Azərbaycan–Türkiyə finalı çox maraqlı ola bilər

Bakı Olimpiya Stadionunda təntənəli açılış mərasiminə getdikcə daha az vaxt qalan IV İslam Həmrəyliyi Oyunlarında istər şəxsi yarışlarda, istərsə də komanda idman növlərində fəxri kürsüyə yüksələcəklərinə böyük ümidlər bəslədiyimiz Azərbaycan idmanının bir çox məşhur yetirməsi arasında qadınlardan ibarət milli voleybol kollektivi də vardır. Bu gün zəngin təcrübəli mütəxəssiz Faiq Qarayevin rəhbərliyi altında voleybolumuzun gözəl ənənələrini davam etdirən və beynəlxalq meydanda kifayət qədər nüfuz sahibi olan bu kollektiv İslamiadada Azərbaycanı medalla sevindirmək arzusu ilə yaşayır.

İslam Həmrəyliyi Oyunlarında qadın voleybolçuların turnirində medallar uğrunda beş komanda mübarizə aparacaq. Onlardan Azərbaycan və Türkiyə yığmaları çempionluğa daha real namizəd hesab olunurlar. Bu qardaş ölkələrin təmsilçiləri paytaxtımızda qarşılaşacaqları Kamerun, Qırğızıstan və Tacikistan komandaları ilə müqayisədə beynəlxalq meydanda daha çox tanınır.

Hazırda Azərbaycan millisinin bir neçə üzvünün qabaqcıl voleybol ölkələrinin klublarında çıxış etməsi də təsadüfi deyil. Yığmamızın lideri və əsas zərbə qüvvəsi Polina Rəhimova Yaponiya çempionatında, Odina Bayramova İtaliyada inamlı oyunları ilə komandalarına yaxından kömək edirlər.

Azərbaycan komandasına 30 namizəd arasında adlarını çəkdiyimiz voleybolçularla yanaşı, Valeriya Məmmədova, Katerina Jidkova, Ayşən Əbdüləzimova, Aynur Kərimova, Anastasiya Qurbanova və bir sıra başqa ustalar da vardır. Onların və rəfiqələrinin birgə səylə çox şeyə nail ola biləcəklərini bu yaxınlarda bizim Superliqanın çempionu olmuş “Telekom” klubunun baş məşqçisi Zoran Qaiç də müsahibələrindən birində təsdiq etmişdir. Serbiyalı mütəxəssis demişdir ki, Azərbaycan yığması Avropada ən güclülərdən biridir. Bu komanda üçün elə bir nəticə yoxdur ki, ona nail ola bilməsin.

Azərbaycanda qadın voleybolunun yaxşı inkişaf səviyyəsi hələ ötən əsrin ortalarından SSRİ çempionatlarında diqqəti cəlb etməyə başlamış, bir qədər sonra isə respublikamız dünya voleyboluna görkəmli ustalar vermişdir. Təkcə onu xatırlatmaq olar ki, Beynəlxalq Voleybol Federasiyasının ekspertləri tərəfindən XX əsrdə kubalı Reqla Torresdən sonra dünyanın ikinci ən yaxşı qadın voleybolçusu hesab edilmiş İnna Rıskal SSRİ yığma komandası heyətində dörd Olimpiya oyunlarında böyük qələbə sevinci keçirmiş, Mexico–68 və Münhen–72-də çempion olmuş, Tokio–64 və Monreal–76-da gümüş medal qazanmışdır. Onun tarixi nailiyyətləri gözəl nümunədir.

Yuxarıda qeyd etdiyimiz kimi, IV  İslam Həmrəyliyi Oyunlarının voleybol turnirində beş komanda iştirak edəcək və yarış dairəvi sistem üzrə keçiriləcəkdir. Qrupda ilk dörd yeri tutan kollektivlər yarımfinala çıxacaqlar. Yarımfinalların qalibləri öz aralarında keçirəcəkləri həlledici görüşdə çempionu müəyyənləşdirəcəklər. Əgər bütün beş rəqibin ustalıq səviyyəsi və imkanları arasında müqayisə aparmalı olsaq, Kamerun, Tacikistan və Qırğızıstan komandalarından üstün hesab edə biləcəyimiz Azərbaycan və Türkiyə voleybolçuları finala çıxmaq üçün daha yaxşı imkana malikdirlər. Bunun məhz belə olub-olmayacağını yarışların sonuncu günü, mayın 21-də biləcəyik. Turnirə mayın 11-də start veriləcəyini də qeyd edək.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında