Gənclik, gözəllik, sağlamlıq və gümrahlıq bayramı

5 Mart Bədən Tərbiyəsi və İdman Günüdür

Bu gün Azərbaycanın idman ictimaiyyəti növbəti bayram əhval-ruhiyyəsi ilə yaşayır. Ölkəmizin müxtəlif şəhər və rayonlarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 mart 2005-ci il tarixli sərəncamı ilə təsis edilmiş 5 Mart–Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş yarışlar, dostluq turnirləri, yoldaşlıq görüşləri keçirilir.

Onların bütün iştirakçıları Azərbaycan idmanının inkişafına, uşaq, yeniyetmə və gənclərin fiziki hazırlığına göstərilən daimi dövlət qayğısı sayəsində böyük həvəslə starta çıxaraq həm özlərinin idman bacarığını yoxlayır, həm də sağlamlıq və gümrahlıq məşğələlərindən yaxşı fayda götürürlər.

Xalqımızın ümummilli lideri Heydər Əliyev hələ 2002-ci ilin noyabrında Şəki Olimpiya İdman Kompleksinin açılış mərasimində demişdir: “İdman, eyni zamanda, həqiqətən, hər xalqın, millətin başqa xalqlar içərisində şöhrətini yüksəldən sahələrdən biridir. İstəyirik ki, bizi hər yerdə tanısınlar. Hər yerdə bilsinlər ki, Azərbacan nəyə qadirdir və nədən ibarətdir”.

Azərbaycan idmançıları ulu öndərin bu arzusunu böyük müvəffəqiyyətlə, ona dərin minnətdarlıq hissi ilə həyata keçirir və dövlətin onların məşq və yarışlarda iştirakı üçün yaratdığı zəruri şəraitə böyük qələbələrlə cavab verməyi özlərinə borc bilirlər.

Bu barədə danışarkən çox da uzağa getməyib ötən ilin yayında Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş XXXI Yay Olimpiya Oyunlarını xatırlamaq yəqin ki, kifayət edər. Olimpiada–2016 Azərbaycan idmançıları üçün onların Yay Olimpiya Oyunlarında iştirakı müddətində rekord nəticə ilə əlamətdar oldu. Təmsilçilərimiz Braziliya startlarında bütün Azərbaycanın ürəyindən olan tarixi nailiyyət qazandılar, xalqımıza nə az-nə də çox, 18 medalın sevincini yaşatdılar. Güləş, cüdo, boks, taekvondo, avarçəkmə ustalarımızın qazandıqları 1 qızıl, 7 gümüş və 10 bürünc mükafat onların yüksək hazırlıq səviyyəsinin, yenilməz qələbə əzminin bəhrəsi idi.

İdmanımız üçün belə bir xoş gündə il ərzində qazanılmış nailiyyətlərə görə qürur hissi keçiririk. Bir il əvvəlki bayramımızdan ötən müddətdə respublikamızda təşkil edilən böyük yarışlar, xüsusən də Formula 1 “Qran-pri”sinin Bakı mərhələsi, 42-ci Ümumdünya Şahmat Olimpiadası da Azərbaycan dövlətinin və idmanının tarixinə unudulmaz hadisələr kimi daxil olmuşdur. İstər sürət ustalarının yürüşü, istərsə də qədim və müdrik oyun qrossmeysterlərinin görüşləri paytaxtımızla yanaşı, bütün ölkədə hədsiz maraqla qarşılandı, onların yüksək səviyyədə təşkili dünyada geniş əks-səda doğurdu.

Qarşıdan isə IV İslam Həmrəyliyi Oyunları gəlir. İslamiadaya görülən hərtərəfli hazırlıq işləri belə bir qənaətə gəlməyə ciddi əsas verir ki, “Bakı–2015” birinci Avropa Oyunları, Formula 1, Şahmat Olimpiadası kimi İslam Həmrəyliyi Oyunları da Azərbaycanda idmanın inkişafına böyük qayğının daha bir parlaq təzahürünə, dövlətimizin qüdrətinin növbəti təntənəsinə çevriləcək.

Azərbaycan bədən tərbiyəçiləri və idmançılarının bugünkü bayramı ərəfəsində idman ictimaiyyətimiz yeni qələbələrin sevincini yaşamışdır. Sərbəst güləş ustalarımızın Tehranda Dünya Kuboku turnirində ABŞ, Rusiya, Gürcüstan, İran, Türkiyə, Hindistan və Monqolustan komandaları ilə kəskin rəqabətdə qazandıqları bürünc mükafat onların və güləşin digər növləri nümayəndələrinin, “klassiklərin”, qadın güləşçilərin 2016-cı ildə beynəlxalq meydanda üst-üstə qazandıqları 255 medalın–62 qızıl, 61 gümüş və 132 bürünc medalın layiqli sahibləri olduqlarını təsdiq etdi. Riodan gətirilən 18 medaldan yarısının (3 gümüş, 6 bürünc) güləşçilərin payına düşməsi də çox şeydən xəbər verir. Taekvondoda Radik İsayevin çempionluğu ilə olimpiadalarda qızıl medal qazandığımız növlərin sayı da artdı.

Bakı Olimpiya Stadionunda IV İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasiminə cəmi 68 gün qalır. Müsəlman ölkələrinin ən yaxşı idmançılarının Azərbaycan paytaxtında medallar uğrunda gərgin və güzəştsiz mübarizəyə hazırlığı həlledici mərhələyə qədəm qoymuşdur.

Əlbəttə, qarşıdakı yarışların ev sahibləri Azərbaycan idmançıları da Oyunları tam hazırlıqla qarşılamaq üçün gərgin məşqlərə bir an belə ara vermirlər. Onların hamısı–cüdoçu Olimpiya mükafatçıları Rüstəm Orucov, Elmar Qasımov, bədii gimnastika ustası, birinci Avropa Oyunlarının gümüş medalının sahibi Marina Durunda, boksçular, güləşçilər, karateçilər və digər növlərin nümayəndələri bu günlər jurnalistlərə  müsahibələrində IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi ilə fəxr etdiklərini, startlarda ölkəmizi ən yüksək səviyyədə təmsil etməyə can atacaqlarını bildirirlər.

Hələlik isə bu gün onların və dostlarının, hamının bayramıdır. Bayramınız mübarək, Azərbaycan idmançıları!

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında