Rəsul Çunayev

Bizim günlərdə dünya güləş ailəsinin ən hörmətli üzvlərindən biri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli sərəncamı ilə “Bakı – 2015” birinci Avropa Oyunlarında yüksək nailiyyətlərə və Azərbaycanda idmanın inkişafında böyük xidmətlərinə görə “Şöhrət” ordeninə layiq görülmüş yunan-Roma güləşi ustası, Olimpiya mükafatçısı Rəsul Çunayev daha bir uğurun sevincini yaşamışdır.

Paytaxtımızda IV İslam Həmrəyliyi Oyunlarının başlanmasına təxminən bir ay qalmış, aprelin 7-də beynəlxalq meydanda onun növbəti qələbəsi şərəfinə nəhəng idman sarayında bir daha milli bayrağımız yüksəklərə ucaldılmış, dövlət himnimiz səsləndirilmişdir.

Bolqarıstanın Ruse şəhərində Dan Kolov və Nikola Petrovun xatirəsinə həsr edilib sayca 55-ci dəfə təşkil olunan turnirdə 71 kq çəki dərəcəsində fəxri kürsünün zirvəsini fəth edən Azərbaycan idmançısının qələbəsi onun üçün də, pərəstişkarları üçün də ikiqat qiymətli və qürurvericidir. Çunayev keçirdiyi bütün görüşlərdə tam üstünlüklə, rəqiblərinə bir xal belə vermədən qalib gəlmişdir. Əlcəzair, Koreya təmsilçiləri, yarımfinalda macarıstanlı dünya çempionu Balint Korpasi, finalda isə qırğızıstanlı güləşçi Rəsulla heç cür bacarmayıblar.

Əgər bu gün biz 26 yaşlı güləşçimizin nailiyyətlərini sadalamaq istəsək, yəqin ki, onun özü də istər yeniyetmələr, istərsə də gənclər və böyüklərin yarışlarında neçə dəfə fəxri kürsüyə yüksəldiyini xatırlamaqda çətinlik çəkər. Çünki idman karyerasında qələbələr çox olmuşdur.

Müxtəlif illərdə Bakı ilə yanaşı Daşkənd, Las-Veqas, Tehran, Kazan və daha neçə-neçə şəhərdə Avropa və dünya çempionatlarında, Dünya kuboku yarışlarında, tələbələrin Ümumdünya Universiadasında minlərlə tamaşaçının gözü qarşısında qazanılmış medallar onların sahibinin əzmkarlığına və ustalığına layiqli mükafatdır.

Rəsul Çunayev son nailiyyətlərindən birini də ötən il Rio-de-Janeyroda XXXI Yay Olimpiya Oyunlarında qazanmışdır. Amma Olimpiadaya çempion olmaq  arzusu ilə getdiyindən bürünc mükafata o qədər də sevinməmişdi. Buna baxmayaraq, istetadlı güləşçi ruhdan düşmür, Tokio–2020-də yenidən zirvəyə hücum etmək imkanı yaranacaq. Hələlik isə məqsəd IV İslam Həmrəyliyi Oyunlarında çempionluğu bayram etməkdir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında