Bu oyunlarda həmrəylik və dostluq qalib gələcək

Təşkilatçıların IV İslam Həmrəyliyi Oyunları üçün seçdikləri “Həmrəylik bizim gücümüzdür” şüarı əminliklə demək olar ki, özünü tam doğruldacaq, Bakı startlarında qələbə və medallar uğrunda rəqabət aparacaq 57 ölkə təmsilçilərinin gərgin mübarizəsində uduzan olmayacaq, son nəticədə dostluq və qardaşlıq qalib gələcək. Bununla da idman aləmi, bütünlükdə dünya bir daha əmin olacaq ki, birlik, həmrəylik, həqiqətən, çox böyük qüvvədir və bu qüvvə ilə dağı dağ üstə qoymaq olar.

Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da dövlət başçımız öz nitqində bu birliyin, həmrəyliyin mühüm əhəmiyyətini və gücünü bir daha vurğulamışdır: “Biz gələn ay İslan Həmrəyliyi Oyunlarını keçirəcəyik. Bütün hazırlıq işləri yekunlaşır. Bu da böyük bir idman bayramı olacaq. Mən artıq təntənəli mərasimdə qeyd etdim ki, bu, təkcə idman Oyunları deyil, həm də birlik Oyunlarıdır. Biz bu istiqamətdə də səylərimizlə müsəlman ölkələri arasındakı birliyi möhkəmləndirəcəyik”.

Hər dəfə hər hansı yarışda dövlət himninin, yüksəklərə ucaldılan milli bayraqların müşayiəti ilə qaliblərin mükafatlandırılması mərasimində medalların xoşbəxt sahiblərinin fəxri kürsüdə bir-biri ilə necə səmimi görüşüb xatirə şəkli çəkdirdiklərini istər nəhəng idman saraylarının tribunalarından, istərsə də teleekran qarşısında dəfələrlə izləmiş, hətta bu zaman qəlbləri riqqətə gətirən sevinc göz yaşlarının şahidi olmuşuq. Belə anlarda yarışın qəhrəmanları qazandıqları medallardan çox, ünsiyyət üçün yaranmış imkana sevinirlər.

Tezliklə bu cür  məqamları bir daha həyəcanla izləyə biləcəyik. Bir neçə gündən sonra bütün yollar müsəlman ölkələrinin idman nümayəndə heyətlərini tədricən Azərbaycana, IV İslam Həmrəyliyi Oyunlarına gətirəcək. Səudiyyə Ərəbistanı, Qətər, Kamerun, İordaniya, İndoneziya, Mali, Kot d‘İvuardan tutmuş Qazaxıstan, Qırğızıstan, Özbəkistanadək 57 dövlətin təmsilçiləri növbəti İslamiadanın paytaxtı Bakıda görüşüb tanış olmaq, dostluq əlaqələrini bir qədər də möhkəmləndirmək imkanı qazanacaqlar.

Azərbaycan da iki il əvvəl birinci Avropa Oyunlarında olduğu kimi, yenə də vahid komanda şəklində qonaqlarını ən yüksək səviyyədə, özünə xas olan ali qonaqpərvərliklə qarşılamağa hazırdır. Azərbaycan paytaxtında IV İslam Həmrəyliyi Oyunları müsəlman ölkələri idmançılarının təkcə gənclik və gözəllik deyil, həm də möhkəm birlik və həmrəylik bayramına çevriləcək.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında