Yaşar Vahabzadənin komandası Roje Millanın davamçılarına qarşı

Keçmiş SSRİ çempionatlarında “Neftçi”nin uğurları üçün əlindən gələni etmiş əzmkar yarımmüdafiəçi, hazırda isə Azərbaycanın 23 yaşlılardan ibarət komandasının baş məşqçisi Yaşar Vahabzadənin yetirmələri püşkün hökmü ilə IV İslam Həmrəyliyi Oyunlarının futbol turnirinə yaxın keçmişdə Kamerun millisinin məşhur hücumçusu, iki dəfə Afrikada ilin ən yaxşı futbolçusu hesab edilmiş Roje Millanın davamçılarına qarşı görüşlə başlayacaqlar.

Hər iki rəqibin İslamiada proqramında xüsusi yeri olan futbol turniri çərçivəsində start matçını necə həyəcanla gözlədiyini asanlıqla təsəvvür etmək olar. Meydanın bir tərəfində “doğma divarlar” arasında minlərlə azarkeşin yorulmadan var qüvvə ilə dəstəkləyəcəyi və üzərlərinə necə böyük məsuliyyət düşdüyünü yaxşı dərk edən yarış sahibləri, digər tərəfində isə Millanın layiqli davamçıları olduqlarını sübuta yetirmək, turnirə yaxşı nəticə ilə başlamaq əzmində olan kamerunlu qonaqlarımız.

Bu iki komandanın rəqibləri də kifayət qədər güclüdürlər–Səudiyyə Ərəbistanı və Mərakeş. “A” qrupunu təşkil edəcək dörd kollektivin imkanlarını götür-qoy etdikdə adam heç bilmir, əvvəlcədən kimə üstünlük versin, yarımfinala hansı iki komandanı “çıxarsın”. Yəni nəsə bir şey proqnozlaşdırmaq çətindir. Ancaq rəqiblərimizin qüvvə və imkanlarına nə qədər hörmətlə yanaşsaq da, inanaq və ümid edək ki, qrup sınaqlarında öz nəticələrinə ürəkdən sevinəcək iki komandadan biri Azərbaycan millisi olacaq.

Elə Y. Vahabzadə də nikbin əhvaldadır. Məşqçi püşkdən dərhal sonra müsahibəsində belə bir fikir söyləmişdir:

–Açıq deyim ki, ən güclü komandalar məhz bizim qrupa düşüb. Ancaq bizim “doğma divarlar” üstünlüyümüz var. Yaxşı oyun göstərib, yaxşı nəticə qazanmağa çalışacağıq. Qrupumuzun favoriti Kamerundur. Turnirə də ona qarşı görüşlə başlayacağıq. Maraqlı oyun olacaq. Bütün çətinliklərə baxmayaraq, qrupda uğurlu nəticə göstərməyə çalışacağıq...

İslamiada turnirində digər qrupda isə Türkiyə, Fələstin, Oman və Əlcəzair yığmaları çıxış edəcəklər. Burada iki qalibdən biri, yəqin ki, Türkiyə komandası olacaq.

İki həftə ərzində azarkeşlərin diqqət mərkəzində olacaq IV İslam Həmrəyliyi Oyunlarının futbol turnirinin görüşləri Tofiq Bəhramov adına Respublika Stadionunda, “Bayıl Arena”, “Dalğa Arena” və “AZAL Arena”da keçiriləcək. Yarışa mayın 8-də start veriləcək.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında