Zəngin tarixi ilə bütün dövrlərdə diqqət çəkən, Qərblə Şərqin qovuşuğunda yerləşib fərqli millətlərin, dinlərin tarixi birgəyaşayış ənənələrini yüzillik, minilliklərin sınağından keçirib, bəlkə də elə buna görə dünyada tolerantlığın nümunəsinə çevrilən qədim Odlar Yurdu Azərbaycan bu günlər müsəlman dünyasına qucaq açıb, onları dostluq və birliyin rəmzinə çevrilən IV İslam Həmrəyliyi Oyunlarının hünər meydanına toplayacaq.
Dünyanın 4 qitəsindən 57 müsəlman ölkəsini bir araya gətirəcək bu böyük tədbirdə idmançılar fiziki və mənəvi kamilliyin vəhdətindən doğan böyük qələbənin gücünü göstərməklə yanaşı, humanizm, sülh kimi müqəddəs amallar naminə həmrəylik nümayiş etdirəcəklər.
Startına 35 gün qalan bu mötəbər tədbirin ölkəmizdə keçirilməsi əlamətdar bir hadisədir və Oyunların yüksək səviyyədə təşkili üçün ölkəmizdə genişmiqyaslı hazırlıq işləri görülüb. Avropa Şurası, həm də İslam Əməkdaşlıq Təşkilatının ən fəal üzvlərindən biri olan Azərbaycanın dünya, eləcə də müsəlman aləminə yeni töhfələri üçün əla fürsət yaranıb, bu imkanlardan hərtərəfli yararlanmaq üçün ölkəmiz böyük səylər göstərir. İslamofobiya, ksenofobiya, irqçiliyin geniş yayıldığı, milli zəmində çoxlu münaqişələrin baş verdiyi belə bir dövrdə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Bakıda idman tədbiri vasitəsilə bir araya gəlib güc və həmrəylik nümayiş etdirmələri çox böyük əhəmiyyət daşıyır. Cəmi iki il bundan əvvəl Bakı Avropa ölkələrinin təmsilçilərini dünyaya səs salan ilk Avropa Oyunları zamanı beləcə, öz bayrağı altına, güc və birliyin nümayişinə toplamışdı. Ölkəmiz adını Avropa Oyunlarının vətəni kimi tarixə yazdı və bu möhtəşəm Oyunların yekun nəticəsi olaraq qitənin ikinci ən güclü komandası kimi dünyanı heyrətləndirdi. Avropa Oyunlarına hazırlıq çərçivəsində nəhəng infrastruktur layihələrinin icra edilməsi, cəmi iki il yarım ərzində yarışlara yüksək səviyyədə hazırlıq görülməsi dünyanın gözü qarşısında baş vermişdi və yarışlarla yanaşı, dünya mətbuatı qocaman qitənin ilk Oyunlarının yüksək standartlarını yaratmış paytaxtımızın təşkilatçılıq bacarığından, ölkəmizin yüksək inkişaf səviyyəsindən, xalqımızın qonaqpərvərliyindən, bir sözlə, gözəl Azərbaycanımızdan heyranlıqla bəhs etdi.
2016-cı ildə dünyanın bir nömrəli idman tədbirində, “Rio-2016”-da 56 idmançı ilə təmsil olunan Azərbaycan komandası 18 medal qazandı, komandada mübarizə aparan üç idmançıdan birinin medala layiq görülməsi bu oyunlar üçün rekord nəticə idi. Ölkəmiz bu nəticəyə görə dünyada 14-cü, Avropada 7-ci, müsəlman ölkələri arasında 1-ci yerə layiq görüldü. Bu, müstəqillik tarixi cəmi 25 il olan bir dövlət üçün inanılmaz, fantastik bir nəticədir. Təbii ki, idman kimi külli miqdarda vəsait qoyuluşu tələb edən sahəni inkişaf etdirmək o qədər də asan deyil və bunun üçün, ilk növbədə, siyasi sabitlik və iqtisadi inkişaf tələb olunur ki, bu, ölkəmizdə müstəqillik dövründə tam təmin olunub.
Şübhəsiz, bütün bunlar IV İslam Həmrəyliyi Oyunlarının təşkilinin məhz ölkəmizə həvalə edilməsini şərtləndirən mühüm amillər idi və bu respublikamızın dünyada artan gücünün, qüdrətinin, eləcə də müsəlman aləmində böyük nüfuzunun göstəricisidir. IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva, həm “Evrovizion” mahnı müsabiqəsinin Təşkilat Komitəsinə, həm də Birinci Avropa Oyunlarının Təşkilat Komitəsinə rəhbərlik etmiş, hər iki beynəlxalq tədbir ölkəmizdə ən yüksək səviyyədə keçirilmişdir.
İrimiqyaslı tədbirlərin təşkili sahəsində zəngin təcrübə toplamış ölkəmizin ev sahibliyi edəcəyi bu böyük idman yarışının da yüksək səviyyədə keçiriləcəyinə heç bir şübhə yoxdur. Onu da qeyd edək ki, bu mötəbər yarışlar bitən kimi Bakıda “Formula-1” üzrə dünya çempionatının növbəti mərhələsi – “Formula-1” Azərbaycan Qran-prisi start götürəcək. Sentyabr-oktyabr aylarında isə voleybol üzrə qadınlar arasında dünya çempionatının əsas mərhələsi - finalı Bakıda təşkil ediləcək. Qeyd edək ki, ötən ay idman gimnastikası, bir ay bundan əvvəl isə tamblinq və batut gimnastikası üzrə dünya kubokları böyük uğurla Bakıda keçirilmişdi.
Elə ötən il də iki mötəbər idman tədbiri “Formula-1” Avropa Qran-prisi və Ümumdünya Şahmat Olimpiadası bir-birinin ardınca Bakıda böyük müvəffəqiyyətlə baş tutmuşdu. 2016-cı ildə 17 yaşlı futbolçular arasında 34-cü Avropa çempionatı, idman, batut, bədii gimnastika üzrə dünya kubokları, güllə və stend atıcılığı üzrə gənclər arasında dünya kuboku, taekvando üzrə komandalararası dünya çempionatı, boks üzrə dünya çempionatı və s. kimi nüfuzlu beynəlxalq yarışlara ölkəmiz yüksək səviyyədə ev sahibliyi edib. Demək olar ki, ilboyu bu cür irimiqyaslı idman tədbirləri ölkəmizin təşkilatçılığı ilə baş tutur. Bakının artıq dünyanın ən önəmli idman mərkəzlərindən biri kimi tanınmasının nəticəsidir ki, artıq beynəlxalq idman qurumları böyük tədbirləri, yarışları keçirməyi Bakıdan dönə-dönə xahiş edirlər. Buraya tədbirlər zamanı təşrif gətirən, eləcə də səfərə gələn nüfuzlu idman təşkilatlarının nümayəndələri ən müasir idman infrastrukturunun ölkəmizdə qısa müddət ərzində qurulmasından heyrətə gəldiklərini açıqlayırlar. Bir faktı qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları mövcud idman qurğularında - Bakı Olimpiya Stadionunda, Heydər Əliyev adına İdman Sarayında, Milli Gimnastika Arenasında, Tofiq Bəhramov adına Respublika Stadionunda, “Kristal Zal”da, Su İdmanı Sarayında, Atıcılıq Mərkəzində və bir-birindən gözəl digər məkanlarda təşkil ediləcək. Yəni bu irimiqyaslı tədbirin təşkili zamanı heç bir əlavə tikintiyə ehtiyac duyulmadı. Minlərlə yarış iştirakçısı, idman mütəxəssisi, qonaqlarla yanaşı bu gözəl oyunları izləmək, həm də istirahət etmək üçün ölkəmizə yüz minlərlə turist gələcək. Bunun üçün lazım olan bütün infrastruktur mövcuddur və onların burada qalmaları, yarışı izləyib, həm də istirahət edib vaxtlarını səmərəli keçirmələri üçün hər bir şərait var.
Müsəlman dünyasının nəzərlərinin yönəldiyi Azərbaycan bu böyük idman tədbirinin başlanmasını səbirsizliklə gözləyir və artıq İslam Həmrəyliyi Oyunlarının səyahətinə start verilib. “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının səyahəti su ünsürünə həsr olunub. Hər bir canlı üçün həyat mənbəyi, paklıq və birlik rəmzi olan suyun İslamda böyük mənəvi dəyəri var və o, Xəzər dənizinin sahilində yerləşən paytaxtımız üçün də xüsusi önəm daşıyır. Aprelin 5-də Bakıda Daş Salnamə Muzeyində startı verilən “Xəzərdən başlayan səyahət”in otuz yeddi gün ərzində Xəzər dənizindən başlayaraq 3 min kilometrdən artıq məsafəni qət etməsi nəzərdə tutulub. Məhz Oyunlardan əvvəl regionlarımızı əhatə edəcək səyahət, bölgələrimizin xüsusiyyətlərini, adətlərini, tarixini, bir sözlə, Azərbaycanın gözəlliyini bütün dünyaya nümayiş etdirəcək.
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinə həsr olunan mərasimdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev “Bu il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilmişdir. Bu da bütün müsəlman ölkələrini bir-biri ilə daha da sıx birləşdirmək üçün tərəfimizdən irəli sürülən önəmli təşəbbüsdür. Bu gün bütün müsəlman ölkələri birlik, həmrəylik nümayiş etdirməlidirlər. Əminəm ki, gələn ay keçiriləcək Oyunlar həm böyük idman bayramı olacaq, həm də bizim dostluğumuzu əks etdirəcək. Bütün müsəlman ölkələri 10 gün ərzində Bakıda öz təmsilçiləri vasitəsilə bir-biri ilə sıx əlaqələr quracaq, bir-birinin əlini sıxacaqlar. Biz Bakıdan bütün dünyaya nümayiş etdirəcəyik ki, İslam aləmi birdir və bizim birliyimiz bizim gücümüzü artırır”, - deyə bu mötəbər idman tədbirinin dünya, müsəlman aləmi və Azərbaycan üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırmışdır.
Oyunlara hazırlıq çərçivəsində ötən dövr ərzində ölkəmiz tərəfindən bu mötəbər yarışların dünyada geniş təbliğatı keçirilib. Parisdə UNESCO-nun bədən tərbiyəsi və idman üzrə hökumətlərarası komitəsinin növbədənkənar sessiyası çərçivəsində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının təqdimatında Oyunların Azərbaycan üçün təkcə idman tədbiri deyil, eyni zamanda, xalqlar arasında əlaqələrin, dialoqun təşviqi platforması olduğu diqqətə çatdırılıb.
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin əməkdaşlığı ilə 60 ölkədən Bakıda akkreditə olunan 100-dən çox diplomatik nümayəndəliyin rəhbərləri üçün təşkil olunan brifinqdə isə diplomatik nümayəndəliklərin təmsilçilərinə Oyunlarda təhlükəsizlik və akkreditasiya məsələlərinə dair yeniliklər barədə məlumat verilib. Bununla yanaşı, diplomatlar gələcəkdə ölkəmizdə keçiriləcək idman yarışları haqqında da məlumatlandırılıblar.
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının yayımlanan təbliğat videoçarxında Oyunların keçiriləcəyi tarix, müddəti, proqramına daxil olan idman növləri təbliğ edilir, iştirak edəcək atletlərin, idman növlərinin, könüllülərin sayı barədə məlumat verilir, həmçinin Azərbaycan paytaxtının gözəlliyi, şəhərimizin qədim və müasir memarlıq abidələri, ölkəmizin tarixi, mədəniyyəti, xalqımızın qədim ənənələri, milli sərvətimiz olan Qarabağ atları, qədim xalçaçılıq sənətini əks etdirən görüntülər təqdim olunub. Təbliğat videoçarxında Oyunların keçiriləcəyi 16 idman qurğusunun görüntüləri də yer alıb.
Beynəlxalq tədbirlər üçün “Grassroots” kimi təbliğat proqramı çox mühüm əhəmiyyət daşıyır və “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının təbliğat işlərində də bu proqram çərçivəsində keçirilən tədbirlər bir-birini əvəz edir. İncəsənət və idman aləmində öz sözlərini demiş insanlardan ibarət olan “Bakı-2017”-nin beynəlxalq və yerli səfirləri təbliğat layihələri ilə “Bakı-2017”-nin yüksək təşkilatçılığına öz töhfələrini verirlər. Apreldə təkcə Bakıda deyil, Azərbaycanın 21 regionunda tədbirlərin keçirilməsinə başlanılıb.
“Yaxın hiss et” (Feel Closer) layihəsi zamanı idmançı səfirlərin Azərbaycan Dillər, Azərbaycan Dövlət Neft və Sənaye, Bakı Dövlət, Azərbaycan Dövlət İqtisad və ADA universitetlərində tələbələrlə görüşləri təşkil olunmuş, keçirilən görüşlərdə idmançı səfirlər tələbələrə uğur hekayələrindən danışıb, onlarla fikir mübadiləsi aparıb, suallara cavab veriblər.
500 nəfərin iştirakı ilə kütləvi şəkildə idman hərəkətlərinin yerinə yetirilməsi, müxtəlif idman növləri üzrə ustad dərslərinin təşkili ilə bağlı keçirilən tədbirlər, eyni zamanda, Oyunların məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman tədbirlərinin startı da xüsusi maraq doğurmuşdur. Məktəblilərin iştirak etdiyi təkcə kütləvi idman tədbirlərinə altı mindən çox şagird qatılacaq. Tədbirlərin əsas məqsədi Oyunların proqramına daxil olan idman növlərini məktəblilər arasında təbliğ etmək, onların idmana marağını artırmaq, məktəbliləri sağlam həyat tərzinə cəlb etməkdir.
İslam dünyasının idman azarkeşləri mayın 12-22-də Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarını televiziya və internet vasitəsilə ən yüksək səviyyədə izləmə imkanı da əldə edəcəklər. Bakı Media Mərkəzi Oyunların 80 saatdan çox yayımını həyata keçirəcək. Oyunların yayımından əvvəl İslam dünyasının, eyni zamanda, Azərbaycanın, Bakının gözəlliklərini, bununla yanaşı, idman aləminin özəlliklərini özündə cəmləşdirən hər biri 5 dəqiqə olmaqla 3 videoçarx təqdim olunacaq.
IV İslam Həmrəyliyi Oyunlarının rəsmi talismanları və haştaqları ölkə ictimaiyyətinin, eləcə də İslam dünyasının böyük marağına səbəb olub. Azərbaycanın milli sərvəti, gözəlliyi ilə gözoxşayan Qarabağ atları Oyunların təbliğində əhəmiyyətli rol oynamaqla yanaşı, “Bakı-2017”-nin simaları olacaqlar. IV İslam Həmrəyliyi Oyunlarının ictimaiyyətə təqdim olunan rəsmi haştaqlar arasında #Baku2017, #TeamSolidarity, #BakuMascots, #Baku2017Tickets, #DiscoverBaku və #MyBaku2017 yer alır və onlar məna baxımından bir-birindən fərqlənir.
“Bakı-2017”-nin uğurlu keçirilməsində könüllülərin rolu danılmazdır və bu mötəbər yarışlardan danışarkən onun əsas hissəsindən biri olacaq könüllülük fəaliyyətindən bəhs etməmək mümkün deyil. Ölkəmizdə könüllülüyün ən böyük nümunəsi ilə ilk Avropa Oyunlarında tanış olduq və bu ənənənin yüksək səviyyədə davam etməsini görmək çox xoşdur. Avropa Oyunları zamanı ölkəmizə təşrif buyuran insanlar gözəl paytaxtımızın müasir infrastrukturu ilə yanaşı, onları xoş üzlə qarşılayan könüllülərin simasında Azərbaycan gəncliyi ilə də tanış olmağa başlayırdılar. Bu gənclərin hər biri qonaqlara ölkəmizin tarixi, görməli yerləri, xalqımız barədə ən geniş məlumatı verməyə hazır idilər. Hər kəs onların daxili enerjisini duyur, yüksək vətənpərvərliyindən zövq alırdı. Azərbaycan Prezidenti İlham Əliyevin gənclərimiz haqqında səsləndirdiyi fikirlər - “Oyunların keçirilməsinin yükünün böyük hissəsi onların üzərinə düşmüşdü. Könüllülər bir daha onu göstərdi ki, ölkəmizin çox böyük potensialı, insan kapitalı var” – könüllülərimizin fəaliyyətinə verilən ən böyük qiymət idi.
Qeyd edək ki, “Bakı-2017”-nin açılış və bağlanış mərasimlərində iştirak üçün 12 min 500-ə yaxın könüllü qeydiyyatdan keçib. Oyunların əməliyyat könüllülərinin sayı isə 8 min nəfər olacaq. Oyunlar zamanı tibbi xidmətin təşkili məqsədilə isə 600-ə qədər könüllü cəlb edilib.
Yarışların təqviminə nəzər salsaq “Bakı-2017”-nin əvvəlki İslam Həmrəyliyi Oyunlarından daha genişmiqyaslı olacağını qeyd edə bilərik. 2005-ci ildə Məkkə şəhərində keçirilmiş ilk Oyunlarda 55, 2013-cü ildə Palembanq şəhərində 44 ölkə iştirak edirdisə, budəfəki oyunlarda 57 ölkə təmsilçisi mübarizə aparacaq. Bakı Oyunlarında daha çox sayda - 20 idman növü üzrə (ağırlıqqaldırma, basketbol, gimnastika, güləş, taekvando, atıcılıq, boks, cüdo (para cüdo), futbol, voleybol, zorxana, həndbol, karate, stolüstü tennis, su polosu, suya tullanma, tennis, uşu, üzgüçülük, atletika (para atletika) yarışlar keçiriləcək. Məkkədə 15, Palembanqda 13 idman növündə startlar baş tutmuşdu. Bu oyunlar tarixində əldə edilmiş rekord göstəricidir və müsəlman dünyasının ən böyük idman tədbirinin daha geniş miqyasda keçirilməsi məqsədini daşıyır.
IV İslam Həmrəyliyi Oyunlarında vacib məsələlərdən biri də komandamızın qazanacağı nəticələrdir. Düzdür, idmançıların çıxışları ilə bağlı qabaqcadan fikir yürütmək bir qədər çətindir. Amma son yarışlarda Azərbaycan idmançılarının əldə etdikləri böyük nailiyyətlər və komandamızın İslamiadaya yüksək səviyyədə hazırlığı göstəricilərin uğurlu olacağını deməyə əsas verir. Komandamızın analoji yarışlarda əldə etdikləri nəticələrə gəldikdə, onlar çox yaxşı göstərici hesab olunur.
İlk İslam Həmrəyliyi Oyunlarında komandamız 103 atletlə 12 idman növündə təmsil olunaraq 4-ü qızıl olmaqla, 15 medal qazanmışdısa, III Oyunlarda 53 idmançı ilə 9 idman növündə mübarizə apararaq 6-sı qızıl olmaqla 24 medal əldə edib. Son oyunlarda komandamızın göstəriciləri çox yüksək olmuş, idmançılarımızın ikisindən biri Vətənə medalla qayıtmışdır. Ümid edirik ki, Azərbaycanın ev sahibliyi ilə baş tutacaq bu mötəbər tədbirdə də komandamız zəfər salnaməsini yeni qələbələrlə zənginləşdirəcək!
Leyla QURBANOVA,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.