Azərbaycan paytaxtında müsəlman ölkələrinin ən yaxşı idmançılarının ən ali məclisi İslam Həmrəyliyi Oyunları hələ başlanmasa da, IV İslamiada artıq ilk rekordunu müəyyən etmişdir. Aprelin 5-də paytaxtımızdakı Daş Salnamə Muzeyində “Bakı–2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinə həsr olunan mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin öz çıxışında dediyi kimi, bu Oyunlarda 57 ölkənin idmançıları iştirak edəcəklər və bu, Oyunların tarixində bir rekorddur.
Beləliklə, 2015-ci ilin iyun ayının unudulmaz 17 günü ərzində birinci Avropa Oyunlarını istər təşkilatçılıq, istərsə də idman nəticələri baxımından fantastik nailiyyətlərlə əlamətdar edən və Avropa Oyunlarının vətəni kimi böyük şöhrət qazanan Azərbaycan həmin startlardan cəmi iki il sonra öz tarixinə daha bir parlaq səhifə yazacaq. İki il əvvəl qitəmizin idman hərəkatında yeni dövrün başlanmasına start verən Azərbaycan və onun gözəl paytaxtı Bakı indi müsəlman dövlətləri idmançılarının ən böyük bayramında 57 ölkə təmsilçilərini bu yarışların bayrağı altına toplaması ilə qürur duyacaq. Əzəmətli Bakı Olimpiya Stadionu da öz növbəsində qısa tarixi ərzində iki çox böyük idman hadisəsinin təntənəli açılış və bağlanış mərasimlərinin şahidi olması ilə diqqətləri cəlb edəcək.
Göründüyü kimi, Azərbaycanda rekordçu İslamiada İslam mədəniyyətinin dünyada təbliği işinə daha böyük töhfə verəcək. Çünki heç kim üçün sirr deyil ki, qarşıdakı startların iştirakçısı olacaq 57 ölkənin nümayəndələri Azərbaycanda idmana yüksək dövlət qayğısı, idman təşkilatçılarımızın mükəmməl bacarığı, Azərbaycan qonaqpərvərliyi və həqiqətləri barədə təəssüratlarını daha çox ölkəyə çatdıracaqlar.
İstər Olimpiya oyunları, istər Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları olsun, istərsə də hər hansı başqa bir yarış, səviyyəsindən asılı olmayaraq, onların iştirakçıları çətin sınaqlarda qələbə və medallar uğrunda var qüvvə ilə mübarizə aparmaqla yanaşı, bu startların ilk növbədə, dostluq və idman bayramı olduğunu yaxşı dərk edirlər. Hamının dəfələrlə şahidi olduğu kimi, idman sülhə, dostluğa, qarşılıqlı anlaşmaya, mehriban münasibətlər və sıx əlaqələr yaranmasına, sonralar bu əlaqələrin daha da inkişaf etdirilməsi işinə xidmət edir.
Bu səbəbdən də Prezident İlham Əliyevin Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirildiyi 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi ili” elan etməsi çox yerinə düşmüş və beynəlxalq dairələrdə də etiraf olunduğu kimi, bu, müstəsna təşəbbüsdür. Dövlət başçımız bununla əlaqədar yuxarıda xatırlatdığımız mərasimdə demişdir: “Bu il Azərbaycanda “İslam Həmrəyliyi ili” elan edilmişdir. Bu da bütün müsəlman ölkələrini bir-biri ilə daha da sıx birləşdirmək üçün tərəfimizdən irəli sürülən önəmli təşəbbüsdür. Bu gün bütün müsəlman ölkələri birlik, həmrəylik nümayiş etdirməlidirlər. Əminəm ki, gələn ay keçiriləcək Oyunlar həm böyük idman bayramı olacaq, həm də bizim dostluğumuzu əks etdirəcək. Bütün müsəlman ölkələri 10 gün ərzində Bakıda öz təmsilçiləri vasitəsilə sıx əlaqələr quracaq, bir-birinin əlini sıxacaqlar. Biz Bakıdan bütün dünyaya nümayiş etdirəcəyik ki, İslam aləmi birdir və bizim birliyimiz bizim gücümüzü artırır”.
Təsadüfi deyil ki, Oyunlar “Həmrəylik bizim gücümüzdür” şüarı altında keçirilir. Bu bir daha göstərir ki, hər bir işdə birlik, həmrəylik, mehriban münasibətlər böyük əhəmiyyət kəsb edir. Təkcə İslam aləmi üçün yox, həm də dünya üçün çox önəmli idman hadisəsi olan IV İslam Həmrəyliyi Oyunlarının təşkili hüququnun respublikamıza etibar olunması barədə İslam Həmrəyliyi İdman Federasiyasının 2013-cü il 24 iyun tarixli qərarı ölkəmizə, onun idman təşkilatlarına yüksək etimadın göstəricisidir və Azərbaycanın dünya miqyasında çox böyük nüfuza sahib olduğunu göstərir.
Həyata 2005-ci ildə Səudiyyə Ərəbistanında vəsiqə qazanmış İslam Həmrəyliyi Oyunlarının qarşıdakı may ayında Bakıda təşkil ediləcək sayca dördüncü startlarının yüksək idman nəticələrimizlə zəngin olacağına da idman ictimaiyyətimizin, bütün xalqımızın inamı böyükdür.
Sıralarında adlı-sanlı idmançılar, olimpiadaların, Avropa Oyunlarının, İslam Həmrəyliyi Oyunlarının, dünya və Avropa çempionatlarının, “Böyük dəbilqə”, “Qran-pri” və digər mötəbər beynəlxalq yarışların neçə-neçə qalib və mükafatçısı olan, dünya reytinq cədvəllərinin yüksək pillələrində irəliləyən məşhur Azərbaycan atletləri yenə meydana yenilməz qələbə əzmi ilə çıxacaqlar. Dünya şöhrətli güləş ustaları Toğrul Əsgərov, Cəbrayıl Həsənov, Hacı Əliyev, Rəsul Çunayev, Həsən Əliyev, Mariya Stadnik, taekvondoçular Radik İsayev, Fəridə Əzizova, Patimat Abakarova, cüdoçular Rüstəm Orucov, Elmar Qasımov və onlarca digər məşhur idmançımızın yüksək hazırlıq səviyyəsi və ustalığı onlardan yeni-yeni zəfərlər gözləməyimizə tam əsas verir.
Artıq xəbər verdiyimiz kimi, Bakıda IV İslam Həmrəyliyi Oyunları proqramına daxil olan komanda idman növləri üçün püşk atılmış, ilkin mərhələdə qarşılaşacaq rəqiblər məlum olmuşdur. İndi qrupların tərkibinə bir daha nəzər salıb, imkanları müəyyən dərəcədə qiymətləndirmək olar. Basketbol 3x3 yarışlarında kişilərdən ibarət komandamız Türkiyə, Türkmənistan, Səudiyyə Ərəbistanı və Pakistan yığmaları ilə bir qrupda çıxış edəcək, qadınlar isə ilkin mərhələdə Türkmənistan, Əlcəzair, Mali, Əfqanıstan basketbolçuları ilə qarşılaşacaqlar.
Qadın voleybolçuların turnirində Azərbaycan idmançılarının rəqibləri qrup mərhələsində Türkiyə, Kamerun, Qırğızıstan və Tacikistan yığmaları olacaq. Heyətlərində mahir ustaların çıxış etdiyi Azərbaycan və Türkiyə komandalarının görüşündən, şübhəsiz, böyük zövq alacağıq. Yəqin ki, qızıl medallar uğrunda mübarizədə də baş rolları məhz bu iki ölkənin komandaları oynayacaqlar.
İslamiadanın futbol turnirində səkkiz ölkə komandası rəqabət aparacaq. Onlar ilkin mərhələdə iki qrupa bölünmüşlər: “A” qrupu. Azərbaycan, Kamerun, Səudiyyə Ərəbistanı, Mərakeş; “B” qrupu. Fələstin, Oman, Əlcəzair, Türkiyə. Hər qrupdan ən yaxşı iki komanda yarımfinala çıxacaq. Bu mərhələnin oyunları mayın 18-də və 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcəkdir. İslamiadanın futbol görüşləri həmçinin “Bayıl Arena”, “Dalğa Arena” və “AZAL Arena”da təşkil olunacaq. Artıq Azərbaycan futbolçularının ilk oyunda kamerunlu rəqiblərlə qarşılaşacaqları da məlumdur.
Futbol İslam Həmrəyliyi Oyunlarının proqramında ən çox maraq doğuran idman növlərindən biridir. Son illər Ağdamın “Qarabağ” komandasının və Qəbələnin eyniadlı klubunun UEFA Avropa Liqası yarışlarında uğurlu çıxışları, qrup sınaqlarına vəsiqə qazanmaları, Azərbaycan milli komandasının isə 2018-ci il dünya çempionatının seçmə yarışlarında hələlik işlərinin pis getməməsi və yığmamızın turnirin birinci dövrəsindən sonra gələn il Rusiya stadionlarında təşkil olunacaq mundialda oynamaq imkanını hələ özündə saxlaması futbolumuzun pərəstişkarlarını yeni uğurlara həvəsləndirir. Ona görə də İslam Həmrəyliyi Oyunlarının finişində müvəffəqiyyətə sevinən komandalardan biri məhz Azərbaycan komandası olsa, bu təəccüblə qarşılanmamalıdır.
Bir məsələ üzərində də ətraflı dayanmağa kifayət qədər ciddi əsas var. Bu, dərin rəmzi məna daşıyır ki, Bakıdan İslam Həmrəyliyi Oyunlarının estafetini İstanbul qəbul edəcək. Bu barədə xəbəri idman ictimaiyyətinin diqqətinə aprelin 6-da Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov çatdırmışdır. Həmin gün şəhərimizdə keçirilmiş və İslam Həmrəyliyi İdman Federasiyası İcraiyyə Komitəsinin işinə həsr olunmuş mətbuat konfransında nazir bildirmişdir ki, iclasda növbəti İslamiadanın 2021-ci ildə İstanbulda keçirilməsi qərara alınmışdır.
Həqiqətən, İslam Həmrəyliyi Oyunlarının estafeti etibarlı əllərdədir, Azərbaycandan sonra qardaş Türkiyə də bu mötəbər idman hadisəsinin iştirakçılarını qəbul edəcək və müsəlman ölkələri atletlərinin dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsi istiqamətində növbəti addımlar İstanbulda atılacaq.
Mətbuat konfransında Türkiyənin gənclər və idman naziri Akif Çağatay Kılıç da öz növbəsində bildirmişdir ki, o, Bakıda yarışların başlanmasını səbirsizliklə gözləyir: “Mən şübhə etmirəm ki, Bakıda startlar ən yüksək səviyyədə keçəcək. İkiqat fərəhlidir ki, Azərbaycan paytaxtında estafeti İstanbul qəbul edəcək. Türkiyə Bakıda startlarda geniş heyətlə təmsil olunacaq. Biz yarışlara səylə hazırlaşırıq. Bu Oyunlar idmançı və azarkeşlər üçün əsl bayrama çevriləcək”.
Elə həmin gün Türkiyə Milli Olimpiya Komitəsinin saytında yerləşdirilmiş xəbərdə isə bildirilmişdir ki, Prezident Rəcəb Tayyib Ərdoğan və Baş nazir Binəli Yıldırım 2021-ci ildə V İslam Həmrəyliyi Oyunlarının İstanbulda keçirilməsi təşəbbüsünə tam dəstək vermişlər.
Sayt həmçinin xatırladır ki, Türkiyə idmançıları 2005-ci ildə Səudiyyə Ərəbistanında təşkil edilən I İslam Həmrəyliyi Oyunlarında 7 növdə 38 idmançı ilə təmsil olunmuş və 7 medal–1 qızıl, 3 gümüş və 3 bürünc mükafat qazanmışlar. 2013-cü ildə İndoneziyada keçirilən III İslamiadaya Türkiyə 154 idmançı göndərmiş və onlar 103 medala– 23 qızıl, 30 gümüş, 50 bürünc mükafata sahib olmuşlar.
Qardaş ölkə atletləri Azərbaycan paytaxtında IV İslam Həmrəyliyi Oyunlarında isə 345 nəfərlə təmsil olunacaqlar. Onlar 21 növdə medallar uğrunda mübarizə aparacaqlar.
Oqtay BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.