Şirvan şəhərində keçirilən su festivalı atəşfəşanlıqla başa çatıb

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahəti Astaradan sonra aprelin 11-də Şirvan şəhərində davam edib.

Əvvəlcə Kür çayının Şirvan şəhər ərazisindən keçən hissəsindən su götürülüb. Sərbəst güləş üzrə idman ustası, Əməkdar məşqçi İsmayıl Həşimov, taekvando üzrə 2015-ci və 2017-ci illərdə Azərbaycan çempionatının bürünc mükafatçısı Arif Şükürov və Şirvan şəhər 10 nömrəli tam orta məktəbin şagirdi, şahmat həvəskarı Səma Əliyeva “Bakı-2017”nin su qabını doldurub, Heydər Əliyev meydanında keçiriləcək festivala yola düşüblər.

Sonra Şirvan şəhər Olimpiya İdman Kompleksində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına daxil edilmiş “Domestic Grassroots” proqramı çərçivəsində regional idman tədbiri keçirilib.

Tədbirdə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Elmira Ağayeva, layihə rəhbəri Ülviyyə Əkbərova, Oyunların ulduz səfirləri, aktyorlar Rafael İsgəndərov və Coşqun Rəhimov Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizin ictimai-siyasi və idman həyatında mühüm hadisə olduğunu qeyd edərək, gənc idmançılara uğurlar arzulayıblar.

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının təbliği və gənclərin idmana cəlb olunması məqsədilə məktəblilər arasında təşkil olunan müsabiqədə 5 məktəbdən 50-si qız, 50-si oğlan olmaqla, 100 şagird iştirak edib. Məktəblilər idmanın müxtəlif növləri üzrə qüvvələrini sınayıblar.

Qaliblərə Əməliyyat Komitəsi tərəfindən təqdim olunmuş kubok, diplom, məlumat kitabçaları, qalib komandaya isə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə bilet verilib.

Axşam saatlarında Şirvan şəhərindəki Heydər Əliyev meydanında su festivalı keçirilib.

Əvvəlcə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına hazırlıqla bağlı videoçarx nümayiş etdirilib.

Tədbirin aparıcısı  mayın 12-dən 22-dək Bakı şəhərində keçiriləcək IV İslam Həmrəyliyi Oyunları barədə məlumat verib.

Festivalda “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının su səyahətinin başlanmasından və bu səyahətin Şirvan mərhələsindən bəhs edən videoçarxlar nümayiş etdirilib, Xəzər dənizindən götürülmüş suyun Şirvan şəhərinədək keçdiyi səyahət yoluna nəzər salınıb.

Sonra su qabını daşıyan şirvanlı idmançılar alqış sədaları altında səhnəyə dəvət olunublar.

“Mirvari” rəqs qrupunun, Afaq Abbasova və Sabit Abdullayevin ifaları mərasim iştirakçılarına xoş ovqat bəxş edib.

Su festivalı möhtəşəm lazer şousu və atəşfəşanlıqla başa çatıb.

“Xəzərdən başlayan su səyahəti”nin növbəti dayanacağı aprelin 13-də Sabirabad olacaq.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında