Dördüncü ayını yaşadığımız 2017-ci il Azərbaycanın Olimpiya Hərəkatında çox əlamətdar bir ildir. Bu il respublikamızda Milli Olimpiya Komitəsi yaradılmasının 25 ili tamam olur. Bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaradılmasının 25 illik yubileyi haqqında” 2 mart 2017-ci il tarixli sərəncamda dövlət başçımız Milli Olimpiya Komitəsinin 25 illiyinin ictimai həyatda əhəmiyyətini nəzərə alaraq, ölkədə Olimpiya Hərəkatının daha da genişləndirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Milli Olimpiya Komitəsi ilə birlikdə MOK-un 25 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirməyi tapşırmışdır.
Bu il Azərbaycanın Olimpiya Hərəkatı, bütün idmanımız üçün bir də onunla əlamətdardır ki, cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinə rəhbərliyinin 20-ci ili tamam olur. 1997-ci il iyulun 31-dən MOK prezidenti kimi ölkə Olimpiya Hərəkatına rəhbərlik edən İlham Əliyevin böyük qayğı və diqqəti sayəsində Azərbaycan bu gün dünyanın ən güclü idman dövlətlərindən biri kimi tanınır. Həqiqətən, hər iki yubiley böyük hadisədir və ən yüksək səviyyədə, ölkənin bütün guşələrində geniş qeyd olunmağa layiqdir.
Maddi-texniki bazası durmadan möhkəmləndirilən, Olimpiya idman komplekslərinin sayı 40-ı keçən və onlarca başqa müasir idman qurğusu olan, Olimpiya və Paralimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında, mötəbər beynəlxalq turnirlərdə nailiyyətləri getdikcə artan Azərbaycan idmanının yüksək beynəlxalq nüfuzu insan həyatının bu ayrılmaz tərkib hissəsinə böyük sevgi və məhəbbətin göstəricisidir. Qazanılan uğurlar həm də çempion və rekordçuların gərgin məşqlərdə böyük zəhmətinin, yarışlarda nümayiş etdirdikləri yüksək ustalığın, əsl qələbə əzminin və əlbəttə ki, bir də bunun üçün onlara yaradılan ideal şəraitin bəhrəsidir.
Böyük qələbələr, rekord və medallar, Vətənin şərəfini layiqincə qorumaq, Olimpiya meydanlarında, dünya və Avropa çempionatlarında dövlət himnimizi səsləndirmək, milli bayrağımızı yüksəklərə ucaltmaq naminə göstərilən fədakarlıq isə bu qələbələrin müəlliflərinə ölkənin çox nüfuzlu insanları kimi hörmət qazandırır, onların adları hər yerdə fəxrlə çəkilir.
Prezident İlham Əliyev çıxışlarından birində bu barədə demişdir: “Düşünülmüş siyasət, məqsədyönlü işlər idmanı Azərbaycanda, cəmiyyətdə önəmli bir ictimai amilə çevirmişdir. Bu gün idmançılara cəmiyyətdə çox böyük hörmət var. İdmançılar cəmiyyətdə layiqli yer tutublar. İdmanla məşğul olmaq istəyənlərin sayı getdikcə artır. Bunun əsas səbəbi idmançıların uğurlarıdır və idmançılara göstərilən dövlət qayğısıdır. İdmançıların bütün problemləri öz həllini tapır. Artıq 20 ilə yaxındır ki, hər il ənənəvi olaraq idmançılara, idman mütəxəssislərinə, veteranlara dövlət tərəfindən mənzillər verilir. Hər il 20-30 mənzil verilir”.
Dövlət daimi qayğı göstərir, hər cür şərait yaradır, idmançılar da bu qayğıya minnətdarlıqlarını beynəlxalq meydanda möhtəşəm qələbələrlə bildirirlər. Elə qələbələrlə ki, onların əks-sədası dünyanın hər yerində xoşniyyətli insanlar tərəfindən rəğbətlə qarşılanır. Azərbaycan idmanının hər bir uğuru ölkəmizin vətəndaşları ilə yanaşı, xaricdəki dostlarımızın da ürəyindən olur, bədxahlarımızı isə boksçuların dili ilə desək, sarsıdıcı zərbələrlə dərin nokauta salır. Beləliklə də, uğurlarımızı öz qələbələri kimi qəbul edib, sevincimizə ürəkdən şərik çıxan dostlar da, nailiyyətlərimizi gözü götürməyən bədxahlar da müstəqil Azərbaycan dövləti idmançılarının yenilməz qələbə əzminin şahidi olurlar. Bütün dünya görür və möhkəm əmin olur ki, Bakının, Azərbaycanın istər böyük beynəlxalq idman yarışları, istərsə də digər sahələr üzrə mötəbər tədbirlər məkanına çevrilməsi təsadüfi deyil, ilk növbədə, ölkəmizin güclü imkanlarına, mütəxəssislərimizin yüksək təşkilatçılıq bacarığına böyük inam və etimadın nəticəsidir.
İdman ictimaiyyəti onu da yaxşı bilir ki, 2017-ci il həm də IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edildiyi ildir. İslamiadada yüksək nailiyyətlər bütün bu əlamətdar hadisələr üçün ən yaxşı töfhə olacaq.
Təşkilat Komitəsi Avropa Oyunlarında olduğu kimi, indi İslam Həmrəyliyi Oyunlarını da tam hazırlıqla, ən yüksək səviyyədə təşkil edib keçirmək üçün hər cür tədbir görmüşdür. Bunun belə olacağına heç bir şübhə yoxdur. Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkilində böyük xidmətləri olmuş Mehriban xanım Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin hələ 2015-ci il sentyabrın 23-də keçirilmiş birinci iclasında demişdi:
–Əlbəttə, Təşkilat Komitəsi birinci Avropa Oyunlarının hazırlanması və keçirilməsi dövründə böyük təcrübə əldə etdi. İslam Həmrəyliyi Oyunlarının da hazırlığında biz həmin prinsiplərlə çalışacağıq, işləyəcəyik. Biz çalışacağıq ki, ilk növbədə, Azərbaycan xalqı üçün növbəti böyük idman bayramı təşkil edək. Eyni zamanda, çalışacağıq ki, ölkəmizə gələn, Oyunlarda iştirak edən hər bir idmançı, hər bir qonaq özünü çox rahat, evindəki kimi hiss etsin.
“Bakı–2015” birinci Avropa Oyunlarından sonra bir çox dövlət başçısının, görkəmli şəxsiyyətlərin, beynəlxalq idman təşkilatları rəhbərlərinin, idmançıların özlərinin və mütəxəssislərin yekdilliklə qeyd etdikləri kimi, Azərbaycan paytaxtı bu yarışların təşkilində və idman uğurlarında elə bir səviyyə müəyyən edib ki, gələcəkdə ona çatmaq çox çətin olacaq. Düşünmək olar ki, yubileylər ilində “Bakı–2017” İslam Həmrəyliyi Oyunlarından sonra bu səviyyə daha da artacaq, söylənilən həmin yekdil fikir bir qədər də güclənəcək. Çünki iki il əvvəl olduğu kimi, yenə də Mehriban xanım Əliyevanın başçılıq etdiyi Təşkilat Komitəsi hazırlıq işlərinə böyük məsuliyyət hissi ilə yanaşır.
Azərbaycanda İslam Həmrəyliyi Oyunları və Olimpiya yubileyləri ilə yadda qalacaq 2017-ci ilin bahar təravətli bu xoş günlərində ölkəmizin idman ictimaiyyəti unudulmaz atəşfəşanlıq yaşayır. Paytaxt Bakı ilə yanaşı, hər yerdə əsl bayram əhval-ruhiyyəsi hökm sürür. Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin 25 illik yubileyi 26 yaşına qədəm qoymuş müstəqil dövlətimizin tarixində şanlı səhifədir. Dördüncü İslam Həmrəyliyi Oyunlarına son hazırlığın getdiyi bir vaxtda 57 müsəlman ölkəsi atletlərinin səbirsizliklə gözlənilən dostluq və qardaşlıq bayramının Xəzərdən başlayan su səyahəti bölgələrdə təntənəli hadisə, yerli sakinlərin böyük sevincinə səbəb olan bir tədbir kimi yüksək əhval-ruhiyyə, razılıq hissi və alqışlarla qarşılanır.
Teleekran qarşısında şahidi olduğumuz kimi, 37 gün üçün nəzərdə tutulan, 15 şəhər və rayonu əhatə edəcək su səyahəti Naxçıvan, Astara, Şirvan, Sabirabad, Ağcabədinin park və meydanlarında insanlara hədsiz sevinc gətirdi və hamıya böyük zövq verdi. Hadisə yerində müxbirlərə müsahibə verən yerli sakinlərin hər biri onların bölgəsində belə tarixi anların yaşanması ilə fəxr etdiyini, qürur duyduğunu bildirdi. Səyahət isə hələ davam edir.
Elə İslam Həmrəyliyi Oyunlarına hazırlığın həlledici mərhələsində olan idmançılarımızın da qələbə əzmi böyükdür. Qadınlardan ibarət milli komandanın voleybolçuları, həndbolçular, cüdo ustaları, güləşçilər, bədii gimnastlar, taekvondoçular və digər növlərin nümayəndələri start ərəfəsində müsahibələrində doğma Vətəndə keçiriləcək yarışlarda medal qazanmağı, çempion olmağı özləri üçün şərəfli bir borc hesab etdiklərini bildirirlər.
Milli boks komandamızın üzvü, birinci Avropa Oyunlarının çempionu Pərviz Bağırov qəzetimizin son nömrələrindən birinə müsahibəsində bildirmişdir ki, mən bu yarışların Vətənimizdə keçirilməsi ilə qürur duyuram və Oyunlarda yalnız birinci yer uğrunda mübarizə aparacağam. Komandamızın hər bir üzvü İslam aləminin bu nüfuzlu yarışında ümumi qələbəyə öz töfhəsini vermək üçün əlindən gələni edəcək, imkanlarından maksimum yararlanmağa çalışacaq. Azərbaycan komandasının Oyunların ən güclüsü adına layiq görülməsi üçün yaxşı potensialı var.
Hollandiyanın “Den Boş” klubunun yarımmüdafiəçisi Ziya Əzizov da İslam Həmrəyliyi Oyunlarında 23 yaşlı futbolçulardan ibarət komandamıza dəvət edilməsinə çox şaddır. Gənc futbolçu bununla əlaqədar deyib ki, məşqçilərə minnətdaram, Azərbaycan komandasında oynayacağımla fəxr edirəm. Sevinirəm ki, İslam Həmrəyliyi Oyunları bizim ölkəmizdə keçiriləcək. Azərbaycan yığmasının uğuru naminə var qüvvə ilə oynamağa hazıram.
Bir sözlə, Azərbaycan idmanının ən yaxşı nümayəndələri həmişəki kimi, bu gün də yüksək əhval-ruhiyyə ilə məşq edir, hazırlaşır, bütün qüvvə və bacarıqlarını İslam Həmrəyliyi Oyunlarında ölkəmizə mümkün qədər çox qələbə və medal qazandırmağa yönəltmişlər. Bu tarixi Oyunlarda onların hər bir nailiyyəti ölkəmizin Olimpiya Hərəkatında yubileyləri ikiqat bayrama çevirəcək.
Oqtay BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.