Bakı 2017: Xəzərdən başlanan səyahət Gəncəyə yetişdi

Xəzər dənizindən start götürən Bakı 2017 ümumxalq səyahət turu dünən Gəncəyə yetişdi. Azərbaycanın 15 bölgəsində baş tutacaq bu tur xalqımıza idman bayramı əhval-ruhiyyəsini bəxş etməklə bərabər, eyni zamanda, həmrəylik və sevinc hissini də yaşadacaq.

Bu əlamətdar günlə əlaqədar dünən səhər ilk olaraq Göygöl ətrafında tədbir keçirildi. Göygöl Azərbaycanın ən gözəl göllərindən biridir. Murovdağın ətəklərində yerləşən bu göl Göygöl Milli Parkının ərazisinə düşür. Burada bölgənin subalp ekosistemi qorunur. 1139-cu ildə baş vermiş zəlzələ nəticəsində Kəpəz dağının bir hissəsi uçaraq, Ağsu çayının qarşısını kəsmiş və bu gölü yaratmışdır.

Su mərasimi piano və skripka həvəskarı Aysu Salahova, Azərbaycan Respublikasının Əməkdar bədən tərbiyəsi və idman xadimi Elçin Zeynalov və sərbəst güləş üzrə Olimpiya çempionu Toğrul Əsgərov tərəfindən göldən səhəngə su doldurulması ilə nümayiş etdirildi. Daha sonra Su səhəngi axşam keçirilən Su festivalında təqdim olundu. Qeyd edək ki, Bakıdan səyahətə başlayan səhəng mayın 12-də Bakı Olimpiya Stadionunda baş tutacaq açılış mərasiminin bir hissəsi olacaq.

Günorta saatlarında isə “Domestic Grassroots” proqramı çərçivəsində Gəncə şəhər Olimpiya İdman Kompleksində daha bir möhtəşəm layihə, “Sport joys – Regional idman tədbiri” həyata keçirildi. Bakı 2017-nin IV İslam Həmrəyliyi Oyunlarının təbliği və gənclərin idmana cəlb edilməsi məqsədi ilə həyata keçirilən tədbirdə müxtəlif idman müsabiqələri təşkil olundu. Tədbirin qonaqları arasında Bakı 2017, IV İslam Həmrəyliyi Oyunlarının ulduz səfiri Tünzalə Ağayeva da iştirak etdi.

 Tədbir iştirakçılara əyləncəli və rəngarəng anlar yaşatdı.         Mərasim axşam saatlarında Heydər Əliyev Parkındakı amfiteatrda keçirilən Su festivalı tədbiri ilə davam etdi. Tədbirə sərbəst giriş imkanı olan region sakinləri “Mirvari” rəqs qrupu və “Buta” vokal ansamblının ifasından, möhtəşəm su effekti və atəşfəşanlıqdan zövq aldılar.

Eyni zamanda, tədbirdə 5 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Su mərasiminin başlanğıcında Xəzər dənizinin suyu ilə dolu olan Su səhəngini Gəncə sakinlərinə təhvil verməsi görüntüləri də tamaşaçılara təqdim olundu.

Möhtəşəm Su tədbirlərinin idman bayramına xüsusi rəng qatdığından bəhs edən sərbəst güləş üzrə Olimpiya çempionu Toğrul Əsgərov dedi: “İslam Həmrəyliyi Oyunlarının keçirilməsində əsas məqsədimiz tolerantlıq, həmrəylik və ölkələr arasında dostluq əlaqələrinin gücləndirilməsidir. Belə bir tədbirin iştirakçısı olmaq çox qürurverici və xoş hissdir.”

Azərbaycan ərazisini əhatə edən və Xəzərdən başlanan səyahətin növbəti dayanacağı aprelin 21-də Şəmkirdə olacaq. Xəzər dənizindən başlanan və 37 gün ərzində 3000 kilometrdən artıq məsafəni qət edəcək səyahət 15 bölgəni əhatə edəcək.

İslam ölkələrindən gələn idmançılar yarışın 10 günü ərzində öz dövlətlərini 20 müxtəlif idman növü üzrə 23 kateqoriyada (atletika və paratletika, su idmanı növləri - suyatullanma, üzgüçülük, vaterpolo, 3x3 basketbol, futbol, idman gimnastikası, bədii gimnastika, uşu, stolüstü tennis, həndbol, cüdo və görmə qabiliyyəti olmayanlar üçün cüdo, yunan-Roma güləşi, sərbəst güləş, atıcılıq, tennis, voleybol, boks, zorxana, karate, taekvondo, ağır atletika) Bakıda yerləşən 16 müasir yarış meydanlarında təmsil edəcəklər.

Hamlet Qasımov,
“Xalq qəzeti” nin
 bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında