Dünya çempionu Bakı rinqinin qalibi olmaq arzusundadır

IV İslam Həmrəyliyi Oyunlarında medal ümidlərimizdən olan boksçularımız yarışlara hazırlıqlarını davam etdirirlər. Onlar ölkəmizdə zəngin ənənələri olan boks idman növünün inkişafına daha bir töhfə verməyə hazırlaşırlar.

Komandamızı 60 kiloqram çəkidə Oyunlarda təmsil edəcək Azərbaycan boksunun parlaq simalarından biri Cavid Çələbiyev də Bakı rinqinin qəhrəmanlarından birinə çevrilmək arzusu ilə yaşayır.

1992-ci il təvəllüdlü istedadlı dəri əlcək ustası ilk böyük uğurunu çox gənc yaşlarında qazanıb. Qazaxıstanın Almatı şəhərində keçirilən dünya çempionatında ən təcrübəli rəqiblərinin belə müqavimətini dəf edib rinqdən kənarlaşdıranda, cəmi 20 yaşı var idi.  Dünya çempionatında bütün raundlar ərzində yorulmadan çalışan boksçumuzun 6 döyüş keçirməsinə baxmayaraq, bu görüşlərdən sonra üzündə heç bir zədə izinin olmaması onun rəqiblərə aman verməyərək üstünlüyü əlində saxladığını sübut edirdi. O vaxt Cavidin birdən-birə dünya çempionatında qızıl medal qazanması çoxlarını təəccübləndirsə də, bu qədər yüksək səviyyəli boks nümayiş etdirməsi hamını sevindirmişdi. 

Boks üzrə millinin böyük məşqçisi Nəriman Abdullayev Cavidin istedadlı və təcrübəli boksçu olduğunu, IV İslam Həmrəyliyi Oyunlarında potensialından maksimum istifadə edərsə, mütləq qələbə qazanacağını dedi: “Cavid çox dözümlü boksçudur. Boks idman növü üçün əsas şərtlərdən biri də budur. Fiziki cəhətdən güclüdür. Düşünürəm ki, ümidləri doğruldacaq”.

Cavid Çələbiyev hazırda yığma komanda ilə fiziki hazırlığını davam etdirir. Onunla əlaqə yaradıb Oyunlara hazırlığı ilə maraqlandıq. Zədəsi olub-olmadığını soruşduq: “Məşqlər öz qaydasında gedir. Zədəm yoxdur. Verilən tapşırıqları yerinə yetiririk. Qarşıdakı döyüşlər daha bir ciddi sınaqdır. Buna görə biz də qüvvəmizi toplayıb, yarışlara səylə hazırlaşırıq. Rəqiblərimizi demək olar ki, tanıyırıq. Ümid edirəm ki, fəxri kürsüyə yüksələcəyəm”.

L. QURBANOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında