Şabranda at yarışları ənənəyə çevrilir

Ulu Şabran yenə bayram libasında idi. Əsrlərlə bu yurd yerinin “keşiyini çəkən” Çıraqqalada qalanmış tonqallar indi ətraf kəndlərin sakinlərini Rəhimlidəki cıdır düzünə, Novruzun son çərşənbəsində keçirilən elin igid oğullarının at yarışına tamaşaya, çaparların məharətini alqışlamağa çağırırdı. Düz on il əvvəl başlanan və artıq qədim yurd yerində bir ənənəyə çevrilən bu at yarışları indi Şabranda, sözün əsl mənasında, Novruz bayramının ayrılmaz bir atributuna çevrilib. Lap elə qədim dövrlərdə olduğu kimi.

Bu il keçirilən bayramın özəlliyi isə onda idi ki, yarışları izləyən qonaqlar arasında İsrail dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dan Stav da var idi. Qonaq çox böyük maraqla cıdır düzünün ətrafında milli geyimdə elimizin müxtəlif adət-ənənələrini, mətbəxini, məişətini nümayiş etdirən sakinlərə tamaşa edir, bayram mənzərələrini ard-arda mobil telefonundakı fotokameranın yaddaşına köçürürdü.

İlaxır çərşənbənin bayram tonqalının yandırılması elan edildi. Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov Çıraqqaladan endirilən odlu məşəli səfir Dan Stavla bərabər, meydanda çatılmış tonqala yaxınlaşdırıb onu alovlandırdılar. Alqışlar və “Bayramınız mübarək!” sədaları ətrafa yayıldı. At yarışının açılışına isə, ötən il keçirilən yarışın qalibi Mirxəlil Ağayev tərəfindən dövlət himnimizin sədaları altında Azərbaycan bayrağının qaldırılması ilə start verildi.

İcra hakimiyyəti başçısının müavini Fikrət Nuşiyev jurnalistlərlə söhbət zamanı bildirdi ki, qədim zamanlardan at igidlik və qəhrəmanlıq rəmzi sayılıb.Öz atı ilə öyünənlər hər zaman öz qüvvələrini cıdır meydanlarında sınağa çəkiblər. Qədim Şabranda da at yarışları keçirilib və bu yarışlar çox vaxt el bayramlarına təsadüf edib. XX əsrdə qəhrəmanlıq sınağına çevrilmiş bu yarışların keçirilməsi sanki bilərəkdən xalqın həyatından sıxışdırılıb. Biz 10-cu ildir bu yarışları keçiririk və güman edirəm ki, bundan sonra at yarışları Şabranın bayram tədbirlərindən biri kimi daim yaşayacaq.

F.Nuşiyev məlumat verdi ki,  yarışın bugünkü final mərhələsində birincilik uğrunda 20 çapar mübarizə aparır. Finalçılar 68 kəndi təmsil edən iştirakçılar arasından seçilib.

Əvvəlcə bütün iştirakçı çaparlar at üstündə əllərində Azərbaycanın üçrəngli bayrağı tamaşaçılar önündən keçdilər. Sonra yarışlar başlandı. Qara zurnanın “Cəngi” sədalarının müşayiəti ilə  altı mərhələdə keçirilən yarışda Anar Məstanovun “Göydəmir” ləqəbli atı qalib gəldi. Məmmədağa Eynalovun atı ikinci, Cəlil Qasımovun atı  isə yarışı üçüncü pillədə başa vurdu.

Sonda Şabran Rayon İcra Hakimiyyətinın başçısı Novruz Novruzov finişə birinci çatan Anar Məstanova yarışın kubokunu, fəxri fərman və qiymətli hədiyyə təqdim etdi. İkinci və üçüncü yerin sahibləri də fəxri fərmanlara və qiymətli hədiyyələrə layiq görüldülər. Şabranlılara bu bayramı yaşadan çaparların heç biri diqqətdən kənarda qalmadı və  bütün iştirakçılara həvəsləndirici mükafatlar verildi.

 Mərasimdə Novruz bayramının adət-ənənələri, milli mətbəximizin nümunələri nümayiş etdirildi və incəsənət ustalarının iştirakı ilə konsert proqramı təqdim olundu.

İlqar RÜSTƏMOV,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında