Son illərdə Azərbaycanda iqtisadi, siyasi və humanitar beynəlxalq tədbirlərin keçirilməsinə mühüm önəm verilir. Bu isə təsadüfi deyil. Çünki artıq ölkəmiz dünyada sülh və əməkdaşlıq paytaxtı kimi tanınır və belə bir müsbət imicin formalaşmasında, şübhəsiz ki, rəsmi Bakının uğurlu xarici siyasəti az rol oynamır.
Xatırladaq ki, respublikamızda reallaşan beynəlxalq forumlara, konfranslara qatılan xarici dövlətlərin nümayəndələri öz ölkələrində Azərbaycan haqqında, burada gedən sosial-iqtisadi inkişafla bağlı geniş məlumat verirlər. Bununla bağlı diqqəti belə bir fakta yönəltmək istərdim: Dörd il əvvəl ölkəmizdə “Eurovision-2012” kimi möhtəşəm musiqi yarışmasının, 2015-ci ildə ilk Avropa Oyunlarının, ötən il isə “Formula-1” Avropa Qran-prisinin keçirilməsi Azərbaycanda musiqi və idman bayramına çevirilməklə bərabər, həm də insan hüquqları və demokratikləşmənin, eyni zamanda, milli-etnik, dini tolerantlığın təmini sahəsində əldə edilən uğurların nümayişi kimi diqqət çəkdi.
Onu da qeyd edək ki, ölkəmiz dünya miqyaslı bir sıra idman yarışlarını uğurla reallaşdırmaqla, Beynəlxalq və Avropa Olimpiya komitələrinin etimadını qazana bilib. Məhz elə bunun nəticəsidir ki, 2013-cü il iyulun 23-24-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) səkkizinci hesabat-seçki Baş Assambleyası çərçivəsində federasiyaya üzv olan milli Olimpiya komitələri 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmək üçün Azərbaycanın namizədliyinə səs veriblər. Tam səs çoxluğu ilə Azərbaycanın 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi barədə yekdilliklə qərar qəbul edilib. Şübhəsiz ki, belə bir qərarın qəbul edilməsi həm də Azərbaycanın dünyada getdikcə artan nüfuzundan xəbər verir. Mayın 12-dən 22-dək Bakıda “Həmrəylik bizim gücümüzdür” şüarı altında keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə, eləcə də İslam dünyasında mötəbər idman təntənəsinə çevriləcəyi şəksizdir.
Yeri gəlmişkən, İslam Həmrəyliyi Oyunları qısa müddət ərzində böyük nüfuz və kifayət qədər azarkeş kütləsi qazanıb. Oyunlar İslam Əməkdaşlığı Təşkilatına (İƏT) daxil olan ölkələri bir araya gətirən idman tədbiridir. İslam Həmrəyliyi Oyunlarının təşkilinə və keçirilməsinə 57 müsəlman ölkəsini özündə birləşdirən İslam Həmrəyliyi İdman Federasiyası (İHİF) nəzarət edir.
Artıq aprelin 5-dən etibarən Azərbaycanda İslam Həmrəyliyi Oyunları ilə bağlı bayram əhval-ruhiyyəsi özünü göstərir. Həmin gün paytaxtdakı Daş Salnamə Muzeyində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinə start verilib. Azərbaycan Prezidenti İlham Əliyev Xəzər dənizindən götürülən suyu özləri ilə aparmaq üçün Azərbaycanın bütün guşələrindən gələn uşaqlara təqdim edib. Burada suyun diqqət mərkəzinə çəkilməsi təsadüfi deyil. Bəllidir ki, su bəşəriyyət üçün həyat mənbəyidir, paklıq və birlik rəmzidir. Suyun İslam dinində də böyük mənəvi dəyəri var. Bakı isə Xəzər dənizinin sahilində yerləşir. Ona görə İslamiadanın səyahəti su ünsürünə həsr olunub.
Ölkəmiz və idmançılarımız üçün bu yarışlar böyük əhəmiyyət kəsb edir. Çünki Azərbaycan idman ölkəsidir. Ona görə də şübhə yoxdur ki, idmançılarımız I Avropa Oyunlarında və Rio Yay Olimpiya Oyunlarında qazandıqları uğurları burada da təkrarlayacaqlar. Bunun üçün idmançılarımız IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən yarışlara ciddi hazırlaşırlar. Əsas məqsəd də əvvəlki yarışlarda olduğu kimi, yüksək nəticələr qazanmaqdır. IV İslam Həmrəyliyi Oyunlarının idmançı səfiri, taekvandoçu Fəridə Əzizova bununla bağlı bildirib: “Bu yarışda İslam ölkələrindən güclü, titullu rəqiblərimiz çox olacaq. Onlara qarşı ciddi hazırlaşırıq. Rio Olimpiadasında taekvando komandamız üç medal qazanıb. Ona görə də IV İslam Həmrəyliyi Oyunlarının taekvando yarışında da medalların əyarlarının yüksək olacağını düşünürük. Həmçinin birinci Avropa Oyunlarının nəticələrinə baxsaq, bir daha əmin ola bilərik ki, İslamiadada da qızıl medallar qazanacağıq”.
İslam Həmrəyliyi Oyunları, eyni zamanda, bütün müsəlman dünyasının həmrəyliyinə xidmət edəcək. Prezident İlham Əliyevin “2017-ci ilin Azərbaycan Respublikasında “İslam həmrəyliyi ili” elan edilməsi haqqında” sərəncamında da qeyd edilir ki, ölkəmizin İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapıb və IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı qərar isə respublikamızın İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımlar atması üçün əlverişli şərait yaradır.
Prezident İlham Əliyev Daş Salnamə Muzeyində suyun səyahətinin başlanması ilə bağlı tədbirdə xatırladıb ki, İslam Həmrəyliyi Oyunları Bakıdan dünyaya nümayiş etdirəcək ki, müsəlman aləmi həmrəydir: “Bu il Azərbaycanda “İslam həmrəyliyi ili” elan edilmişdir. Bu da bütün müsəlman ölkələrini bir-biri ilə daha da sıx birləşdirmək üçün tərəfimizdən irəli sürülən önəmli təşəbbüsdür. Bu gün bütün müsəlman ölkələri birlik, həmrəylik nümayiş etdirməlidirlər. Əminəm ki, gələn ay keçiriləcək Oyunlar həm böyük idman bayramı olacaq, həm də bizim dostluğumuzu əks etdirəcək. Bütün müsəlman ölkələri 10 gün ərzində Bakıda öz təmsilçiləri vasitəsilə bir-biri ilə sıx əlaqələr quracaq, bir-birinin əlini sıxacaqlar. Biz Bakıdan bütün dünyaya nümayiş etdirəcəyik ki, İslam aləmi birdir və bizim birliyimiz bizim gücümüzü artırır”.
İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün hazırlıq işləri də diqqət mərkəzində saxlanılıb. Dövlət başçımızın “IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” sərəncamına əsasən, Mehriban xanım Əliyeva Oyunların keçirilməsi üzrə Təşkilat Komitəsinin sədri təyin olunub. Birinci vitse-prezidentə bu məsul vəzifənin həvalə olunması təsadüfi deyil. Çünki indiyədək məhz Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi təşkilat komitələri ölkəmizdə bir neçə tədbiri ideal səviyyədə reallaşdırıb. Belə ki, hələ 2012-ci ildə Bakıda keçirilən “Eurovision” mahnı yarışması daha çox yüksək təşkilatçılıq işlərinə görə yadda qalıb. Ümumiyyətlə, Azərbaycanın Avropanın ən populyar mahnı müsabiqəsində iştirakının təşəbbüskarı Mehriban xanım Əliyevadır. Azərbaycanın “Eurovision” mahnı müsabiqəsində iştirakı 2008-ci ildən başlayır. Həmin ildən Azərbaycan təmsilçiləri qatıldıqları bütün yarışmaların hər birini uğurla başa vurublar. 2011-ci ildə isə Azərbaycan təmsilçiləri birinci yeri tutmaqla “Eurovision”u Azərbaycana gətirdilər. O vaxt cəmi bir il ərzində Mehriban xanım Əliyevanın sədrliyi ilə Təşkilat Komitəsi hazırlıq işlərini ən yüksək səviyyədə həyata keçirdi, müsabiqənin keçirildiyi “Baku Crystal Hall”ın tikintisi vaxtında başa çatdırıldı. Beləliklə, son illər çoxsaylı siyasi, mədəni, idman və digər səpkili beynəlxalq tədbirlərin keçirildiyi Azərbaycan dünyanın yaxından izlədiyi “Eurovision-2012” mahnı müsabiqəsinə də layiqincə ev sahibliyi etdi.
Həmin il Azərbaycanın daha bir beynəlxalq tədbirə ev sahibliyi edəcəyi məlum oldu. 2012-ci ilin dekabrında Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında 2015-ci ildə I Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul edildi. Buna qədər Azərbaycan heç vaxt belə bir tədbirə ev sahibliyi etməmişdi. Avropa Oyunları qitə miqyaslı olması ilə yanaşı, həm də Yay Olimpiya Oyunlarına bərabər idman tədbiri idi. Azərbaycanın isə hazırlıq üçün cəmi iki il yarım vaxtı var idi. Lakin Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsi bu qısa vaxt ərzində ən mükəmməl hazırlıq işlərini həyata keçirdi və Avropaya öhdəliyə əməl etməyin yeni nümunəsini göstərdi.
Həmin dövrdə Bakıda Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Su İdmanı Sarayı, Atıcılıq Mərkəzi və Velopark kimi möhtəşəm idman qurğuları inşa edildi. Yarışların keçiriləcəyi digər idman kompleksləri ən müasir standartlar səviyyəsində yenidən quruldu. Atletlər və Media kəndləri xarici qonaqların istifadəsinə verildi. Bütün bunlar dünyada idman ölkəsi kimi tanınan, Olimpiya hərəkatına dəstəyi dövlət siyasətinin əsas istiqamətlərindən biri seçən Azərbaycanın uğurlu inkişafının göstəricisi idi.
Xatırladaq ki, Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq missiyası nəticəsində IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərinin səviyyəsi bu Oyunların da Azərbaycan xalqı üçün növbəti böyük idman bayramına çevriləcəyindən, ölkəmizə gələn hər bir idmançının, hər bir qonağın Azərbaycanda özünü çox rahat, öz evindəki kimi hiss edəcəyindən xəbər verir.
Dövlət başçımızın rəhbərliyi altında Azərbaycan bütün sahələrdə öz nümunəsini ortaya qoyaraq özünü dünyaya güclü, müstəqil və müasir inkişaf edən bir ölkə kimi tanıdıb. İqtisadi, siyasi, hüquqi, mədəni, humanitar, idman və digər sahələrdə həlledici uğurlar qazanan müstəqil respublikamız dünya miqyasında davamlı inkişaf yolu keçən ölkə kimi qəbul edilir. Çoxsaylı idman tədbirləri, sərgilər, konfranslar, habelə mədəniyyətimizin xarici ölkələrdə təqdimatı artıq beynəlxalq ictimaiyyətə də Azərbaycan haqqında kifayət qədər dolğun məlumatın çatdırılması üçün şərait yaradır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırda ölkəmiz dinamik inkişaf edir və bu yüksəlişdən, eləcə də dünyanın enerji təhlükəsizliyinə, sülhün qorunmasına verdiyi böyük töhfələrdən irəli gələrək beynəlxalq mövqelərini möhkəmləndirir. Təbii ki, hər bir ölkəni müasir dövrümüzdə dünya nizamı üçün əhəmiyyətli edən meyarlardan biri məhz beynəlxalq imicdir. Elə beynəlxalq təşkilatlar da öz tədbirlərini keçirərkən dövlətin imkanları, resursları ilə yanaşı, qlobal miqyasda mövqelərini nəzərə alırlar. İndiyədək Azərbaycanda beynəlxalq təşkilatların çox sayda siyasi, iqtisadi, mədəni və idman tədbirləri keçirilib.
Sonda məlum həqiqəti bir daha təkrar edirik: Hazırda Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasının səbəblərindən biri onunla bağlıdır ki, bu sahəyə yüksək dövlət qayğısı var. Prezident İlham Əliyev müxtəlif vaxtlarda etdiyi çıxışlarda xatırladıb ki, idmanın inkişafı Azərbaycanda dövlət siyasətidir və dövlət bu sahənin inkişafı üçün konkret addımlar atır. Bu gün də bu siyasət uğurla davam etdirilir. İdmana mühüm önəm verilir. Cəmiyyətdə idmançılara yüksək səviyyədə diqqət göstərilir, onların məişət problemlərinin həlli daim önə çəkilir. Bütün bu amillər isə həm idmanın inkişafına böyük təkan verir, həm də gənclərdə, yeniyetmələrdə, uşaqlarda idmana marağı artırır. İslam Həmrəyliyi İdman Federasiyası məhz bu amilləri nəzərə alaraq, sayca 4-cü İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsinə qərar verib. Şübhəsiz ki, IV İslamiada Azərbaycanın və İslam ölkələrinin idman tarixində mühüm və əlamətdar hadisə olacaq.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.