Pakistan IV İslam Həmrəyliyi Oyunlarına hazırlaşır

Dördüncü İslam Həmrəyliyi Oyunları yaxınlaşdıqca iştirakçı ölkələrin atletləri hazırlıq prosesini sürətləndirir, məşq və yoldaşlıq görüşlərindən mümkün qədər çox fayda götürməyə çalışırlar.

İslam ölkələri arasında xüsusi çəkiyə malik Pakistan da bu sıraya daxildir. Respublikamızın müstəqilliyini tanıyan ilk dövlətlərdən olan Pakistan paytaxtımızda keçiriləcək yarışlarda idmanın 14 növündə təmsil olunacaq. Əgər əvvəlki İslam Həmrəyliyi Oyunlarında bu ölkə idmançıları üçü qızıl, biri bürünc olmaqla, cəmi dörd medal qazanmışdılarsa, bu dəfə Pakistan komandasının məqsədi daha yüksək mübarizə əzmi göstərmək, daha çox medala sahib olmaqdır.

Pakistan nümayəndələri Bakıda atletika, basketbol, boks, həndbol, karate, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvando, tennis, voleybol, ağırlıqqaldırma, sərbəst və yunan-Roma güləşi, uşu yarışlarında qüvvələrini sınayacaqlar. Artıq ayrı-ayrı idman növləri üzrə yarışlarda iştirak edəcək komanda və idmançıların adları bəllidir. “Pakistan Today”ın verdiyi xəbərə görə, doqquz nəfərdən ibarət tennis komandası üzvlərinin adları açıqlanıb. Ölkə Tennis Federasiyasının katibi Xalid Rəhmani komandada çıxış edəcək idmançıların adlarını ictimaiyyətin diqqətinə çatdırıb.

Thenews.com.pk saytının məlumatına görə, Pakistan İdman Heyətinin baş direktoru Axtar Navaz Qancera açıqlamasında bildirib ki, medal imkanlarından asılı olmayaraq, hökumət mümkün qədər çox atletə etimad göstərib Bakıya göndərməyə çalışacaq: “ Atletlərin mötəbər yarışlarda medal qazanmaq imkanı müəyyən vaxt alır. Ancaq biz çalışırıq ki, Cənubi Asiya Oyunları, Asiya Oyunları və İslam Həmrəyliyi Oyunlarında maksimum sayda idmançının iştirakını təmin edək”.

 Qancera açıqlamasında məşqçilər haqqında da danışaraq bildirib ki, taekvandoçuların hazırlığına əcnəbi məşqçi cəlb olunub.

Pakistan Atletika Federasiyasının rəhbəri Mac Gen Akram Sahinin də IV İslam Həmrəyliyi Oyunlarında ölkə idmançılarından gözləntiləri böyükdür: “Əgər Pakistan 2013-cü ildə İndoneziyada keçirilmiş İslam Həmrəyliyi Oyunlarındakı səviyyədə çıxış edə bilsə, Bakıda xeyli medal qazana bilər. Əgər biz əvvəlki Oyunlarda əldə edilmiş rekord nəticələri atletlərimizin indiki nəticələri ilə müqayisə etsək, əminəm ki, ona yaxın medalı təmin edə bilərik”.

Beləliklə, Pakistandan IV İslam Həmrəyliyi Oyunlarının paytaxtı Bakıya, təxminən, 200 nəfərdən ibarət nümayəndə heyətinin gələcəyi gözlənilir.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında