Əvvəlcə qısa bir arayış: Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi 1992-ci il yanvarın 14-də təsis edilmiş və martın 10-da Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçmişdir. Elə həmin il noyabrın 2-də Avropa, 1993-cü il sentyabrın 23-də isə Beynəlxalq Olimpiya Komitəsinə üzv qəbul olunmuşdur.
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin yaradılmasının 25 illik yubileyi haqqında” 2 mart 2017-ci il tarixli sərəncamında qeyd olunduğu kimi, Milli Olimpiya Komitəsi təsis olunduğu vaxtdan etibarən ölkədə idmanın ahəngdar inkişafı üçün var qüvvəsini səfərbər etmiş və Olimpiya ideallarının bərqərar olması naminə məqsədyönlü fəaliyyət göstərmişdir. Ötən müddət ərzində Azərbaycanın öz potensialını ildən-ilə daha geniş miqyasda nümayiş etdirərək idman şöhrətinin yüksəldilməsində və respublikada idmanın maddi-texniki bazasının müasir standartlara uyğun qurulmasına yönəlmiş təşəbbüslərin uğurla gerçəkləşdirilməsində, həmçinin Bakı Olimpiya Stadionunun, Gimnastika Arenasının, Su İdmanı Mərkəzinin, bir sıra ixtisaslaşdırılmış idman qurğularının və respublika üzrə 40-dan çox Olimpiya idman kompleksinin tikilib istifadəyə verilməsində Milli Olimpiya Komitəsinin mühüm xidmətləri vardır.
Bu il ölkəmizdə 25 illik yubileyi geniş qeyd olunacaq. Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi çətin sınaqlardan böyük şöhrətə aparan, tarixi nailiyyətlər və medallarla zəngin bir yol keçərək nümunəvi fəaliyyəti, ümumdünya Olimpiya Hərəkatına verdiyi töhfələrlə beynəlxalq idman dairələrində yüksək nüfuz sahibi olmuşdur.
İndi, 2017-ci ilin mart ayında geriyə boylanıb 25 il ərzində keçilmiş yola nəzər saldıqda, həqiqətən, respublikamızın Olimpiya Hərəkatında, bütünlükdə idmanımızda baş vermiş möhtəşəm hadisələrlə, Azərbaycanın dünyada qüdrətli bir idman ölkəsi kimi tanınması ilə haqlı olaraq qürur duyur, əsl iftixar hissi keçiririk. Bu gün Azərbaycanın 200-dən çox ölkəni öz bayrağı altında birləşdirən Beynəlxalq Olimpiya Komitəsinin fəaliyyətində mühüm rol oynaması dünyanın hər yerində yekdilliklə etiraf olunur, rəğbətlə qarşılanır, müxtəlif federasiyalar Azərbaycanda idmanın inkişafına verilən əhəmiyyəti yüksək qiymətləndirir, öz yarışlarının təşkili hüququnu tərəddüd etmədən ölkəmizə etibar edirlər. Çünki artıq hamı yaxşı bilir ki, Azərbaycanın müasir idman qurğularında yüksək səviyyədə təşkil edilən yarışlar bütün tələblərə və hər cür zövqə tam cavab verəcək, həmişəlik xoş xatirələrə çevriləcək.
Yüksək nailiyyətlərinin, beynəlxalq Olimpiya Hərəkatına verdiyi layiqli töfhələrin artıq heç kimdə şübhə doğurmadığı Azərbaycan Milli Olimpiya Komitəsinin fəaliyyətində böyük dəyişikliklər isə onun yaradılmasının beşinci ilindən sonra başlamışdır. İdmanımızın indiki nəslinin bir çox nümayəndəsi, o cümlədən məşhur çempionlar, görkəmli mütəxəssislər 1997-ci il iyulun 31-ni unutmayıblar. Həmin gün Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin iclasında Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti İlham Əliyev MOK prezidenti seçilmiş və elə o vaxtdan böyük uğurların təməli qoyulmuşdur.
Bu gün paytaxt Bakı ilə yanaşı, ölkəmizin bütün bölgələrində əsl idman bayramı ab-havası yaşanır, respublikamızın müxtəlif guşələrində idman hamının və hər birimizin sadiq dostuna çevrilmiş, yaraşıqlı Olimpiya idman komplekslərində keçirilən təkcə beynəlxalq yarışlar yox, həm də respublika, şəhər, rayon çempionat və birincilikləri çoxlu tamaşaçı auditoriyası toplayır.
Azərbaycan idmanı son iyirmi il ərzində müstəqil komanda şəklində təmsil olunduğu Yay Olimpiya Oyunlarında böyük qələbə və medalları ilə geniş şöhrət qazanmışdır. Hələ 1996-cı ildə Azərbaycan Prezidenti Heydər Əliyevin Zuğulbadakı gənclik kompleksində ən yaxşı idmançılarımızın Atlantaya (ABŞ) XXVI Olimpiya Oyunlarına yolasalma mərasimində xeyir-dua verdiyi nümayəndə heyəti okeanın o tayından sərbəst güləş ustası Namiq Abdullayevin qazandığı gümüş medalla qayıtdı və bununla da müstəqil Azərbaycan Respublikası idmançıları vahid komanda kimi çıxış etdikləri elə ilk Olimpiadada mükafatlarının hesabını açdılar.
Belə uğurlu başlanğıc növbəti oyunlarda yeni-yeni nailiyyətlər üçün bir növ təməl daşı oldu. Dörd il sonra Azərbaycanın idman ictimaiyyəti uzaq Avstraliyanın Sidney şəhərindən 2 qızıl (N. Abdullayev və stend atıcısı Zemfira Meftahəddinova) və bir bürünc (boksçu Vüqar Ələkbərov) medalla qayıdan nümayəndə heyətimizi böyük təntənə, gül-çiçəklə qarşıladı. Müasir Olimpiya Oyunlarının vətəni Yunanıstanın baş şəhəri Afinada (2004-cü il) həmvətənlərimiz artıq beş dəfə fəxri kürsüyə dəvət olundular. Fərid Mansurov yunan-Roma güləşində çempionluğu ilə aləmə səs saldı, həmin il Z. Meftahəddinova, güllə atıcısı İradə Aşumova, rinq ustaları Ağası Məmmədov və Fuad Aslanov bürünc medalları ilə idmanımızın saysız-hesabsız pərəstişkarlarını ürəkdən sevindirdilər.
Çin Xalq Respublikasının paytaxtı Pekində keçirilən (2008-ci il) XXIX Olimpiya Oyunlarını da razılıq hissi ilə xatırlayırıq: cüdoçu Elnur Məmmədli ölkəmizə çempionluq sevinci gətirdi, yunan-Roma üsulu ilə güləşənlər Rövşən Bayramov və Vitali Rəhimov fəxri kürsünün ikinci pilləsində təbrikləri qəbul etdilər. Sərbəst güləşdə Xetaq Qazyumov, Mariya Stadnik, boksçuların turnirində Şahin İmranov, cüdo sınaqlarında fərqlənən daha bir tatami ustası Mövlud Mirəliyev Oyunların bürünc mükafatçıları oldular. Pekində qazanılan 7 medal-1 qızıl, 2 gümüş və 4 bürünc mükafat ümumi hesabda Azərbaycan komandasını 204 ölkə arasında 39-cu mövqeyə yüksəltdi və bu, çox böyük nailiyyət idi.
Xüsusilə diqqətəlayiq haldır ki, Azərbaycan idmanının ən yaxşı nümayəndələri Olimpiya Oyunlarında qazandıqları uğurlarla heç vaxt kifayətlənmir, müntəzəm və gərgin məşqlər sayəsində olimpiadadan-olimpiadaya daha çox medalın sevincini yaşayırlar. Londonda XXX Yay Olimpiya Oyunları bunu bir daha təsdiq etdi. İngiltərə paytaxtında təmsilçilərimizə təqdim olunan 10 medal–sərbəst güləş ustaları Toğrul Əsgərovla Şərif Şərifovun qızıl, digər güləşçilər R. Bayramovla M.Stadnikin gümüş, Emin Əhmədovun (“klassik” güləş), Teymur Məmmədovla Məhəmmədrəsul Məcidovun (hər ikisi boks), ağırlıqqaldıran Valentin Xristovun, yenə güləşçilər X.Qazyumov və Yuliya Ratkeviçin bürünc mükafatları idmanımızın böyük imkan və perspektivlərini bütün dünyaya sübut etdi.
Ötən il isə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarının göstərdikləri nəticə hətta bizim özümüz üçün də bir qədər gözlənilməz oldu. Buna qədər Atlanta, Sidney, Afina, Pekin və London olimpiadalarında üst-üstə qazanılan 26 medala Rio sahillərində birdən-birə daha 18 mükafat əlavə olundu, ölkəmizin milli sərvətinə çevrilən Olimpiya medallarımızın sayı 44-ə çatdı.
Əgər Azərbaycan idmançılarının 1992-ci ildə İspaniyanın Barselona şəhərində keçirilmiş XXV Olimpiadada Müstəqil Dövlətlər Birliyinin komandası heyətində qazandıqları 2qızıl və 1 bürünc medalı da buraya əlavə etsək, dövlət müstəqilliyimizin bərpasından sonra olimpiyaçılarımıza təqdim olunmuş medalların ümumi sayı 47-dir. Xatırladaq ki, Barselona-92-də cüdoçü Nazim Hüseynov və idman gimnastikası ustası Valeri Belenki çempion olmuşlar, sonuncu həm də bürünc medal qazanmışdır.
Rio-de-Janeyro–2016 startları xatirələrdə hələ təzə olsa da, onların azərbaycanlı qalibləri, 1 qızıl, 7 gümüş və 10 bürünc mükafatın sahiblərini bir daha yada salaq: taekvondoçu çempion Radik İsayev, gümüş medalçılar Rüstəm Orucov, Elmar Qasımov ( hər ikisi cüdo), güləşçilər T. Əsgərov, X. Qazyumov və M. Stadnik, avarçəkən Valentin Demyanenko və boksçu Lorenso Sotomayor, bürünc mükafatçılar güləş ustaları Hacı Əliyev, Cəbrayıl Həsənov, Şərif Şərifov, Rəsul Çunayev, Sabah Şəriəti, Nataliya Sinişin, boksçu Kamran Şahsuvarlı, taekvondoçular Patimat Abakarova, Milad Beiqi Hərçəqani və avarçəkən İnna Osipenko-Radomskaya.
Bu qəhrəmanların böyük nailiyyətləri XXXI Yay Olimpiya Oyunlarında Azərbaycanı medalların sayına görə dünyada 15-ci, Avropada 7-ci, İslam ölkələri arasında 1-ci, MDB dövlətləri arasında 2-ci yerə çıxardı və dünya 56 idmançıya 18 medal qazanan (demək olar ki, hər üç nəfərə bir mükafat) Azərbaycan idmanının Olimpiya rekorduna heyran qaldı.
Müstəqil Azərbaycan Respublikasının Olimpiya Hərəkatı tarixində iki ali mükafat da vardır. Bu əlamətdar günlərdə onları da xatırlamaq çox yerinə düşər. 1997-ci il iyulun 31-də cənab İlham Əliyevin MOK-a rəhbər seçilməsindən bir neçə ay sonra respublikamızda idmanın inkişafına gündəlik qayğısı və diqqəti ilə böyük təkan vermiş və bu gün Azərbaycanın ümumdünya olimpiyaçılar ailəsində layiqli yer tutmasında müstəsna rol oynamış Azərbaycan Prezidenti Heydər Əliyev Milli Olimpiya Komitələri Assosiasiyasının İslandiyanın paytaxtı Reykyavik şəhərində keçirilmiş baş məclisində “Olimpiya ləyaqəti” mükafatı ilə təltif olundu. Olimpiya Hərəkatı və idman sahəsində böyük xidmətlərinə görə görkəmli şəxsiyyətlərə verilən bu mükafat öz layiqli sahibini tapmışdı. Ümummilli lider Azərbaycana rəhbərlik etdiyi uzun illər ərzində respublikamızda idmanın inkişafını daim diqqətdə saxlamış, idmançılara hərtərəfli kömək göstərmişdir.
Bundan yeddi il sonra, 2004-cü ildə Azərbaycana “Olimpiya ordeni” də gətirildi. Özü də bu tarixi hadisə Afinada XXVIII Yay Olimpiya Oyunları ilinə təsadüf etdi. Yunanıstan paytaxtında Olimpiadanın başlanmasına hələ xeyli qalmış, mart ayında Beynəlxalq Olimpiya Komitəsi Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevi “Olimpiya ordeni”nə layiq görmüşdü.
Aprel ayında isə Beynəlxalq Olimpiya Komitəsinin vitse-prezidenti Vitali Smirnov Bakıda MOK-un ali mükafatını Azərbaycan dövlətinin başçısına təqdim edərkən İlham Əliyevin idmanın inkişafında böyük xidmətlərini bir daha xüsusi qeyd etdi.
Bax belə, bu gün bütün Azərbaycan dövlət müstəqilliyimiz dövründə Milli Olimpiya Komitəsinin fəaliyyətinin 25 ili ərzində qazanılmış 47 Olimpiya medalı ilə yanaşı, həm də “Olimpiya ləyaqəti” mükafatı və “Olimpiya ordeni” ilə fəxr edir. Azərbaycanda Olimpiya Hərəkatının, idmanın inkişafı böyük dövlət qayğısı ilə əhatə olunmuşdur, estafet etibarlı əllərdədir.
Azərbaycan Milli Olimpiya Komitəsi 25 illik fəaliyyəti, dövründə bütün idman təşkilatlarımızla birlikdə, vahid komanda şəklində ölkə idmanının inkişafına layiqli töfhələr verərkən 40-dan çox Olimpiya idman kompleksi inşa olunmuş, bir-birindən yaraşıqlı idman sarayları ucaldılmış, köhnələr yenilənmiş, gözəl görkəmə gətirilmişdir. Bu gün Bakı Olimpiya Stadionu, Heydər Əliyev adına İdman Sarayı, Milli Gimnastika Arenası, Atıcılıq Mərkəzi, “Kristal zal”, Bakı İdman Sarayı və digər qurğular mötəbər yarışların iştirakçılarını ən yüksək səviyyədə qəbul edir, onlara unudulmaz təəssürat bəxş edir.
Milli Olimpiya Komitəsinin səmərəli fəaliyyəti, daimi diqqət və qayğısı nəticəsində Azərbaycan idmançıları təkcə Yay Olimpiya Oyunlarında deyil, Paralimpiya hərəkatında, Yeniyetmələrin Olimpiya Oyunlarında və Avropa Olimpiya həftələrində, müxtəlif növlər üzrə dünya və Avropa çempionatlarında ölkəmizi ləyaqətlə təmsil edir, inamlı addımlarla irəliləyir və idman tariximizə parlaq səhifələr yazırlar.
Əgər kimsə böyük beynəlxalq yarışların təşkili hüququnun etibar olunduğu ölkələri sadalamaq istəsə, yəqin ki, Azərbaycanın adını birincilər sırasında çəkər. Təkcə son illərin hadisələrini xatırlayaq: qitəmizin idman hərəkatında yeni səhifə açan “Bakı-2015” birinci Avropa Oyunları, ötən il keçirilmiş Formula-1 “Qran-pri”sinin Bakı mərhələsi, 42-ci Ümumdünya Şahmat Olimpiadası...
İndi isə republikamız IV İslam Həmrəyliyi Oyunları ərəfəsindədir. Müsəlman aləminin –50-dən çox ölkə atletlərinin böyük bayramına çevriləcək bu yarışlar da Azərbaycan dövlətinin, idmanımızın böyük imkanlarının və qüdrətinin növbəti zəfər marşına çevriləcək, dünya bir daha əmin olacaq ki, ölkəmiz hər bir etimadı şərəflə doğruldur.
İslam Həmrəyliyi Oyunları başa çatdıqdan sonra hamımız voleybol həyəcanları ilə yaşayacağıq. İdmanın bu növü üzrə qitə federasiyası qadınlardan ibarət milli komandalar arasında növbəti Avropa çempionatının təşkili hüququnu Azərbaycan və Gürcüstana həvalə etmişdir. Qarşıdakı sentyabrda Bakıda ilk dəfə olaraq bu çox populyar idman növü üzrə qitə çempionatının oyunları keçiriləcək. Şübhəsiz, çempionatda hər bir görüş voleybol pərəstişkarlarımıza böyük zövq verəcək. Əgər 2020-ci ildə Avropa futbol çempionatının dörd oyununun paytaxtımızda təşkil olunacağını da qeyd etməli olsaq, həqiqətən, Avropa Oyunlarının ilk paytaxtı Bakıda və eləcə də bütün Azərbaycanda böyük beynəlxalq yarışlar həyatı bir an belə dayanmır.
Azərbaycan Milli Olimpiya Komitəsinin fəaliyyətə başlamasının 25 ili tamam olur. Bir neçə aydan sonra, iyulun 31-də isə dövlətimizin və idmanımızın lideri cənab İlham Əliyevin MOK prezidenti seçilməsinin 20-ci ildönümünü qeyd edəcəyik. Qarşıda Azərbaycan idmanını, Olimpiya Hərəkatımızı hələ neçə-neçə qələbə və rekordlar gözləyir.
Oqtay BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.