İdman

Azərbaycan Abadanda ikinci oldu

 

Ölkəmizin yunan-Roma güləşi üzrə yığma komandası İran İslam Respublikasının Abadan şəhərində keçirilmiş Dünya kuboku yarışının gümüş mükafatçısı olmuşdur.

Turnirin ilkin mərhələsində Türkiyə, Belarus və Ukrayna komandalarını məğlubiyyətə uğradan “klassiklərimiz” finalda digər qrupun (Rusiya, İran, Qazaxıstan, Almaniya) qalibi Rusiya komandası ilə qarşılaşmış və 3:5 hesabı ilə uduzmuşlar. Bürünc medalları üçüncü yer uğrunda görüşdə Türkiyə idmançılarına qalib gələn (6:2) İran güləşçiləri qazanmışlar.

Azərbaycan millisinin Abadanda müvəffəqiyyəti belə yarışlarda ilk uğurumuz deyil. Komanda 2015-ci ildə hətta daha uzağa gedərək Dünya kubokuna sahib olmuşdu. Həmin yarış da İranda keçirilmişdi.

Onu da xatırladaq ki, bir ay əvvəl sərbəst güləşənlərimiz də İranda təşkil edilən Dünya kuboku turnirində uğurla çıxış edərək Azərbaycana bürünc medalla qayıtmışdılar. Göründüyü kimi, güləş ustalarımız 2017-ci ilə yüksək nəticələrlə başlamışlar.

 

“Böyük İpək yolu”nda doqquz qızıl medal

 

Bakıda kişi və qadın boksçuların “Böyük İpək yolu” turnirinə yekun vurulmuşdur. Bu ənənəvi yarışın qalibləri üçün nəzərdə tutulan 19 qızıl medaldan 9-nu Azərbaycanın rinq ustaları qazanmışlar.

Təmsilçilərimizdən Anaxanım Ağayeva (51 kq), Anna Əlimərdanova (54 kq), Leyla Cavadova (81 kq), Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Sərxan Əliyev (60 kq), Elvin İsayev (64 kq), Rauf Rəhimov (81 kq) və Teymur Məmmədov (91 kq) fəxri kürsünün zirvəsinə yüksəlmişlər.

Qalan on qızıl medaldan beşini Türkiyə boksçuları, ikisini Qazaxıstan nümayəndələri, daha üçünü isə Belarus, İran və Özbəkistan idmançıları qazanmışlar.

 

Ölkə çempionumuz Budapeşt festivalında

 

Dünən Macarıstan paytaxtında “Bahar festivalı–2017” beynəlxalq şahmat turnirinə start verilmişdir. Yarışın mükafatları uğrunda 156 iştirakçı, o cümlədən 31 qrossmeyster mübarizə aparır.

Budapeşt festivalının əsas turnirində Azərbaycanı bu günlərdə ölkə çempionatının qalibi olmuş qrossmeyster Nicat Abbasov, habelə Vüqar Əsədli, Nail Bəşirli və Abdulla Qədimbəyli təmsil edirlər.

Yarış İsveçrə sistemi üzrə keçirilir və doqquz turdan ibarətdir.

 

“Beşiktaş”–“Lion”

 

UEFA Avropa Liqası turnirinin səkkizdəbir final mərhələsində iki oyunun yekununda Yunanıstanın “Olimpiakos” klubunu mübarizəni dayandırmağa məcbur edən (səfərdə 1:1-dən sonra evdə 4:1), Türkiyənin “Beşiktaş” komandası dörddəbir finalda Fransanın “Lion” klubu ilə qarşılaşacaq.

Bu, İsveçrənin Nyon şəhərində keçirilmiş püşkatma mərasimində məlum olmuşdur. Dörddəbir finalın ilk oyunu aprelin 13-də fransızların meydanında, cavab görüşü isə bundan bir həftə sonra İstanbulda keçiriləcəkdir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında