Mayda Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları yaxınlaşdıqca müsəlman ölkələri gənclərinin bu möhtəşəm bayramda ölkəmizi təmsil edəcək ayrı-ayrı komanda və idmançılar məsul startlara son hazırlıq görür, müxtəlif miqyaslı yarışlarda ustalıq səviyyələrini bir daha yoxlayırlar.
Belə sınaqlardan biri bu günlərdə Heydər Əliyev adına İdman Sarayında keçirilmişdir. Xalqımızın ümummilli liderinin xatirəsinə həsr olunan cüdo üzrə “Böyük dəbilqə” beynəlxalq turnirində Azərbaycanın tatami ustaları idman ictimaiyyətimizi yeddi medalla sevindirdilər. Bu müvəffəqiyyət İslamiadada milli komandamızın əsas zərbə qüvvələrindən birini təşkil edəcək cüdo yığmasının may startlarında da ümumi qələbəyə layiqli töhfə verəcəyinə inamı artırmaya bilməz.
İdmançılarımızın “Böyük dəbilqə” kimi mötəbər turnirdə yeddi dəfə fəxri kürsüyə yüksəlib təbrikləri qəbul etmələri onların oyunlara hazırlığa yüksək məsuliyyət hissi ilə yanaşdıqlarını təsdiq edir. Rio-de-Janeyro Olimpiadası–2016-nın gümüş mükafatçıları, qarşıdakı İslam Həmrəyliyi Oyunlarının idmançı səfirləri Rüstəm Orucovla (73 kq) Elmar Qasımov (100 kq) azarkeşləri növbəti medallarla sevindirdilər. Rüstəm fəxri kürsünün üçüncü pilləsinə yüksəldi, yalnız finalda uduzan Elmar isə gümüş mükafatçı oldu.
Onu da qeyd edək ki, Orucov və Qasımov İslam Həmrəyliyi Oyunlarının idmançı səfirləri kimi müxtəlif tədbirlərdə də iştirak edir, yeniyetmə və gənc cüdo pərəstişkarları ilə təlim keçirlər. Belə görüş və təlimlərin isə gənclər üçün faydası böyükdür. Bir də ki, məşhur çempionlarla ünsiyyətdə olmaq imkanını heç də hər gün qazanmırsan.
“Böyük dəbilqə”nin digər azərbaycanlı mükafatçılarına gəldikdə, bütün rəqiblərini tatamidən məyus halda yola salıb fəxri kürsünün zirvəsini fəth edən Rüfət İsmayılovun (81 kq) böyük müvəffəqiyyəti diqqəti xüsusilə cəlb etdi. Məmmədəli Mehdiyev (90 kq) yalnız finalda “büdrəyib” gümüş mükafatçı oldu. Orxan Səfərov (60 kq), Elxan Məmmədov (100 kq) və Xanım Hüseynova (63 kq) bürünc medal qazandılar. Nəticədə yarış sahibləri turniri 1 qızıl, 2 gümüş və 4 bürünc mükafatla başa vurdular.
Cüdo yığmamızın İslam Həmrəyliyi Oyunlarında məhz hansı heyətlə çıxış edəcəyini isə yaxın vaxtlarda biləcəyik. Komandada böyük qələbələrə qadir idmançılar çoxdur. “Böyük dəbilqə”dən “çıxarılan” medallar da bu növdə perspektivlərimizdən xəbər verir.
Bu yarışla eyni vaxtda paytaxtımızda keçirilən karate ustalarının VII beynəlxalq “Baku open” turniri də böyük maraqla qarşılandı. Əgər nəzərə alsaq ki, karate də Olimpiya növü olaraq 2020-ci ildə Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunlarının proqramına daxil edilmişdir, bütün dünyada olduğu kimi, Azərbaycanda da idmanın bu növünə marağın ikiqat artdığını və özləri haqqında xoş təəssürat yaratmış karateçilərimizin üç ildən sonra Yaponiya paytaxtına yaxşı əhval-ruhiyyə ilə səfərə çıxacaqlarını deyə bilərik.
