Xəzərdən başlayan su səyahəti ölkəmizin dünyaya sülh çağırışıdır

Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq musiqi və idman yarışları, həmçinin ölkəmizdə təşkil olunan festivalların açılış və bağlanış mərasimləri dünya ictimaiyyətinə bəşəri ismarıcların ötürülməsi baxımından fərqlənir. “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahəti də ölkəmizin bütün dünyada sülhün qorunması məqsədilə etdiyi çağırışdır.

Bu sözləri AZƏRTAC-a müsahibəsində AMEA Gəncə Bölməsinin ədəbiyyat şöbəsinin müdiri Ruziyə Quliyeva deyib.

O bildirib ki, son illər ölkəmizdə keçirilən beynəlxalq musiqi və idman yarışları, eləcə də müxtəlif festivalların açılış və bağlanış mərasimləri möhtəşəmliyi ilə seçilir. Bu cür tədbirlərin keçirildiyi məkanlar yüksək zövqlə hazırlanmış dekorasiyalarla və işıq effektləri ilə bəzədilir. Tədbir vaxtı tamaşaçılara təqdim olunan müxtəlif səhnəciklər, rəngarəng musiqilər isə hər kəsə estetik zövq bəxş edir. Belə tədbirlərin təşkilində peşəkar komandanın böyük əmək sərf etdiyi dərhal hiss olunur. Minlərlə insan üçün əsl mədəni hadisəyə çevrilən bu  tədbirlərdə ölkəmizin qədim tarixi, onun zəngin maddi-mədəni irsi təbliğ olunmaqla yanaşı, həm də dünyaya sülh çağırışları edilir, dövlətlər və xalqların bir-biri ilə mehriban yaşamağının mümkünlüyü ifadə olunur.

“Elə IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Xəzərdən başlayan su səyahəti də yüksək bəşəri dəyərləri özünün həyat tərzinə çevirən xalqımızın sülhsevərliyini dünyaya nümayiş etdirmək, həmçinin Azərbaycana xoş niyyətlə gələn hər kəs üçün buranın dostluq və qardaşlıq ölkəsi olduğunu göstərmək baxımından düşünülən orijinal yanaşmadır”, - deyə Ruziyə Quliyeva qeyd edib.

AMEA Gəncə Bölməsinin ədəbiyyat şöbəsinin müdiri deyib ki, lap qədim dövrlərdən ən böyük filosoflar həyatın başlanğıcının su olduğunu düşünüblər. Ona görə də insanlar suya bu dünyada maddi mövcudluğun əsası kimi baxıblar. Bu maddə üzərində aparılan elmi-laborator araşdırmalar göstərir ki, suya təbiətdə yalnız fiziki və kimyəvi proseslərin nəticəsi kimi baxmaq doğru deyil. Su özündə həm də möcüzəli, həyati xüsusiyyətlər daşıyan sirli, fəlsəfi mahiyyətli maddi varlıqdır: “Suyun yaddaşı var. Yəni, su ona verilən informasiyaları gizli, gözəgörünməz şəkildə yazır, saxlayır və ötürür. Ona görə də duaların bir qismi suya oxunur. Qarışıq yuxular suya söylənilir. İlaxır çərşənbədə çaydan, bulaqdan su gətirməklə vəsfi-hallar oxunur və gələcəkdən xəbər verilir”.

Suyun təzələnmə gücündə olduğunu deyən Ruziyə Quliyeva qeyd edib ki, yalnız axar su heç bir informasiya yükünə malik deyil. El arasında belə suya “lal su” deyilir. Məhz Novruz bayramında, xüsusən də Su çərşənbəsində sübh tezdən axar su üstünə getmək, su üstündən atlanmaq, evə təzə su səpmək, təzə sudan balatı (xəmir mayası) hazırlamaq, axar suyun üstündə köhnəlmiş, çatlamış qabları sındırmaq həmin ayinlərlə bağlıdır.

Bütün dinlər üçün paklıq və təmizlik rəmzi sayılan su haqqında səmavi kitablarda da məlumat verilir, suyun ilahi yaddaşı, qoruyucu funksiyası vurğulanır. Bu barədə danışan R.Quliyeva deyib: “Bibliya”da və “Qurani-Kərim”də Musa peyğəmbərin xilası su ilə bağlıdır. Müsəlman dininin vacib əməllərindən olan namazdan əvvəl insanlar qüsl edir, orucluq ayında isə iftarlarını su ilə açırlar. Xristianlar isə su ilə vəftiz olunur, yeni doğulmuş körpələri xaç suyuna salır, dualar oxumaqla hazırladıqları müqəddəs su ilə insanları paklaşdırırlar. Digər dinlərdə də su ilə bağlı çoxsaylı ayinlərin icra olunması məlumdur. Bütün bunlar suyun ilahi qüvvəsindən xəbər verir”.

Suyun məişətimizdə, adət-ənənələrimizdə, eləcə də folklorumuzda xüsusi yerə malik olduğunu xatırladan alim bildirib ki, bununla bağlı olaraq istər şifahi xalq ədəbiyyatında – atalar sözləri, tapmacalar, bayatılar, nağıllar, nəğmələr, mahnılar, əfsanələr, rəvayətlər, eləcə də dastanlarda sudan bəhs edən çoxlu sayda nümunələrə rast gəlmək mümkündür.

Yazılı ədəbiyyatımızda da su ilə bağlı çoxsaylı motivlərə rast gəlinir. Belə ki, XII əsr dünya poeziyasının klassiki, şair–filosof Nizami Gəncəvi fəlsəfi fikirlərinin daha çox əks olunduğu “İsgəndərnamə” əsərində “Dirilik suyu” haqqında məlumat verir. Bu suyu axtarmağa gedən İsgəndər yolda Xızıra rast gəlir. Zülmətdə qaynayan Dirilik suyunu içmək İsgəndərə deyil, Xızıra qismət olur. Əslində, bu əsərdə təsvir olunan Dirilik suyu ruhun əbədi mövcudluğudur. Xızır bu sudan içməklə əbədi həyat qazanır. Parıltılı sudan içən İsgəndər isə ölümsüzlük qazana bilmir və səfərdən qayıdanda dünyasını dəyişir.

Ruziyə Quliyeva deyib ki, dünyada su ilə bağlı bir sıra mühüm tədqiqatlar da aparılıb. Yapon alimi, Tokio Ümumi Problemlər İnstitutunun prezidenti Masari Emouto dünyanın bir çox yerindən olan su mənbələrini tədqiq edərək belə qənaətə gəlib ki, su insanın ruh halını, fikirlərini, hiss-həyəcanını, emosiyasını özünə çəkmək, onları uzun müddət qoruyub saxlamaq və ötürmək xüsusiyyətinə malikdir.

Yapon alimi sübut edib ki, müqəddəs sulara, o cümlədən “Zəm-zəm” suyuna “Bismillahir-rəhmanirrəhim” sözü ilə başlanan dualar oxunanda suyun kristalları gözəl bir düzüm alır.

Müasir dövrdə nanotexnologiyalarla aparılan elmi-tədqiqat vasitəsilə alimlər müqəddəs suyun tərkibini dəyişməyə nail ola bilməyiblər. Deməli, texnoloji üsullar nə qədər təkmilləşsə belə, suyun bir çox sirri hələlik insanlar üçün açılmamış qalır.

Suyu tədqiq edən alimlər belə bir nəticəyə gəliblər ki, onun kristal quruluşu klasterlərdən, yəni böyük molekullar toplusundan təşkil olunub. Həmin klasterlər isə informasiya panelləri adlanan yaddaş oyuqlarından ibarətdir. Bu isə bizə müasir kompüter yaddaşını xatırladır.

Bir sözlə, Xəzərdən başlayan su səyahətində ölkəmizdən dünyaya yayılan sülh çağırışları elmi-fəlsəfi mahiyyət daşıyır və bu cür tədbirlər ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında