İ D M A N

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Macarıstandan Azərbaycana 11 medalla

 

Azərbaycan güləşçiləri Macarıstanda bir həftə davam etmiş gənclər arasında Avropa çempionatında uğurla çıxış edərək ölkəmizə 5-i qızıl olmaqla 11 medal qazandırmışlar.

Qitə birinciliyinin startında 2 qızıl və 3 bürünc mükafata sevinən sərbəst güləşənlərimizdən, çıxışlarını 1 gümüş və 1 bürünc medalla başa vuran qadın güləşçilərimizdən sonra çempionatın finişində yarış meydanına yunan-Roma üsulu ilə güləşənlər dəvət olunmuşlar.

“Klassiklərimizdən” üçü Murad Məmmədov (59 kq), İslambek Dadov (71 kq) və Orxan Nuriyev (98 kq) bütün rəqiblərini məğlubiyyətlə barışmağa məcbur edərək Avropa birinciliyində fəxri kürsünün zirvəsinə yüksəlmişlər. Onların komanda yoldaşı, 80 kq çəki dərəcəsində çıxış edən Eltun Vəzirzadə isə çempionatın bürünc mükafatçısı olmuşdur.

 

“Qarabağ” fərqi artırır

 

Topaz Premyer Liqasında finişə dörd tur qalmış çempionluğa iki iddiaçı arasındakı fərq bir qədər də artmışdır. “Qarabağ”ın “Kəpəz” üzərində qələbəsindən (2:1), “Qəbələ”nin isə “Zirə” ilə görüşdə heç-heçə (1:1) oynamasından sonra ardıcıl dördüncü çempionluğuna can atan Ağdam klubu (52 xal) turnir cədvəlində ən yaxın izləyicisindən artıq 4 xal irəlidədir.

Ötən turda AZAL ilə görüşdən qalib ayrılaraq (2:1) xal ehtiyatını 42-yə çatdıran “İnter” bürünc medalları, demək olar, özünə təmin etmiş, “Sumqayıt” da pərəstişkarlarını “Neftçi” üzərində inamlı qələbə ilə sevindirmişdir–2:0.

Növbəti, 25-ci turun görüşləri aprelin 9-10-da keçiriləcəkdir: “Qarabağ”–“Qəbələ”, “Kəpəz”–“Neftçi”, AZAL–“Sumqayıt”, “Zirə”–“İnter”.

 

Dubayda uğurlu start

 

Birləşmiş Ərəb Əmirliklərində keçirilən 19-cu “Dubai Open” beynəlxalq şahmat turnirinin mükafatları uğrunda 215 rəqib, o cümlədən 53 qrossmeyster mübarizə aparır.

Turnirdə Eltac Səfərli (2680) başda olmaqla bir qrup Azərbaycan şahmatçısı da çıxış edir. Səfərli reytingə görə iştirakçıların siyahısında 3-cüdür. Birinci mövqedə isə ukraynalı Anton Korobovdur (2695). Turnir İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarətdir.

Start turu təmsilçilərimiz üçün uğurlu olmuş, Səfərli, Nicat Abasov, Vüqar Əsədli, Vüsal Abbasov, Nərmin Xələfova, Nail Bəşirli, Əhməd Əhmədzadə və Rəvan Əliyev ilk qələbələrini qazanmışlar. Vüsalın, yuxarıda qeyd etdiyimiz kimi, yarışın ən yüksək reytinqli iştirakçısı Korobov ilə görüşdə müvəffəqiyyətini mütəxəssislər birinci turun ən gözlənilməz nəticəsi hesab edirlər.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında