara əyləncəli və rəngarəng anlar yaşatdı.

Mərasim axşam saatlarında Heydər Əliyev parkında keçirilən Su festivalı tədbiri ilə davam etdi. Tədbirə sərbəst giriş imkanı olan region sakinləri “Mirvari” rəqs qrupu, “Mingəçevir” qrupu və Elsevər Məmmədovun ifasından, möhtəşəm su effekti və atəşfəşanlıqdan zövq aldılar.

Eyni zamanda, tədbirdə 5 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin su mərasiminin başlanğıcında Xəzər dənizinin suyu ilə doldurduğu su səhənginin Mingəçevir sakinlərinə təhvil verilməsi görüntüləri də əhaliyə təqdim olundu.

Möhtəşəm Su tədbirlərinin idman bayramına xüsusi rəng qatdığından bəhs edən sambo üzrə dünya çempionatının gümüş mükafatçısı Ayaz Ümidəliyev deyib: “Bizim də iştirakçı kimi məqsədimiz həmrəylik və sülh dəyərlərinin mahiyyətini ön plana çəkməkdir. Vəzifəmizin öhdəsindən layiqincə gəlməyə çalışırıq.”

Azərbaycan ərazisini əhatə edən və Xəzərdən başlayan səyahətin növbəti dayanacağı aprelin 25-də Qax rayonu olacaq. Xəzər dənizindən başlayan, 37 gün ərzində 3000 kilometrdən artıq məsafəni qət edəcək səyahət 15 bölgəni əhatə edəcək.

Xatırladaq ki, “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunları 12-22 may 2017-ci il tarixlərində Azərbaycanda keçiriləcək İslam dünyasını birləşdirən maraqlı idman tədbiridir. Müsəlman ölkələrindən gələn idmançılar yarışın 10 günü ərzində öz ölkələrini 20 müxtəlif idman növü üzrə 23 kateqoriyada (atletika və paraatletika, su idmanı növləri -- suya tullanma, su idmanı növləri-- üzgüçülük, su idmanı növləri -- vaterpolo, 3x3 basketbol, futbol, idman gimnastikası, bədii gimnastika, uşu, stolüstü tennis, həndbol, cüdo və görmə qabiliyyəti olmayanlar üçün cüdo, yunan-Roma güləşi, sərbəst güləş, atıcılıq, tennis, voleybol, boks, zorxana, karate, taekvondo, ağır atletika) Bakıda yerləşən 16 müasir yarış meydanlarında təmsil edəcəklər.

Azərbaycanın paytaxtı Bakı şəhəri 2013-cü ilin iyulunda Ciddədə İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) Baş Assambleyasında Oyunların ev sahibliyinə layiq görülmüşdür.

İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanı ilə yaradılıb. Fərmana əsasən, Azərbaycanın Birinci vitse – prezidenti Mehriban xanım Əliyeva IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri təyin edilmişdir. Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi (AİHOƏK) İHİF ilə birgə Oyunları təşkil və tətbiq edəcək.

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında