Azərbaycan paytaxtının Daş Salnamə Muzeyində başlanan, Naxçıvanda davam edən “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının su səyahətinin növbəti keçid ünvanı Astara olub. Aprelin 9-da səyahətə cənub rayonunun Ərçivan kəndində, magistral yolun kənarında yerləşən möcüzəli “Yanar bulaq” kompleksindən start verilib.
Ulu öndər Heydər Əliyevin “Azərbaycanın cənub qapısı” adlandırdığı Astaradan təbiət öz gözəlliyini əsirgəməyib, bu ecazkar diyar Xəzər dənizi ilə, bol sulu çayları, bulaqları ilə binadan su aydınlığına qovuşub. Rayonun şərq hissəsində qara qumlu çimərliklər, yaraşıqlı park-bulvar, qərbində yerləşən sıx ormanlar, bulaqlar və nəhayət, onun yerləşdiyi subtropik iqlimə xas yağışlar Astaranı ilboyu cəlbedici bir məkan kimi tanıdıb.
“Yanar bulaq” iki elementi - od və suyu özündə birləşdirir. Bulaqdan qaynayan qeyri-adi suyun tərkibində yüksək həcmdə metan var. Bu səbəbdən odu ona yaxınlaşdırdıqda sudan ayrılan qaz məşəl kimi alovlanır. Ərçivanlı sakinlər söyləyirlər ki, suyun müalicəvi keyfiyyətləri də yox deyil və buna görə uzaq ellərdən belə insanlar bu suyu içməyə gəlirlər. Astara rayonunun turizm marşrutuna daxil edilən və yerli əhəmiyyətli tarixi abidə kimi qorunan "Yanar bulağ"a ölkəmizin qonaqlarının, eləcə də buraya yarışlara gələn idmançıların böyük maraq göstərməsi təbiidir.
Sərbəst güləş üzrə dünya və Avropa çempionatlarının bürünc mükafatçısı, 2016-cı ildə Bakıda keçirilən “Qran-Pri” beynəlxalq yarışının qalibi Əliabbas Rzazadə, Əməkdar məşqçi Məhərrəm Ağayev və Astara şəhər 2 nömrəli tam orta məktəbin şagirdi, şahmatçı Mirrahil Ağayev “Yanar bulaq”da Azərbaycanın dəmirçilik üslubunda, İslam dünyasında ənənəvi sayılan qab dizaynına uyğun döyülmüş misdən hazırlanmış “Bakı 2017”-nin gözəl su qablarını su ilə doldurublar. Həmin su qabları axşam saatlarında Astaranın Xəzər sahilindəki möhtəşəm park-bulvar kompleksində keçirilən “Su festivalı”nda nümayiş etdirilib. Məlumat verilib ki, “Yanar bulaq”dan götürülən su mayın 12-də “Bakı-2017”–nin açılış mərasimində də təqdim olunacaq.
Astara Olimpiya İdman Kompleksində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına daxil edilmiş “Domestic Grassroots” proqramı çərçivəsində təşkil edilən regional idman tədbiri də maraqla qarşılanıb. Tədbirin açılış mərasimində çıxış edən Astara şəhəri üzrə icra nümayəndəsi Şahverən Cavadov, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Asif Quliyev və “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin daxili əlaqələr üzrə meneceri, layihə rəhbəri Ülviyyə Əkbərova IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizin ictimai-siyasi və idman həyatında mühüm hadisə olacağını qeyd edərək idmançılara qələbə sevincləri arzulayıblar.
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının tanıtımı və gənclərin idmana cəlb olunması məqsədilə məktəblilər arasında təşkil olunan yarışda 5 məktəbdən 100 şagird iştirak edib. Məktəblilər idmanın müxtəlif növlərində qüvvələrini sınayıblar. Fərqlənən idmançılara Əməliyyat Komitəsi tərəfindən təsis olunmuş kubok və diplomlar, məlumat kitabçaları verilib. Qalib komandaya isə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə bilet təqdim edilib.
“Xəzərdən başlayan su səyahəti” proqramı çərçivəsində Astara şəhərindəki park-bulvar kompleksində axşam saatlarında su festivalı keçirilib. Əvvəlcə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına hazırlıqla bağlı videoçarx nümayiş etdirilib. Sonra tədbirin aparıcısı qeyd edib ki, bu il mayın 12-dən 22-dək Azərbaycan paytaxtında keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında 57 ölkəni təmsil edən 4 minə yaxın idmançı 20 idman növündə mübarizə aparacaq. Oyunların səyahətinin su ünsürünə həsr olunması onunla bağlıdır ki, İslam dinində suya xüsusilə böyük önəm verilir. Eyni zamanda, möhtəşəm idman tədbirinə ev sahibliyi edəcək Bakı şəhəri Xəzər dənizinin sahilində yerləşir. “Su səyahəti”nə məhz Bakıda start verilib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xəzərdən götürülmüş suyu özləri ilə aparmaq üçün ölkəmizin müxtəlif guşələrindən gəlmiş uşaqlara təqdim edib.
Su səyahəti zamanı 3 min kilometrdən çox məsafə qət olunacaq və mayın 12-də Bakıda IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi ilə səyahət yekunlaşacaq. Həmin vaxt uşaqlar ölkənin göl və çaylarından, şəlalə və bulaqlarından topladıqları saf sularla idmançıları salamlayacaqlar.
Festivalda “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının su səyahətindən bəhs edən videoçarxlar nümayiş etdirilib, Xəzərdən götürülmüş suyun Astaraya qədər keçdiyi səyahət yoluna nəzər salınıb. Sonra su səhəngini daşıyan astaralı idmançılar alqış sədaları altında səhnəyə dəvət olunublar. Tədbirdə, həmçinin, aprelin 5-də Azərbaycanın dövlət başçısı cənab İlham Əliyevin Su mərasiminin başlanğıcında Xəzər dənizinin suyu ilə dolu olan su səhəngini Astara sakinlərinə təhvil verməsi görüntüləri də seyrçilərə təqdim olunub.
Mərasim iştirakçıları “Mirvari” rəqs qrupu, “Əvəsor” folklor kollektivi və Rövşən Cabbarovun ifasından zövq alıblar. “Su festivalı” möhtəşəm lazer şousu və atəşfəşanlıqla başa çatıb. Yüksək bayram ab-havası hər kəsdə xoş ovqat yaradıb.
Qeyd edək ki, “Xəzərdən başlayan su səyahəti”nin növbəti dayanacağı aprelin 11-də Şirvan şəhərində olacaq. Beləliklə, səyahət marşrutu Azərbaycanın 15 şəhər və rayonundan keçəcək və yürüş mayın 12-də Bakı Olimpiya Stadionunda başa çatacaq.
Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.