Onlardan 206-sı Olimpiya növlərində qazanılmışdır
Azərbaycan idmançıları bu gün son bir ildə keçilmiş yolu xatırlayarkən beynəlxalq meydanda göstərdikləri hünər, qazandıqları qələbə və medallarla haqlı olaraq fəxr edə bilərlər. İdmanımızın ən yaxşı nümayəndələri artıq astanasında dayandığımız 2011-ci ilə böyük qürur hissi ilə qədəm qoyurlar: 2010-cu ildə ölkə idmanının xəzinəsinə daha 675 medal - 226 qızıl, 202 gümüş və 247 bürünc mükafat əlavə olunmuşdur. Xüsusilə diqqətəlayiqdir ki, qazanılmış medalların 206-sı (67+59+80) olimpiya növlərinin payına düşür.
Başqa cür ola da bilməz. Artıq heç kim üçün sirr deyil ki, insan həyatının ayrılmaz tərkib hissəsi olan bədən tərbiyəsi və idmana Azərbaycanda xüsusi qayğı var, ölkəmizdə gənc istedadların aşkara çıxarılması, onların ustalığının artırılması vahid komanda şəklində fəaliyyət göstərən bütün idman təşkilatlarımızın diqqət mərkəzindədir. Dövlətin, şəxsən Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri cənab İlham Əliyevin gündəlik qayğı və diqqəti, hərtərəfli köməyi ilə əhatə olunmuş idmanımızın ildən-ilə daha böyük uğurlar qazanması və onun yüksək nüfuzunun beynəlxalq dairələrdə də yekdilliklə etiraf olunması, əlbəttə ki, bütün xalqımızı ürəkdən sevindirir, idmançılarımızı isə yeni-yeni qələbələrə ruhlandırır. Məhz dövlət başçımızın təşəbbüsü ilə respublikada inşa edilmiş otuza qədər müasir Olimpiya İdman Kompleksində yaradılan ideal şəraitdə təcrübəli məşqçilərin rəhbərliyi ilə müntəzəm və məqsədyönlü məşqlər öz gözəl bəhrəsini verir, idman aləmi hər il yeni-yeni çempionlarımızın meydana çıxmasından xəbər tutur.
Azərbaycan Gənclər və İdman Nazirliyi mütəxəssislərinin 2010-cu ildə ölkənin ən yaxşı idmançısı hesab etdikləri yunan-Roma üsulu ilə güləşən Həsən Əliyevin adı hələ bir il əvvəl çoxlarına tanış deyildi. İndi isə o, ustalığı və yenilməz qələbə əzmi sayəsində bir ildə iki "qızıl fənd" işlətmiş, apreldə doğma Bakıda ümummilli lider Heydər Əliyevin adını daşıyan əzəmətli İdman-Konsert Kompleksində Avropa çempionu olmuş, sentyabrda isə Moskvada dünya çempionatının qızıl medalını qazanmışdır. İstedadlı güləşçinin bu uğurları, eləcə də iyulda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilən "Qran Pri" yarışlarının final mərhələsində fəxri kürsünün zirvəsinə yüksəlməsi Beynəlxalq Güləş Federasiyası (FİLA) rəhbrlərinin də diqqətini cəlb etmiş və onlar gənc "klassikimizi" 2010-cu ildə dünyanın ən yaxşı yunan-Roma güləşçisi hesab etmişlər. Bir ildə bu qədər yüksək ad-san qazanmaq isə hər idmançının işi deyil.
Elə burada xatırlatmaq yerinə düşər ki, 2010-cu ildə dünyanın ən yaxşı sərbəst üsulla güləşəni də Azərbaycan yığmasının üzvüdür. Bir-birindən inamlı qələbələrindən böyük zövq aldığımız Xetaq Qazyumov da Həsən kimi, arxada qalan bir ildə həm Avropa, həm də dünya çempionatında qızıl medalların sevincini yaşamış və FİLA-nın mükafatının layiqli sahibi olmuşdur.
Dünyada güclülərdən biri kimi tanınan güləş yığmamızın üzvləri ilə yanaşı, digər növlərin də nümayəndələri ili yüksək nəticələrlə başa vurmuşlar. Dünya və Avropa çempionatlarının gümüş mükafatçıları avarçəkənlər Sergey Bezuqov və Maksim Prokopenko, elə həmin çempionatların bürünc medallarını qazanmış cüdoçu Elxan Məmmədov, Avropa çempionu taekvondoçu Təvəkkül Bayramov, qitə çempionatının gümüş mükafatçısı boksçu Elçin Məmişzadə, dünya çempionu karateçi Rəfael Ağayev, qrossmeysterlər Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Vüqar Həşimov və bir çox başqalarının da uğurlarını məmnuniyyətlə yada salmaq olar.
Mötəbər beynəlxalq yarışların fəxri kürsüsünə yüksəlmiş bir sıra qadın idmançılarımız da 2010-cu ildə yaxşı ustalıq nümayiş etdirmişlər. Güləşçi Sona Əhmədli Avropa çempionu olmuş, onun komanda yoldaşı Yuliya Radkeviç dünya çempionatının gümüş medalını qazanmış, bədii gimnastikamızın lideri Aliyə Qarayeva idman ictimaiyyətimizi dünya çempionatının üç bürünc medalı ilə sevindirmiş, Avropa çempionatında da fəxri kürsünün üçüncü pilləsində təbrikləri qəbul etmiş, cüdoçu Ramilə Usubovaya dünya çempionatının bürünc medalı təqdim olunmuş, Zeynəb Məmmədyarova Ümumdünya Şahmat Olimpiadasında öz taxtasında ikinci nəticə göstərmişdir.
Ötən ilin ən məsul yarışlarından biri də Sinqapurda keirilmiş Yeniyetmələrin I Yay Olimpiya Oyunları olmuşdur. İlk dəfə təşkil edilən bu startlar həm də adlı-sanlı çempionlara layiqli ehtiyat qüvvə hazırlığına ciddi baxış idi. Azərbaycan idmanı yetirmələri Olimpiadada cəmi 12 nəfərlə təmsil olunmalarına baxmayaraq, çətin sınaqlardan şərəflə çıxıb 8 medal - 5 qızıl və 3 gümüş mükafat qazanmağı, ümumkomanda hesabında isə bizim üçün çox yüksək 11-ci yeri tutmağı bacardılar. Sinqapurdan vətənə çempion kimi qayıdan beş nəfərdən dördü güləşçilər, biri isə ağırlıqqaldıran Nicat Rəhimov oldu. Sonuncunun müvəffəqiyyəti ölkəmizə ikiqat sevinc gətirdi. Çünki Olimpiya oyunlarında bu növ üzrə hələ heç vaxt belə böyük uğurumuz olmamışdı. Təsadüfi deyil ki, Nicat ilin yekunlarına görə ölkənin ən yaxşı on idmançısının siyahısına daxil edilmişdir.
Əldə olunmuş qələbə və medallar, şübhəsiz, ayrı-ayrı federasiyaların, idman cəmiyyətləri və klublarının, məşqçilərin, bütün mütəxəssislərin gərgin əməyinin bəhrəsidir. Heç kim dövlətin idmana göstərdiyi böyük qayğıya layiqli işlə cavab vermək üçün qüvvə və bacarığını əsirgəmir, hamı birgə səylə fəaliyyət göstərir. Məhz belə yorulmaz və məqsədyönlü fəaliyyət sayəsində həyatın bütün sahələrində olduğu kimi, idmanda da əsl tərəqqi yolu ilə irəliləyən Azərbaycan indi bütün dünyada idman ölkəsi kimi tanınır.
Bununla əlaqədar Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 27-də Milli Olimpiya Komitəsində öz uğurları ilə 2010-cu ildə ölkəmizin nüfuzunu daha da artıran idmançı və məşqçilərə mükafatların təqdim olunması mərasimində belə demişdir: "Azərbaycan dünyada idman dövləti kimi tanınır, artıq bir neçə ildir ki, uğurlarımız qeyd edilir. Azərbaycan Beynəlxalq Olimpiya Hərəkatında çox fəal iştirak edir və biz böyük hörmətə malik olan ölkəyik. Ölkəmizdə beynəlxalq yarışların keçirilməsi artıq adi hala çevrilibdir. İl ərzində Bakıda dəfələrlə dünya, Avropa çempionatları, digər beynəlxalq yarışlar keçirilir və bizdə olan imkanlar bu yarışların yüksək səviyyədə təşkili üçün gözəl şərait yaradır".
Beləliklə, idmanımızın qələbə və medalları ilə zəngin olan 2010-cu il finişə çatmış, ən yaxşılar yüksək mükafatlara layiq görülmüşlər. İndi biz olimpiyaqabağı 2011-ci ilə qədəm qoyuruq. Bu il ən güclü idmançılarımızı məsul startlar - London Olimpiadası - 2012-yə lisenziya xarakterli çoxlu yarış gözləyir. Qarşıda İngiltərə paytaxtında keçiriləcək Olimpiya oyunlarına mümkün qədər çox vəsiqə qazanmaq vəzifəsi durur. Bu bir də ona görə vacibdir ki, Londonda Olimpiada sayca 30-cu, deməli, həm də yubiley Olimpiadası olacaq. Azərbaycan idmançıları isə qarşıdakı Olimpiya oyunlarında iştirakçısı olduqları əvvəlki belə yarışlarla müqayisədə nəinki daha mötəbər nümayəndə heyəti ilə təmsil olunmaq, həm də Pekin-2008-dəkindən də çox medal qazanmaq əzmindədirlər.{nl}
Oqtay BAYRAMOV, "Xalq qəzeti"
{nl}
{nl}
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.