“Baku open”in elə birinci günü beş idmançımızın fəxri kürsüdə təbrikləri qəbul etməsi, Asiman Qurbanlı (84 kq), Pənah Abdullayev ( 84 kq-dək) və Fəridə Əliyevanın (68 kq) qızıl, Şahin Atamov (84 kq) ilə Zaur Məmmədlinin (84 kq-dək) gümüş medal qazanmaları böyük nailiyyət idi. Mötəbər beynəlxalq turnirin açılışı günü bir komandanın beş medal sevinci yaşaması heç də adi hal deyil.
Hər dəfə böyük beynəlxalq tədbirlər ərəfəsində ayrı-ayrı komandalarımızın imkanlarını götür-qoy edərkən əsas ümidlərimiz sırasında güləş ustalarını birincilər sırasında qeyd edirik. Bu, təsadüfi deyil. Artıq bir neçə ildir istər sərbəst və yunan-Roma güləşçilərimiz, istərsə də qadın xalça ustalarımız Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında, “Qran-pri”lərdə, digər mötəbər beynəlxalq yarışlarda böyük nailiyyətlər qazanırlar.
İdman həvəskarlarımız sərbəst güləş üzrə yığmamızın bu yaxınlarda İranda Dünya kuboku turnirində kəskin rəqabət şəraitində üçüncü yeri tutub bürünc mükafatçı olmasına sevinmişdilər. İndi isə yunan-Roma güləşçiləri çətin sınaq ərəfəsindədilər. Onların da Dünya kuboku turniri İranda təşkil olunacaq. Abadan şəhərində keçiriləcək yarışda mübarizəyə səkkiz komanda qoşulacaq. Rəqiblər ilkin mərhələdə iki qrupda yarışacaqlar. Azərbaycan millisi Türkiyə, Belarus və Ukrayna ilə bir qrupda çıxış edəcək, digər qrupda isə İran, Rusiya, Qazaxıstan və Almaniya komandaları “münasibətləri aydınlaşdıracaqlar”. İlkin mərhələdə qrupların qalibləri finalda baş mükafat uğrunda mübarizə aparacaqlar, ikinci yeri tutan kollektivlərin güləşçiləri isə bürünc medalların sahiblərini müəyyənləşdirəcəklər. Bu gün başlanacaq turnirdə Azərbaycan millisi görüşləri bu ardıcıllıqla keçirəcək: Türkiyə, Belarus, Ukrayna. Artıq bir dəfə, 2015-ci ildə Dünya kubokuna sahib olmuş yunan-Roma güləşi ustalarımız, şübhəsiz, Abadanda da yüksək nəticəyə can atacaqlar.
Bir qədər də IV İslam Həmrəyliyi Oyunlarının futbol turniri haqqında. Azarkeşlərimizin maraqla gözlədikləri bu növ üzrə yarışda meydana səkkiz komanda çıxacaq. Turnir sahibləri Azərbaycan futbolçularına Türkiyə, Səudiyyə Ərəbistanı, Kamerun, Mərakeş, Oman, Fələstin və Əlcəzair komandaları qonaq gələcəklər. Turnirdə 23 yaşınadək futbolçulardan ibarət komandalar mübarizə aparacaqlar. Rəqiblər ilkin mərhələdə iki qrupa bölünəcəklər. Yaşar Vahabzadənin başçılıq etdiyi Azərbaycan yığmasının qrupda hansı üç kollektivlə qarşılaşacağını püşk müəyyənləşdirəcək. Lakin püşkün necə nəticələnəcəyindən asılı olmayaraq gənc futbolçularımız nikbin əhvaldadırlar. Onlar qrup görüşlərini turnir cədvəlinin birinci pilləsində başa vurmağı bacarsalar, finalda digər qrupun qalibi ilə oyunda çempion adı uğrunda mübarizə aparacaqlar. Oyunların Tofiq Bəhramov adına Respublika Stadionunda, “Bayıl Arena”, “Dalğa Arena”, “AZAL Arena”da keçiriləcəyini də qeyd edək.
Oqtay BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.