Mariya Stadnik: Yalnız qələbə üçün güləşəcəyik

Azərbaycan güləş tarixinin ən parlaq simalarından biri olan Mariya Stadnik IV İslam Həmrəyliyi Oyunlarının güləş yarışlarının əsas favoritlərindəndir. Dünya qadın güləşinin sönməz ulduzlarından birinə çevrilən Azərbaycan pəhləvanı müsəlman ölkələrinin mübarizə aparacağı bu mötəbər tədbirin fəxri kürsüsünü də fəth etmək əzmindədir.

Azərbaycanın idman şərəfini 2007-ci ildən qoruyan Mariya, ötən illər ərzində dünya çempionatının qızıl, iki gümüş, bir bürünc mükafatçısı, qitə çempionatının 5 qat qalibi olmuş, Olimpiya Oyunlarında möhtəşəm nailiyyətlərə imza ataraq Pekin Olimpiadasında bürünc, “London-2012” və “Rio-2016”-da gümüş medallar qazanmışdır.

Son Olimpiya Oyunlarında bu istedadlı güləşçinin layiq olduğu Olimpiya qızılından saniyələrin ayırmasını çoxları yaxşı xatırlayır. Dünyanın bir nömrəli idman yarışında Stadnikin sona qədər inamlı mübarizəsi Olimpiya çempionluğu üçün geniş imkanlar yaratmışdı. Finalda yaponiyalı dünya çempionu Eri Tosaka ilə üz-üzə gələn pəhləvanımız bu mərhələyə də fəal başlayaraq ilk hissəni 2:0 hesabı ilə öndə bitirməsinə, sonradan rəqibə 1 xal versə də, sona 3 saniyə qalmışa qədər öndə olmasına baxmayaraq, son saniyələrdə rəqibin xeyrinə hər şey dəyişdi və idmançımız layiq olduğu Olimpiya qızılını uduzdu...

Azərbaycan Prezidenti İlham Əliyev XXXI Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançılarla görüşündə Mariya Stadnikin əməyini yüksək qiymətləndirmiş, “Hamımız Mariyanı çox sevirik. Mən və bütün ailəm yarışları izləyir və sənə azarkeşlik edirdik. Sənin üçün səndən çox həyəcan keçirdik. Cəmi üç saniyə çatmadı, amma eybi yox. Məncə, bu da böyük nailiyyətdir, başlıcası isə irəliyə baxmaq lazımdır. Tokiodakı çıxışı gözləyəcəyik”, - deyə daha yüksək nailiyyətlərə ruhlandırmışdır.

Budur, adlı-sanlı güləşçimiz doğma divarlar arasında, saysız-hesabsız azarkeşləri önündə daha bir çətin tapşırığın öhdəsindən gəlməyə hazırlaşır. “İslam dünyası üçün xüsusi önəm daşıyan bu yarışların proqramında  güləş növü ilk dəfə yer alır və dünyanın adlı-sanlı pəhləvanlarından sayılan Azərbaycan güləşçilərinin Oyunlarda qazanacağı nəticələr güləş ölkəsi, eyni zamanda, yarışların ev sahibi kimi respublikamız üçün mühüm əhəmiyyət daşıyır. Müsəlman ölkələri yarışlara ən güclü heyətlə qatılacaqlar. Komandamız dünyanın ən güclülərindən biridir və heyətdə adlı-sanlı pəhləvanlar yer alır. Oyunlarda yalnız qələbə üçün güləşəcəyik”, – deyən dünya şöhrətli idmançımız bu mötəbər yarışlarda qələbənin güləşçilərimiz üçün nə qədər böyük önəm kəsb etdiyini vurğulayır.

Qeyd edək ki, Stadnik komanda ilə birgə Kiyevdə təlim-məşqləri davam etdirir. IV İslam Həmrəyliyi Oyunları ərəfəsində güləşçilərimiz qitə çempionatında qüvvələrini sınayacaqlar. Mayın ilk ongünlüyündə keçiriləcək Avropa çempionatında Mariya 48 kiloqramda qüvvəsini sınayacaq. Mayın 19-da isə İslamiadanın güləş yarışlarında mübarizəyə başlayacaq. 

Qələbə ruhuna köklənmiş 3 qat Olimpiya mükafatçısı Mariya Stadnikin bu ciddi sınaqlardan da layiqincə çıxacağına və idman tariximizə yeni zəfər salnaməsi yazacağına inanırıq.

Leyla QURBANOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında