İslam Həmrəyliyi Oyunlarının Bakı startlarından biri Azərbaycan pəhləvanlarının bitib-tükənməyən güc rəmzinə çevrilmiş zorxana idman yarışması üzrə olacaq. Tarixi faktlara nəzər salsaq, qədim dövrlərdən bu idman növünün insanlar arasında çox geniş yayıldığının, təxminən 700 il əvvəl bir daha yenidən sistemləşdirildiyinin şahidi olarıq.
Zorxananın Azərbaycanda geniş yayılması, əsasən, Səfəvilərin hakimiyyəti dövründən başlayıb. Bu dövrdə gənclərin təşkilatlandırılıb idman oyunlarının mərkəzləşdiyi yerlərə, zorxanalara cəlb etmək işi kütləvi hal alıb. O zamanlar pəhləvanlar cəmiyyət üçün çox böyük önəm kəsb edirdilər. Düşmən hücumları, münaqişələr, toqquşmalar, eləcə də yadellilərin basqınları zamanı, məhz pəhləvanlar öndə dayanırdılar.
Zorxana pəhləvanları döyüşə hazırlaşmaq üçün ciddi sınaqlardan keçirlərmiş. Döyüşdən qabaq məşqləri isə xüsusi təmtaraqla keçirilirmiş. Toppuz, qalxan, idman daşı və sair alətlərlə pəhləvanların döyüşqabağı məşqləri xalq musiqisinin sədaları altında, səs-küylə baş tutarmış. Sonra isə onların ən ağır alətlərlə məşqi başlayarmış. Böyük qüvvə, cəldlik, dözüm tələb edən məşqlərindən sonra pəhləvanlar yarış meydanlarına çıxarılırmışlar.
Yarışların keçirildiyi məkan - ortasında uzunu 4 və ya 5, eni 4, dərinliyi 1 metr olan səkkiz və ya altı güşəli şəkildə, yerdən aşağıda qurulmuş zorxanada keçirilirmiş. Pəhləvanlar qeyri-adi döyüş bacarıqları nümayiş etdirərmişlər. Zorxanaların qapısı alçaq olduğundan idmançılar qapıdan əyilərək keçməli idilər ki, bu da rəmzi məna daşıyıb onlara təvazökarlıq aşılamaq niyyətini daşıyırdı.
Döyüş zamanı xalça üzərinə çıxan pəhləvanlar bir-birini salamladıqdan sonra meydanı gəzər, musiqi sədaları altında yüngül rəqs hərəkətləri ilə meydanda dolaşırmışlar. Savaşa başlamaq üçün hakimin işarəsindən sonra bir-birinin əlini sıxar, nağara-zurna sədaları altında 3 dəfə çiyinlərini bir-birinə vurarmışlar. Zorxanalar Səfəvilər hakimiyyəti dövründə o qədər geniş yayılıbmış ki, artıq məhəllə ağsaqqallarının təsis və idarə etdikləri zorxanalardan başqa, həm də dövlətli və zadəganların, eləcə də hakimlərin evlərində bu cür məkanlar təşkil edilirdi.
Şübhəsiz, adlı-sanlı pəhləvanlar xalq arasında böyük hörmətə malik idilər və onların rəhbəri olan pəhləvanbaşı hətta görkəmli dövlət xadimləri ilə bir cərgədə dayanarmış.
Bütün bunlar Azərbaycanda dünya şöhrətli pəhləvanların yetişməsində böyük rol oynamışdır. Çin, Hindistan, İran və Misirdə məşhurlaşmış Maştağalı Hüseynqulu Hacı Mürsəloğlu, onun yetirməsi, vaxtilə "altıaylıq pəhləvan" adı ilə məşhur olan Əbdüləli Axundov, məğlubedilməz pəhləvan Abşeronlu Hüseynqulu, Balaxanılı Sap Pənci, Bakılı Şobı oğlu Abdulla, Əhmədli Məmməd, Atababa bu dövrün ən böyük zorxana ustaları idilər.
Avropanın hünər meydanlarında – London, Paris, Praqa, Roma və digər şəhərlərdə ən güclü pəhləvanların öhdəsindən gələn Sali Süleyman “pəhləvanların qənimi” kimi məşhurlaşmışdı. Qarabağda, Şuşada pəhləvanlıq məktəbində də güclü pəhləvanlar yetişmişdi. Eyni zamanda, digər bölgələrimizdə yenilməz gücü ilə hamını heyran qoyan zorxana ustaları böyük şöhrət qazanmışdılar.
Tarixçilər hər xalqın pəhləvanlar yetirə bilmədiyini dəfələrlə sübuta yetirmişlər. Xalqımızın mübariz ruhundan doğan məğlubedilməzlik zaman-zaman ayrı-ayrı fərdlərdə özünü büruzə vermişdir. Bunun ən böyük təsdiqi isə Azərbaycanda zorxana meydanlarının olmadığı yerlərdə belə məğlubedilməzliyin timsalına çevrilmiş, qeyri-adi gücləri ilə hamını mat-məəttəl qoymuş pəhləvanların ərsəyə gəlməsi olub. Onlar üçün kəndlərin çöl-çəməni əsl zorxana meydanına çevrilib. Kənd cavanları bayram və el şənliklərində qurşaq tutub, güc sınayar, kərən sındırar, buğa boynu əyib öyünər, daş oynadardılar.
Bütün bunlar artıq el şənliklərinin bir hissəsinə çevrilərək, Novruz mərasimlərindən sonrakı inkişaf mərhələlərində tamaşa növü kimi də məşhurlaşmışdır. Ayrı-ayrı dövrlərdə pəhləvanlarımızın yenilməzliyi, qəhrəmanlığı dastan olub dillərdə dolaşmış, yazılı ədəbiyyata köçürülmüşdür. Burada pəhləvan obrazının məğlubedilməz şəkildə təqdim edilməsi adi səciyyə daşımayıb, xalqın mübariz ruhunun real obrazı kimi verilib.
Bolşevik inqilabı zamanı Azərbaycanda repressiyaya məruz qalan ənənələrdən biri də zorxana olub. Şəhərlərin, məhəllələrin, nüfuzlu insanlarının toplandığı zorxanalar qadağan edilib.
Sovet dönəmində o qədər də məşhur olmayan milli idman növləri müstəqillik qazandıqdan sonra sürətlə inkişaf etməyə başlamışdır. 1990-cı ildə Azərbaycanda Milli İdman Növləri Assosiasiyası yaradılmışdır. Assosiasiya 6 milli idman növünü (milli güləş, atüstü milli idman oyunları, nərd, mütəhərrik oyunlar, zorxana və serim güləşi) təmsil edir.
Azərbaycan Zorxana Federasiyası 2007-ci ildən Beynəlxalq Zorxana İdman Federasiyasının (BZİF) üzvüdür. Qeyd edək ki, 52 dövlətin daxil olduğu Beynəlxalq Zorxana İdman Federasiyası tərəfindən keçirilən bütün çempionatlarda Azərbaycanın milli yığma komandası böyük uğurla çıxış edir. Həmin ildən başlayaraq zorxananın şöhrətini qaytarmaq üçün ölkəmizdə bu sahədə bir sıra işlər görülüb. 2007-ci ildə Avropa çempionatında iştirak edən yığma komandamızın üzvləri, pəhləvan güləşi üzrə Azad Cəfərov, kəbbadə üzrə Afis Namazov qitə birincisi olublar.
2009-cu ildə Azərbaycan komandası zorxana və pəhləvan güləşi üzrə keçirilən Dünya kubokunun qalibi olmuşdur. Həmin yarışlarda ağır çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək birinci yeri tutan Vüqar Qurbanova Beynəlxalq Zorxana İdman Federasiyası (BZİF) tərəfindən “Cahan pəhləvanı” (dünya pəhləvanı) adı verilmiş, “Qızıl bazubənd”lə təltif edilmişdir.
Azərbaycan Zorxana İdman Federasiyası 2010-cu ildə dünyada ilin ən yaxşı federasiyası, Vüsal Cavadov və Tural Əliyev isə ən yaxşı pəhləvanları seçilmişlər.
Milli İdman Növləri Assosiasiyası və Zorxana federasiyalarının prezidenti, ADBTİA-nın təkmübarizlik kafedrasının müdiri, professor Xanlar Qurbanov hazırda zorxana idmanı üzrə böyük nailiyyətlərin əldə olunduğunu söylədi. O qeyd etdi ki, komandamız hər il Avropa çempionatında yüksək nəticələr qazanaraq birinci yeri tutur. Dünya çempionatlarında və kuboklarında isə, adətən ilk iki pillədə qərarlaşırıq. “İki ay bundan əvvəl İndoneziyada keçirilən dünya çempionatında komandamız yalnız İran yığmasından geri qalaraq ikinci yeri tutdu. İraq pəhləvanları isə üçüncü pillədə yer aldılar. Müsəlman dövlətlərin bir çoxunda bu qədim idman növü inkişaf edib, şübhəsiz, rəqabət böyük olacaq. İran, İraq, Tacikistan, Pakistan və başqa ölkələrin zorxana ustaları fəxri kürsüdə yer almaq üçün gərgin mübarizə aparacaqlar. Komandamızın yüksək səviyyəli çıxışını təmin etmək üçün hər bir şərait var. Yığmamız hazırda Xaçmaz Olimpiya İdman Kompleksində məşqlərini davam etdirir. İdmançılarımız mübariz ruha kökləniblər. Onlar ölkəmizdə keçiriləcək bu mötəbər turnirdə qüvvələrini sınamaqdan məmnundurlar. Çox güman ki, yarışlarda, hər birinin tərkibində 5 nəfər olmaqla iki komandamız çıxış edəcək. Onlar qrup və fərdi hərəkətlərdə qüvvələrini sınayacaqlar. Fərdi hərəkətlərdə idmançılarımız çərxi çəməni, çərxi tiz, kəbbadə, səng, mil bazi və mil səngində medal uğrunda mübarizə aparacaqlar. Komanda baş məşqçi Ağayusif Qurbanovun rəhbərliyi altında hazırlığını davam etdirir”, - deyə Xanlar Qurbanov əlavə etdi.
Beləliklə, startına bir aydan da az qalan bu nüfuzlu turnirdə digər idman növlərindən heç də az maraq doğurmayacaq zorxana yarışlarını səbirsizliklə gözləyirik. İnanırıq ki, Azərbaycan pəhləvanları cəngi sədaları altında hünər göstərib, əbədi, əzəli döyüşkənliyimizi, mübariz ruhumuzu bir daha bəyan edəcək, zorxanamızın şöhrətini dünyada dillər əzbəri edəcəklər.
Leyla QURBANOVA,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.