Martın 30-da Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində voleybol üzrə kişilər arasında Azərbaycan çempionatının bağlanış mərasimi keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və Azərbaycan Voleybol Federasiyasının prezidenti Cavid Qurbanov tədbirdə iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov çıxış edərək deyib ki, muxtar respublikada idmanın inkişafı sahəsində mühüm işlər görülür, gənclərin fiziki və mənəvi hazırlığı, onların asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır. Muxtar respublikada müasir idman infrastrukturunun yaradılması gənclərin idmana olan marağını artırıb, istedadlı idmançılar yetişib, Naxçıvanda ölkə və beynəlxalq səviyyəli idman yarışlarının keçirilməsi təmin edilib. Voleybol üzrə kişilər arasında Azərbaycan çempionatının birinci dövrə və final oyunlarının Naxçıvanda keçirilməsi bunun bariz ifadəsidir.
Azərbaycan Voleybol Federasiyasının prezidenti Cavid Qurbanov çıxış edərək deyib: Naxçıvan Muxtar Respublikasında bütün sahələrlə yanaşı, idman da inkişaf etdirilir. Bu gün Naxçıvan ölkəmizdə idmanın inkişafına mühüm töhfələr verir. İdmanın müxtəlif növlərinin, xüsusilə voleybolun inkişafı üçün infrastrukturun mövcud olması imkan verir ki, Naxçıvanda perspektivli idmançılar yetişsin. Voleybol üzrə kişilər arasında Azərbaycan çempionatının birinci dövrə və final oyunlarının Naxçıvanda keçirilməsi və bu yarışda Naxçıvan komandasının uğurlu çıxışı bunu bir daha təsdiq etdi.
Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov idmançıları təbrik edərək deyib ki, Azərbaycanda idmanın inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər ölkəmizə rəhbərliyi dövründə idmanın inkişafını dövlət siyasətinin üstün istiqamətinə çevirib. Bu gün ölkə Prezidenti tərəfindən də bu siyasət uğurla davam etdirilir. Azərbaycanın idman ölkəsi kimi dünyada nüfuzu güclənir, ölkəmiz beynəlxalq idman yarışlarına ev sahibliyi edir. Yaradılan şəraitin nəticəsidir ki, Azərbaycanın müxtəlif bölgələrində ölkə və beynəlxalq səviyyəli yarışlar keçirilir. Naxçıvanda keçirilən voleybol yarışları bunu bir daha təsdiq edir. Bu gün naxçıvanlı idmançılar Azərbaycan komandalarının tərkibində ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edirlər.
Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının çıxışı olub.
Martın 28, 29 və 30-da voleybol üzrə kişilər arasında Azərbaycan çempionatının final görüşləri Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilib. Martın 30-da sonuncu final görüşləri keçirilib. Gərgin mübarizə şəraitində keçən oyunlarda “Neftçi” komandası “Naxçıvan” komandasına 3:0, “Lokomotiv” isə MOİK-ə 3:1 hesabı ilə qalib gəlib. Final oyunlarının nəticələrinə əsasən “Lokomotiv” komandası voleybol üzrə kişilər arasında Azərbaycan çempionatının qalibi olub. “Neftçi” və “Naxçıvan” komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerlərə çıxıblar.
Tədbirin sonunda çempionatın qalib komandalarına medallar təqdim olunub.
Azərbaycan Voleybol Federasiyasının birinci vitse-prezidenti Faiq Qarayev və Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının sədri Mənşur Gülməmmədli üçüncü yerin sahibi olan “Naxçıvan” komandasına, Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov ikinci yerə çıxan “Neftçi” komandasına medalları təqdim ediblər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və Azərbaycan Voleybol Federasiyasının prezidenti Cavid Qurbanov voleybol üzrə kişilər arasında Azərbaycan çempionatının qalibi olmuş “Lokomotiv” komandasına medalları və kuboku təqdim ediblər. Ali Məclisin sədri qalib komandaları təbrik edib, onlarla xatirə şəkli çəkdirib.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.