“Bakıda ən yüksək nəticələr üçün mübarizə aparacağıq”

IV İslam Həmrəyliyi Oyunlarının yarış həyəcanı yaxınlaşdıqca komandamızın nəticələrini götür-qoy edir, idmançılarımızın potensialına nəzər salırıq. Şübhəsiz, aparıcı idman növlərimiz var ki, bu sahədə böyük nailiyyətlər əldə etmişik və təmsilçilərimizdən uğurlu nəticələr gözləyirik. Bunların arasında boksu xüsusilə qeyd etmək lazımdır. Boksçularımız müstəqillik dövründə dünyanın bir nömrəli idman yarışı olan Olimpiya Oyunlarından Vətənə medallarla qayıtmışlar.

Düzdür, bütün oyunlarda medalların əyarının bürünc olması bizi narahat edirdi. Son Olimpiya Oyunlarında bürünc sindromunu qırmağımız bu idman növündə daha yüksək inkişaf mərhələsinə qədəm qoyduğumuzu göstərir.

IV İslam Həmrəyliyi Oyunlarında boksçularımızın medal qazanacaqlarına böyük ümidlər bəsləyirik. Boks heyətimizdə yüksək titullu idmançılar – Olimpiya Oyunlarının, dünya və Avropa çempionatlarının qalib və mükafatçıları var. Amma sürprizlər də heç vaxt yan keçmir. Sürprizlərdən söz açmışkən, Rio Olimpiadasının əsl sürpriz idmançısı kimi dilə-dişə düşən Kamran Şahsuvarlının adını qeyd etmək istəyirik. Yeri gəlmişkən, boks ən ciddi zədələr baş verən, eyni zamanda, ən qalmaqallı idman növlərindən biridir. Rio Olimpiadasında adlı-sanlı, dünya şöhrətli boksçularımızdan kimi hakim ədalətsizliyi, kimi də zədəsi üzündən bir-birinin ardınca məğlub olduqca, o qədər də böyük nailiyyətləri ilə fərqlənməyən Kamran Şahsuvarlı Azərbaycan boksunun ulduzu kimi parlamağa başladı. Kamran Rio Olimpiadasından cəmi iki il qabaq Azərbaycan çempionu olmuş, ondan sonrakı illər isə “İpək yolu” beynəlxalq turnirinin bürünc və qızıl medallarını qazanmışdı.

Yarış taktikasına, texnikasına heç kimin bələd olmadığı gənc boksçu öz döyüşləri ilə ən güclü rəqiblərini və hətta hakimləri belə çaş-baş saldı. Rioda bir-birinin ardınca rəqiblərini rinqə çıxmağa peşiman edən dəri əlcək ustası yalnız təcrübəsizliyi üzündən məğlub olaraq bürünc medalla kifayətləndi.

Hazırda Qəbələdə təlim-məşqlərdə olan Kamran Şahsuvarlı ilə telefon əlaqəsi yaratdıq və IV İslam Həmrəyliyi Oyunlarına hazırlığı ilə maraqlandıq. 75 kiloqram çəki dərəcəsində rinqə çıxacaq gənc boksçumuz Oyunların onun üçün daha bir ciddi sınaq olduğunu dedi: “Hər bir idmançı qalib olmaq üçün özünə inanmalıdır. Bu inamla da məşqlərimizi davam etdiririk. Komandamızın hər bir üzvü rinqə yalnız qələbə üçün çıxacaq. Ən böyük arzum fəxri kürsünün ən yüksək pilləsində dayanıb, himnimizi səsləndirməkdir. Müsəlman ölkələri arasında güclü boks məktəbi ilə tanınanlar çoxdur. Hesab edirəm ki, Azərbaycan boks məktəbi ən güclüsüdür. Düşünürəm ki, rəqiblərimin öhdəsindən gələcəyəm”.

IV İslam Həmrəyliyi Oyunlarında 91 kiloqram çəkidə dünya şöhrətli boksçumuz, London-2012-nin bürünc, dünya çempionatının gümüş və bürünc medalçısı, Avropa çempionatı və ilk Avropa Oyunlarının qalibi Teymur Məmmədov mübarizə aparacaq. Qələbəsinə böyük ümidlər bəslədiyimiz bu idmançının medal şanslarını məşqçilər yüksək qiymətləndirirlər. 24 yaşlı boksçu ilə əlaqə yaradıb Oyunlara hazırlığı ilə maraqlandıq. Teymur “Bakıda ən yüksək nəticələr üçün mübarizə aparacağıq”, - dedi. “Təlim-məşqlərimiz yüksək səviyyədə keçir. Bilirik ki, mübarizə asan olmayacaq. Rəqiblərimiz də bizim kimi hazırlıqlı olacaqlar deyə, üstünlük qazanmalıyıq. Bunun üçün də dayanmadan üzərimizdə işləyirik. Hər birimizin məqsədi potensialımızdan maksimum yararlanmaqdır. Arzum İslam dünyasının bu möhtəşəm Oyunlarının qalibi olmaqdır. Doğma divarlar arasında qələbə qazanmaq çox gözəl hissdir”, - deyə əlavə etdi.

    Yığmanın böyük məşqçisi Nəriman Abdullayev təlim-məşqlərdə idmançıların hərtərəfli hazırlığı üçün hər bir şəraitin yaradıldığını bildirdi. O komandanın güclü potensiala malik olduğunu, onların fiziki, texniki, taktiki və psixoloji hazırlıqla bağlı yüksək səviyyəli məşqlər keçdiyini söylədi. “Düşünürəm ki, boksçularımız rinqdə öz sözlərini deyəcəklər”, - deyə əlavə etdi.

Leyla QURBANOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında