Dövlətimizin qayğısına cavab olaraq idmançılarımız möhtəşəm qələbələrə imza atırlar

İki il əvvəl, 2015-ci ilin iyun ayında qitəmizin idman hərəkatında özünə Avropa Oyunlarının ilk paytaxtı kimi yer etmiş Bakıda növbəti möhtəşəm idman hadisəsi – IV İslam Həmrəyliyi Oyunlarına bir qədər də yaxınlaşmışıq. Əzəməti ilə qürur duyduğumuz Olimpiya stadionunda Oyunların təntənəli açılış mərasiminə cəmi 36 gün qalır. Tezliklə idman aləminin nəzərləri yenə Azərbaycana yönələcək. Bu dəfə müsəlman ölkələri gənclərinin əsl dostluq və qardaşlıq bayramı diqqət mərkəzində olacaq.

Artıq iki ildir ki, Avropa Oyunlarının vətəni olması ilə haqlı olaraq fəxr etdiyimiz Azərbaycan daha bir genişmiqyaslı yarışın iştirakçılarını və qonaqlarını layiqincə qəbul etməyə, həmişəki kimi, böyük məsuliyyət hissi ilə hazırlaşır. Həyata keçirilən yüksək səviyyəli hazırlıq işləri göstərir ki, 50-dən çox ölkənin nümayəndə heyətləri üçün paytaxtımızda hər cür şərait yaradılacaq və bütün qonaqlarımız startlardan sonra Azərbaycanı təşkilatçılara böyük razılıq və dərin minnətdarlıq hissi ilə tərk edəcəklər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 sentyabr 2015-ci il tarixli sərəncamı ilə yaradılmış və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban ­xanım Əliyevanın rəhbərlik etdiyi IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsi Avropa Oyunlarında olduğu kimi, artıq astanasında olduğumuz yarışlara da hazırlıq işlərini ən yüksək səviyyədə həyata keçirir və bu startların da dünya idmanında nümunəvi bir hadisəyə çevriləcəyi heç kimdə şübhə doğurmur.

Çünki hamı yaxşı bilir ki, Avropa Oyunlarında toplanılmış təcrübə İslam Həmrəyliyi Oyunlarını da nümunəvi şəkildə təşkil etmək üçün möhkəm zəmin yaratmışdır.  Ona görə də cəsarətlə bu qənaətə gələ bilərik ki, Bakıda İslam Həmrəyliyi Oyunları Azərbaycan dövlətinin qüdrətinin, Azərbaycan idmanının yeni nailiyyətlərinin təntənəsinə çevriləcək.

Bakıda IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda “İslam Həmrəyliyi ili”nə təsadüf etməsi isə bu yarışların məna və əhəmiyyətini ikiqat artırır. Oyunar İslam ölkələrinin gəncləri arasında təkcə gərgin mübarizə meydanı deyil, həm də bütün sahələrdə əlaqələrin möhkəmləndirilməsi istiqamətində çox mühüm  tədbir olacaq.

Prezident İlham Əliyev bununla əlaqədar çıxışlarından birində demişdir: “İslam Həmrəyliyi Oyunlarının çox böyük mənası var. Biz bu Oyunları keçirməklə bir daha gücümüzü, imkanlarımızı göstərəcəyik. Dini dəyərlərimizə sadiqliyimizi nümayiş etdirəcəyik. Çalışacağıq ki, İslam aləmini birləşdirək. Bizi bölmək, aramıza nifaq salmaq, bir-birimizə qarşı qoymaq istəyənlər öz hədəflərinə çatmamalıdırlar.”

Bu günlər IV İslam Həmrəyliyi Oyunlarına hazırlaşan idmançılarımız da Azərbaycan dövlətinin onlara  göstərdiyi böyük qayğıya qarşıdakı startlarda yüksək nailiyyətlərlə cavab vermək əzmindədirlər. Bu fikir iki gün əvvəl respublika Gənclər və İdman Nazirliyində İran İslam Respublikasının Abadan şəhərində yunan-Roma güləşi üzrə Dünya kuboku yarışında və Macarıstanın Sombateli şəhərində 23 yaşadək güləşçilər  arasında Avropa çempionatında yüksək nəticələr göstərmiş idmançılar və məşqçilərlə görüş zamanı da bir daha ifadə olunmuş,  həmin yarışlarda güləşçilərimizin nailiyyətləri yüksək qiymətləndirilmişdir. İndi komandalarımız qazanılmış nəticələri daha da inkişaf etdirməyə çalışacaqlar. İranda sərbəst üsulla güləşənlərin Dünya kuboku yarışında bürünc medal qazanmış Azərbaycan milli komandasının baş məşqçisi Firdovsi Umudov nazirlikdə keçirilmiş tədbirdə güləşçilərin “Bakı—2017” İslam Həmrəyliyi Oyunlarına da səylə hazırlaşdıqlarını demişdir: “IV İslam Həmrəyliyi Oyunlarının başlaması üçün günləri sayırıq. Çalışacağıq ki, bizə göstərilən etimadı doğruldaq.”

İranda yunan-Roma güləşi üzrə Dünya kuboku turnirinin gümüş mükafatçısı olmuş Azərbaycan milli komandasının baş məşqçisi Akif Əliyev də öz komandasının İslamiadada daha uğurla çıxış etməyə çalışacağını bildirmişdir.

Bakıda IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq getdikcə daha geniş vüsət alır. Azərbaycanın qadınlardan ibarət milli voleybol komandası da Oyunlarda yüksək nəticə göstərmək əzmindədir. Bu komandanın əsasını Polina Rəhimova, Valeriya Məmmədova, Kseniya Poznyak, Odina Bayramova, Aynur Kərimova, Ayşən Əbdüləzimova kimi bacarıqlı  voleybolçular təşkil edirlər. Onları, eləcə də komanda yoldaşlarını bu il daha iki mötəbər yarış gözləyir. Millimiz İslamiadadan sonra Bakıda dünya çempionatının seçmə görüşlərində, payızda isə Azərbaycanla Gürcüstanın birgə təşkil edəcəyi Avropa çempionatının final mərhələsində mübarizə aparacaq.  İslam Həmrəyliyi Oyunlarında yüksək nəticə bu komandaya Dünya çempionatının seçmə sınaqlarını və Avropa birinciliyi oyunlarını da yaxşı əhval-ruhiyyə ilə qarşılamaqda kömək edə bilər.

Oyunların futbol turniri də maraqla gözlənilir. Artıq xəbər verdiyimiz kimi, qarşıdakı startlarda səkkiz ölkənin 23 yaşlı futbolçulardan ibarət komandaları  çıxış edəcəklər və Azərbaycan millisinə Türkiyə, Səudiyyə Ərəbistanı, Kamerun, Mərakeş, Oman, Fələstin və Əlcəzair yığmaları qonaq gələcəklər. Tofiq Bəhramov adına Respublika Stadionunda, “Bayıl Arena”, “Dalğa Arena”, “AZAL Arena”da keçiriləcək oyunlar azarkeşlərə maraqlı mübarizə vəd edir.

Turnirin ilkin mərhələsində komandalar iki qrupa bölünəcəklər. Azərbaycan futbolçularının bu mərhələdə hansı rəqiblərlə bir qrupda mübarizə aparacağı bu gün keçiriləcək püşkatma mərasimində məlum olacaq.

Güləş, voleybol, futbol komandalarımızla yanaşı, digər növlər üzrə yığma kollektivlər və ayrı-ayrı idmançılar da IV İslam Həmrəyliyi Oyunlarında starta böyük ümidlərlə çıxacaqlar. Oyunların proqramına daxil olan, demək olar, bütün növlərdə təmsilçilərimiz yüksək nəticələr göstərmək, medal qazanmaq, fəxri kürsüyə yüksəlmək və Azərbaycan idmanının şərəfini layiqincə qorumaq üçün hər cür imkana malikdirlər. Onların ustalıq səviyyələrinə əsasən bu qənaətə gələ bilərik ki, Avropa Oyunlarında 21-i qızıl olmaqla 56 medal qazanan və komanda hesabında yalnız Rusiyadan geri qalıb ikinci yeri tutan Azərbaycan idmançıları İslam Həmrəyliyi Oyunlarında da ölkəmizin tarixinə   daha bir parlaq səhifə yazacaqlar.

Oqtay BAYRAMOV,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında