Əvvəlcə Varşavada, sonra da Bakıda

İlin ilk aylarından iştirak etdikləri mötəbər beynəlxalq yarışlarda, o cümlədən “Qran-pri”, “Böyük dəbilqə” turnirlərində çıxışlarını yekunlaşdırmaqda olan Azərbaycan cüdoçuları hazırda Avropa çempionatı ərəfəsindədirlər. Səkkiz gündən sonra Varşavada starta çıxıb aprelin 23-də finişə çatacaq qitə birinciliyi həm də bir aydan sonra Bakıda başlanacaq IV İslam Həmrəyliyi Oyunları qarşısında milli komandamızın üzvlərinin ustalıq səviyyəsinə, qüvvə və imkanlarına son ciddi baxış olacaq.

Tatami ustalarımız Polşa paytaxtına yaxşı əhval-ruhiyyə ilə yola düşəcəklər. Onların bir çoxu ilin əvvəlindən bəri respublikamızda və xarici ölkələrdə keçirilmiş beynəlxalq yarışlarda özlərini yaxşı cəhətdən göstərmiş, mükafatçılar sırasında yer tutmuş, bununla da hazırlıq prosesinin düzgün istiqamətdə olduğunu təsdiq etmişdir.

Qazaxıstan, Macarıstan və bir sıra başqa ölkələrdə yerli idmançılarla birlikdə keçirilən səmərəli təlim-məşq toplanışları, yoxlama görüşləri cüdoçularımıza öz təcrübə və ustalıqlarını bir qədər də artırmaq imkanı vermişdir.

Rio-de-Janeyro Olimpiadasının gümüş mükafatçıları Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq) başda olmaqla milli komandanın, demək olar, bütün üzvləri –Nicat Şıxəlizadə (66 kq), Hidayət Heydərov (73 kq), Rüfət İsmayılov (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Elxan Məmmədov (100 kq), Uşanqi Kokauri (100 kq-dan yuxarı) arxada qalan turnirlərdən mümkün qədər çox fayda götürməyə çalışmışlar.

Bu günlərdə Antalyada başa çatmış “Qran-pri” də istisna olmamış, azərbaycanlı tatami ustalarından üç nəfərinə fəxri kürsüdə medal təqdim edilmişdir. Qadınların yarışında Nəzakət Əzizova (52 kq), kişilərin turnirində isə Hidayət Heydərov (73 kq) və Elxan Məmmədov (100 kq) Antalyada çıxışlarını bürünc mükafatla başa vurmuşlar. Beynəlxalq meydanda qazanılan medallar isə onların sahiblərinin reytinq göstəricisini bir qədər də yaxşılaşdırır.

Yuxarıda qeyd etdiyimiz kimi, qarşıda duran növbəti məsul yarış aprelin 20-də Varşavada başlanacaq Avropa çempionatıdır. Antalyada “Qran-pri”ni qitə çempionatı ərəfəsində baş məşq də hesab etmək olardı.

Hazırda komandanın qarşısında duran əsas vəzifə Avropa çempionatında, sonra da İslam Həmrəyliyi Oyunlarında uğurla çıxış edib, mümkün qədər çox medal qazanmaqdır. Avropa çempionatından sonra millinin baş məşqçisi Fərhad Məmmədov və onun həmkarları Bakıda İslamiadada Azərbaycanın şərəfini qoruyacaq heyəti qəti müəyyənləşdirməklə, bu yarışda da idman həvəskarlarımızı, bütün xalqımızı sevindirməyə çalışacaqlar.

Paytaxtımızda İslam Həmrəyliyi Oyunlarının cüdo turniri Azərbaycanda çox sevilən bu idman növünün pərəstişkarları üçün növbəti böyük bayrama çevriləcək. İslamiadanın cüdo yarışları mayın 13-15-də Heydər Əliyev adına İdman Sarayında keçiriləcəkdir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında