Azərbaycanın idman potensialı ildən-ilə güclənir. Son dövrlərdə bu sahədə ciddi irəliləyiş nəzərə çarpır. Hər il beynəlxalq yarışlarda yüzlərlə medal qazanılır. İdmançılarımız müxtəlif turnirlərdə yüksək nəticələr əldə edirlər. Bu isə onu göstərir ki, təmsilçilərimizin uğurları təsadüfi xarakter daşımır. Dövlətimizin başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva ölkənin idman imicinin yüksəlməsinə çalışırlar. Bunun nəticəsi olaraq idman artıq ictimai həyatın mühüm tərkib hissəsinə çevrilib.
Hazırda cəmiyyətimizdə idmançılara müsbət münasibət və böyük hörmət var. Bu gün paytaxtda və bölgələrdə müasir standartlara cavab verən Olimpiya idman komplekslərinin fəaliyyət göstərməsi gənclərə, yeniyetmələrə, eyni zamanda, idmançılara sözügedən sahə ilə bağlı yaradılan şəraitin parlaq nümunəsidir.
Son illər idmanda əldə edilən uğurlardan danışarkən, böyük qələbələrə imza atan şahmatçılarımızın fəaliyyətinə də toxunmaq istərdim. Onlar bu gün həm ölkə, həm də Avropa şahmat tarixinə yeni qızıl səhifə yazırlar. Şahmatçılarımızın tarixi nailiyyətləri heç də təsadüfi deyil. Bu idman növünün xalqımızın mədəniyyətində özünəməxsus yeri var. Azərbaycanda qədimdən bəri şahmata maraq göstərilib. Xalqın intellektual səviyyəsini nümayiş etdirən, ölkənin dünyada tanınmasında mü- hüm rol oynayan idman növü kimi şahmatın inkişafına isə 1970-ci illərdən etibarən dövlət səviyyəsində xüsusi diqqət yetirilib. Ulu öndər Heydər Əliyevin bilavasitə qayğısı ilə ayrı-ayrı şəhər və rayonlarda şahmat məktəbləri tikilib istifadəyə verilib. Bununla da Azərbaycan şahmat məktəbinin təməli qoyulub. Bu, daha çox gələcəyə hesablanmış addım idi. Çünki o vaxtdan çox keçmədi ki, şahmat məktəb və klublarına yeniyetmə və gənc istedadlar cəlb edildi, şahmata maraq artdı, bu idman növü get-gedə populyarlaşdı. Azərbaycan şahmatçıları həm keçmiş Sovet İttifaqı, həm də dünya miqyaslı turnirlərdə iştirak edib öz sözlərini deməyə başladılar. Lakin sovetlər dönəmində şahmatçılarımızın bütün potensialını üzə çıxarmaq mümkün deyildi. Buna baxmayaraq, şahmat inkişaf edir, yeni-yeni şahmatçı nəsilləri yetişirdi.
Müstəqilliyimizin bərpasının ilk illərində hökm sürən mürəkkəb ictimaisiyasi şərait və dərin iqtisadi böhran bütün sahələrə, o cümlədən idmana təsirsiz ötüşmədi. Bununla belə, hələ sovet dövründə yetişmiş şahmatçılar sayəsində Azərbaycan dünya miqyaslı turnirlərdə təmsil olunmağa başladı. Məsələn, 1992-ci ildə qızlardan ibarət yığma komandamız ilk dəfə Dünya Şahmat Olimpiadasına (Manila, Filippin) qatılaraq 67 komanda arasında 7-ci yeri tutdu. 1993-cü ildə isə həmin komanda Avropa çempionatında (Debretsen, Macarıstan) bürünc medal qazandı.
Daxili ictimai-siyasi sabitlik bərqərar edildikdən və ölkə sabit inkişaf yoluna qədəm qoyduqdan sonra şahmatın inki- şafında yeni mərhələ başlandı. 1990-cı illərin əvvəllərində bərbad vəziyyətə düşmüş şahmat infrastrukturunun bərpası istiqamətində ardıcıl səylər göstərildi, yeni şahmat məktəbləri açıldı.
Ötən müddətdə şahmatın inkişafını təmin etmək üçün qanunvericilik bazası yaradılıb. Azərbaycanda bu sahənin inkişafı ilə bağlı Dövlət Proqramı təsdiq edildi. Əsas məqsəd şahmatın və onun infrastrukturunu daha da inkişaf etdirmək, beynəlxalq səviyyəli şahmat- çıların, məşqçilərin, hakimlərin və digər mütəxəssislərin hazırlanmasını reallaşdırmaqla ölkəmizin şahmat üzrə beynəlxalq miqyasda rolunu artırmaq idi.
Şahmatçılarımızın beynəlxalq turnirlərdə göstərdikləri uğurlu nəticələr, Azərbaycanın şahmat ölkəsi kimi getdikcə özünü təsdiq etməsi bir vətəndaş kimi məni hər zaman qürurlandırıb. Məhz 2012-ci ildə şahmatla bağlı etdiyim ixtira da bu fərəhin bariz ifadəsidir. Yeri gəlmişkən, Ali Baş Komandanı tərənnüm edən, intellektual zəka idmanının inkişafını göstərən bu ixtira Azərbaycan Şahmat Federasiyasının 26 fevral 2013-cü il tarixli, 26/39 AŞF saylı qərarı ilə müsbət rəy alıb. Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi tərəfindən isə həmin rəyə əsasən, ixtiraya 7499 nömrəli müəllif hüququ şəhadətnaməsi verilib.
İxtirada ordumuzun hərbi arsenalını əks etdirən döyüş texnikalarının adları verilən fiqurlar helikopterlər, tanklar, qırıcı təyyarələr, radarlar (havadan mühafizə qurğuları), qanadlı raketlər hazırda Azərbaycan reallığını əks etdirir. Başqa sözlə, mövcud gerçəklik-- möhtərəm İlham Əliyevin ordu quruculuğu ilə bağlı həyata keçirdiyi mühüm tədbirlər bu gün düşmənə sarsıdıcı zərbə vurmağa imkan verir. Bunu müdafiə məqsədilə ayrılan hərbi xərclərin ildən-ilə artması, eləcə də ölkədə hərbi təyinatlı məhsulların istehsalı- nı həyata keçirən sənaye müəssisələrinin yaradılması da aydın göstərir. Azərbaycan müxtəlif xarici ölkələrdən müasir hərbi texnikalar alır, ordunun arsenalında olan bir sıra texnikanın modernləşdirilməsini həyata keçirir. Əvvəllər xaricdən alınan bəzi hərbi texnika və döyüş sursatları artıq Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrdə istehsal olunur. Dövlətimizin yerli istehsal hesabına müasir hərbi ləvazimatlara və döyüş sursatlarına yiyələnməsi Ermənistan qarşısında üstünlüyümüzü daha da artırır.
Sonda onu da deyim ki, tətbiq edilən fiqurların gedişləri hərbi texnikaların imkanları ilə yanaşı, riyazi hesablamalarla da müəyyənləşdirilib. Eyni zamanda, oyun zamanı Ali Baş Komandanın mühafizə olunması ilə bərabər, onun ətrafında mükəmməl birləşmə öz geniş ifadəsini tapıb.
Nizami ƏFƏNDİYEV,
Ağstafa rayon sakini,
“Şahanə” hərbi intellektual oyununun ixtiraçısı
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.