Müsəlman ölkələrinin atletlərini birləşdirən mötəbər idman hadisəsi

İslam Həmrəyliyi Oyunları dörd ildən bir keçirilir. İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələri əhatə edən bu yarışlar çox mötəbər beynəlxalq idman hadisəsi hesab edilir.

İlk dəfə 2005-ci ildə təşkil olunan İslam Həmrəyliyi Oyunlarına Səudiyyə Ərəbistanı ev sahibliyi edib. İkinci İslam Həmrəyliyi Oyunlarının 2009-cu ilin aprelində İranda keçirilməsi nəzərdə tutulsa da, təxirə salındı. Sonra isə keçirilmədi. Üçüncü İslam Həmrəyliyi Oyunları 2013-cü ildə İndoneziyada keçirilib. Burada idmançılar sentyabr-oktyabr aylarında Palembanq şəhərində görüşüblər.

Dördüncü İslam Həmrəyliyi Oyunları isə Azərbaycanda starta hazırlaşır. Bakı bu hüququ 2014-cü il iyulun 24-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilmiş İslam Həmrəyliyi İdman Federasiyasının 8-ci Baş Assambleyasında səsvermədə qazanmışdır.

Səudiyyə Ərəbistanında birinci İslam Həmrəyliyi Oyunları 2005-ci il aprelin 8- 20-də keçirilmişdir.Bu yarışlarda 55 ölkəni təmsil edən 6000-ə yaxın atlet medallar uğrunda idmanın 15 növündə mübarizə aparmışdır. Oyunlar Məkkə ilə yanaşı, Mədinə, Ciddə və Taif şəhərlərində təşkil olunmuşdur.

Yarışlarda ən çox medalı Səudiyyə Ərəbistanı idmançıları qazanmışlar. Onlara 24 qızıl, 17 gümüş və 19 bürünc mükafat, cəmi 60 medal təqdim olunmuşdur. Komanda hesabında fəxri kürsünün ikinci pilləsinə Misir atletləri yüksəlmişlər – 42 medal (14+15+13). Üçüncü yeri isə 27 medalla (13+8+6) Qazaxıstan komandası tutmuşdur.

Azərbaycan idmançıları birinci İslam Həmrəyliyi Oyunlarından Vətənə 15 medal – 4 qızıl, 4 gümüş, 7 bürünc mükafatla qayıtmış və komanda hesabında yüksək səkkizinci yeri tutmuşlar. Ümumiyyətlə, bu Oyunlarda 30-a qədər ölkənin nümayəndələri medal sevinci yaşamışlar.

Birinci İslam Həmrəyliyi Oyunları öz ciddi qaydalarına görə seçilmişdir. Məsələn, İslam aləminin müqəddəs şəhəri olan Məkkədə atletlərə həddən artıq qısa paltar geyinmək qadağan edilmişdi. Qadın və kişi atletlərin yarışları müxtəlif günlərdə keçirilmişdir. Bundan başqa, üzgüçü qadın atletlərin yarışlarını kişi tamaşaçılar izləyə bilməzdi.

İndoneziyada keçirilən üçüncü İslam Həmrəyliyi Oyunlarında isə istər atletlər, istərsə də tamaşaçılar üçün qaydalar bir qədər yumşaldılmışdı. 2013-cü il sentyabrın 22-dən oktyabrın 2-dək davam etmiş bu yarışlarda Azərbaycan idmançıları Vətənə 6-sı qızıl, 9-u gümüş, 9-u bürünc medal olmaqla cəmi 24 mükafatla dönmüşlər.

Bu Oyunlar “Bərabərlikdə harmoniya” devizi ilə keçirilmişdir. Əlli altı ölkənin atletləri 18 idman növündə qüvvələrini sınamışlar. Medalların sayına görə ilk üç yeri İndoneziya (104), İran ( 59) və Misir (86) komandaları tutmuşlar.

Bəs Bakıda IV İslam Həmrəyliyi Oyunlarında hansı ölkələr daha çox medal qazanacaq, daha çox sevinc yaşayacaqlar? Biz bu suala may ayının ikinci yarısında cavab alacağıq. Azərbaycan paytaxtında IV İslam Həmrəyliyi Oyunlarında yüngül atletika, suyatullanma, üzgüçülük, su polosu, basketbol 3x3, futbol, idman gimnastikası, uşu, stolüstü tennis, həndbol, cüdo, sərbəst güləş, yunan-Roma güləşi, güllə atıcılığı, tennis, voleybol, boks, zorxana, karate, taekvondo, ağırlıqqaldırma, habelə paralimpiyaçıların atletika və cüdo yarışlarının medalları sahiblərini gözləyir. Onu da bir daha qeyd etmək yerinə düşər ki, Oyunlara mayın 8-də futbol turniri ilə start veriləcək. Sonra həndbol, voleybol, boks, bədii gimnastika ustaları meydana çıxacaq, növbəti günlərdə isə digər növlərin nümayəndələri mübarizəyə qoşulacaqlar.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında