İdman

Finala kim çıxacaq?

 

Futbol üzrə Azərbaycan kuboku yarışları həlledici mərhələyə qədəm qoymuşdur. Artıq bu gün ilk yarımfinal oyunları keçiriləcəkdir.

Finalın astanasında böyük maraqla gözlənilən “Neftçi”–“Qarabağ” və “İnter”–“Qəbələ” görüşləri azarkeşlərə əvvəldən axıradək gərgin mübarizə vəd edir. Bu oyunlarda uğurlu nəticələrə nail olan klublar aprelin 5-nə təyin edilmiş cavab görüşləri qarşısında özlərinə müəyyən zəmin yaratmış olacaqlar.

Yarımfinal mərhələsində üz-üzə gələcək komandalardan üçü Topaz Premyer Liqasında medalları, demək olar, özünə təmin etmişdir. Əgər “Qarabağ”la (49 xal) “Qəbələ” (47) qalan turlarda çempionluq uğrunda mübarizəni davam etdirəcəklərsə, bu gün üçüncü mövqedə olan “İnter” (39) çox güman ki, finişə də elə üçüncü çatacaq.

Çempionatda növbəti oyunlar aprelin 2-də olacaq. Həmin gün 24-cü tur çərçivəsində “Sumqayıt”–“Neftçi”, “İnter”–AZAL, “Qarabağ”–“Kəpəz” və “Qəbələ”–“Zirə” görüşləri keçiriləcəkdir.

 

Avropa Çempionatında uğurlu start

 

Azərbaycan idmançıları Macarıstanda keçirilən 23 yaşadək gənclər arasında sərbəst güləş üzrə Avropa çempionatının startında çıxışlarından razı qala bilərlər. Turnirin birinci günü mübarizəyə qoşulan dörd təmsilçimizdən ikisi medal ­sevinci yaşamışdır.

Teymur Məmmədov, xüsusilə fərqlənərək 65 kq çəki dərəcəsində çıxışlarını fəxri kürsünün zirvəsində başa vurmuşdur. İsmayıl Abdullayev (74 kq) isə Azərbaycana qitə çempionatının bürünc medalı ilə qayıdacaq.

Dünən daha dörd güləşçimiz xalça üzərinə dəvət olunmuşdur. “Sərbəstlərin” görüşlərinə yekun vurulduqdan sonra qadın güləşçilər və yunan–Roma üsulu ilə güləşənlər mübarizəyə başlayacaqlar.

 

Azərbaycan şahmatçıları Birləşmiş Ərəb Əmirliklərində

 

Bu günlər Birləşmiş Ərəb Əmirliklərində keçirilən I Şarca beynəlxalq şahmat turnirinin iştirakçıları arasında bir qrup Azərbaycan nümayəndəsi də vardır.

Yarışın ilk altı turunda şahmatçılarımız arasında ən yaxşı nəticəni Arkadi Naydiç və Eltac Səfərli göstərmişlər. Onlar müvafiq surətdə 4,5 və 4 xal toplamışlar. Turnir cədvəlinə isə hərəyə 5,5 xala malik hindistanlı B.Adhiban və ukraynalı Martin Kravtsev başçılıq edirlər.

İsveçrə sistemi üzrə keçirilən və doqquz turdan ibarət olan yarışda dünən yeddinci turun görüşləri oynanılmışdır.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında