IV İslam Həmrəyliyi Oyunlarının favorit komandaları sırasında yer alan Azərbaycan qadın güləşi yığması son on ildə böyük inkişaf yolu keçib və ötən illərin statistikasına nəzər salsaq, nailiyyətlərin artan xətlə davam etdiyini görərik.
Bu növün tarixində qitə çempionatının ilk qızıl medalını 2008-ci ildə Finlandiyada keçirilən Avropa çempionatında dünya şöhrətli pəhləvanımız Mariya Stadnik qazanıb. O, 2009, 2011, 2014 və 2016-cı illərdə də qitənin ən güclü qadın güləşçisi adına layiq görülüb. Sona Əhmədli 2010-cu ildə, Nadya Sementsova 2010, 2011-ci illərdə, Yuliya Ratkeviç 2011-ci ildə, Natalya Sinişin 2016-cı ildə Avropa çempionu adına layiq görülüblər.
Mariya Stadnik və Yuliya Ratkeviç 2009-cu ildə, həm də Danimarkada keçirilən dünya çempionatının qızıl medalına layiq görülüblər. Qadın pəhləvanlarımız dünya və qitə çempionatlarında çoxlu sayda gümüş və bürünc medallar da əldə ediblər.
Bakının ev sahibliyi etdiyi ilk Avropa Oyunları qızlarımız üçün tarixi nəticə ilə yadda qalıb. İki qızıl və bir bürünc medal qazanan yığmamız bu nəticə ilə Avropa komandaları arasında birinci pillədə qərarlaşıb.
Dünyanın bir nömrəli idman yarışında – Olimpiya Oyunlarında da qızlarımız böyük uğurlara imza atıblar. Mariya Pekin Olimpiadasında üçüncü, London və Rio olimpiadalarında ikinci nəticəni göstərib. Yuliya Ratkeviç London, Natalya Sinişin isə Rio olimpiadalarından bürünc medallarla Vətənə qayıdıblar.
Ümumilikdə, 2016-cı il qadın yığmamız üçün uğurlu illərdən biri olub. Belə ki, ötən il onlar Olimpiya Oyunları, dünya və Avropa çempionatlarında 6 qızıl, 3 gümüş, 13 bürünc medal qazanıblar.
2017-ci ilin ilk aylarında pəhləvanlarımız bir sıra yarışlarda qüvvələrini sınayıblar. Böyüklər arasında Kiyevdə keçirilən beynəlxalq turnirdə 5 medal – 1 qızıl, 2 gümüş və 2 bürünc, Bolqarıstanda isə bir bürünc medalla Vətənə qayıdıblar.
Macarıstanın Sombateli şəhərində güləş üzrə U-23 Avropa çempionatının fəxri kürsüsündə iki güləşçimiz yer alıb. 53 kiloqram çəkidə Leyla Qurbanova gümüş, 58 kiloqramda isə Alyona Kolesnik bürünc medal qazanıblar. Turnirdə gümüş medal qazanan Leyla Qurbanovanı xüsusi vurğulamaq lazımdır. 1998-ci il təvəllüdlü gənc pəhləvan gənclər arasında Avropa çempionatının, yeniyetmələr və gənclər arasında dünya çempionatlarının qalibidir.
Ümumiyyətlə, qadın güləşinin gələcəyi olan pəhləvan qızlarımız yarışlardan-yarışlara təcrübələrini artırır, yeni uğurlara imza atırlar.
Beləliklə, qadın yığmamızın son illər əldə etdiyi nəticələr deməyə əsas verir ki, bu mötəbər yarışda da onlardan layiqli qələbələr gözləyə bilərik.
Komandanın yarışlara hazırlığı ilə bağlı məlumat almaq üçün yığmanın böyük məşqçisi, Əməkdar məşqçi Aslan Ağayevlə görüşdük. O yığmanın öz məşqlərini Kiyevdə davam etdirəcəyini bildirdi: “Hazırlığımız ilboyu davam edir. Bu gün (dünən) komandamız Kiyevə təlim-məşq toplantısına yola düşür. Məqsəd yığma üzvlərinin qarşıdakı mötəbər yarışlarda yüksək səviyyədə çıxışını təmin etməkdir. Təlim-məşqlər aprelin 30-na qədər davam edəcək və oradan Serbiyaya qitə çempionatına yola düşəcəyik. Qitə çempionatı ciddi sınaqlardan biridir və çalışırıq ki, öhdəmizə düşən vəzifəni layiqincə yerinə yetirək. Yığmamız 75 kiloqramdan başqa, bütün çəki dərəcələrində startlarda iştirak edəcək. Qızlarımız bundan əvvəlki qitə miqyaslı yarışlarda sözlərini deyiblər, düşünürəm ki, bu dəfə də fəxri kürsünün yüksək pilləsinə qalxmağı bacaracaqlar.
Avropa çempionatı bitdikdən sonra İslam Həmrəyliyi Oyunlarında gücümüzü sınayacağıq. Düzdür, yarışların arasında fasilə çox azdır, ümid edirik ki, bu çətin tapşırığın öhdəsindən gələcəyik. Yığmamızın tərkibində çox güclü idmançılar var və biz onlardan maksimum nəticələr gözləyirik. Məlumat üçün bildirim ki, güləş idman növü ilk dəfədir ki, İslam Həmrəyliyi Oyunlarında təmsil olunur. Bu yarışlarda iştirak etmək bizim üçün böyük şərəfdir. Əminəm ki, komandamız müsəlman dünyasının ən güclüsü olacaq”.
Aslan Ağayev komandamızın Avropa çempionatında əsas rəqiblərinin Rusiya, Ukrayna, Belarus, Finlandiya, İslam Həmrəyliyi Oyunlarında isə, Qazaxıstan, Qırğızıstan güləşçilərinin olduğunu dedi.
Leyla QURBANOVA,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.